Yaşasaydı deməyin…

 

 

 

Adətən, haqq dünyasında olan kimisə xatırlayanda sözə belə başlayırlar ki, yaşasaydı…

Lakin xoş əməlləri, şirin xatirəsi yaşayan şəxs üçün necə deyəsən ki, yaşasaydı? Bu söz onlara, xüsusilə də görünüşü, səsi lent yazılarına həkk olunmuş sənət adamlarına heç yaraşmır axı… Kino aktyorlarına da xüsusən!.. Bilirsən ki, özü deyil, rola girib, başqalaşıb obraz yaradıb. Bilirsən ki, gördüyün kinodur, film başa çatanda istehsal olunduğu tarix yazılacaq. Amma, yenə də amma. Yenə də dilin dönür, deyirsən ki, filankəs yaşasaydı, filan yaşı tamam olacaqdı.

Həsən Turabov da bu il 80 yaşına çatdı. Əslində, 80 yaşı təqvimlə 24 martda tamam olmuşdu, bu günlərdə isə (15 noyabr) təntənəli yubiley mərasimi gerçəkləşdi.

Biz görkəmli aktyorun bu yaşına onsuz gəlib yetişdik. Onu təkcə həyatda  tanıyanların yox, səhnədən, ekrandan tanıyıb sevənlərin də öz Həsən Turabovu var idi.

Birimiz  üçün o, əbədi olaraq Kamran (“Unuda bilmirəm”), o birimiz üçün Gəray bəy (“Yeddi oğul istərəm”), başqa birimiz üçün Hamlet (“Hamlet”), kimlər üçün isə Nicat (“Mahnı dağlarda qaldı”), Qiyas (“Şəhərin yay günləri”), Kəbirlinski (“Dantenin yubileyi”), Həsən müəllim (“Bəyin oğurlanması”) idi… Bu siyahını görkəmli aktyorun istər teatrda, istərsə də kinoda yaratdığı obrazların sayı qədər uzatmaq olar. Amma siyahını uzatmağa nə ehtiyac? Onsuz da sizə öz tanıdığım Həsən Turabovu tanıtmaq istəyirəm.

Yaşım, tamaşaçı stajım imkan vermir ki, onun Hamletindən, İsgəndərindən bəhs edim, yaxud Gəray bəyə kütləvi tamaşaçı heyranlığının, nifrətinin təəssüratını bölüşüm. Amma nə xoş mənə ki, Həsən Turabovu şəxsən tanımaq qismət oldu, onu həyatının nizamı pozulmamış günlərində də, oğul dərdindən içini yediyi günlərində də yaxından gördüm. Hə, bir də xatirələrdən - onu uzun illər yaxından tanımaq xoşbəxtliyini yaşamış sənət adamlarının xatirələrindən sızan cizgilərlə dolğunlaşan Həsən müəllim obrazı var yaddaşımda.

 

İraddan nəticə çıxaran cavan oğlan…

 

Həsən Turabov aktyorluqdan daha əvvəl səsi ilə tanınıb. Təzə yaranan milli televiziyada, respublika radiosunda çalışan sənət sərrafları çox sakit, içindən boy göstərməyə cəhd etməyən bir cavan oğlanı hələ tələbə ikən büllur saflığında dolğun səsinə görə bədii qiraət proqramlarına dəvət edirlər. Belə proqramların birində o, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini oxuyur. Həmin təsirli çıxışın ertəsi günü görkəmli aktyor Ələsgər Ələkbərov teatrda onu görəndə deyir:

- O şeir deyən oğlan sən idin?

- Mən idim, - deyə Həsən Turabov müqtədir aktyordan yəqin ki tərif eşitmək ümidi ilə dillənir.

- Çox pis! Elə bildim ki, Əli Zeynalovdur şeiri deyən.

Ələsgər Ələkbərov bu fikri nə gənc aktyoru pərt etmək üçün demişdi, nə də Əli Zeynalovun bədii qiraət qabiliyyətini aşağılamaq üçün. Sözünü kəsə demişdi ki, gənc oğlan təsir altından tez çıxsın, öz yolunu tapsın. Elə bir istedadın sahibi şəksiz ki, gec-tez öz yolunu tapacaqdı, sadəcə, Ələsgər Ələkbərov kimi nəhəngin təpkisi bunu mümkün qədər tez tapmağın xeyrini anlatdı...

Görkəmli rejissor, Xalq artisti Vaqif Əsədov əziz dostu barədə xatirəni mənimlə bölüşəndə düşünürəm ki, görəsən, bu günün tələbə aktyorlarına iradı bu cür bildirsən, necə reaksiya verərlər?

 

İstedadının memarına rast gələn aktyor

 

Belə baxanda boy-buxun, yaraşıq baxımından Həsən Turabov o qədər də qamətli deyildi. Onun bütün görkəminə canlılıq gətirən iri badamı formalı, qonur rəngli gözlərinin ifadəsi də teatr üçün öndə olan cəhət deyildi. Teatr qabariti, ifadəli hərəkətləri, uca səsi sevir ki, 300-500 nəfərlik salonun axırıncı cərgəsində oturan da aktyorun pıçıltısını eşitsin, obrazda olduğunun fərqinə varsın. Bəli, Turabovun yumşaq olmasa da, cingiltisi qulaq cırmaqlamayan yüksək tembrli, qalın səsi var idi. Bəxti onda gətirdi ki, Akademik Milli Dram Teatrında çalışan bir neçə digər aktyor kimi o da istedadının memarına rast gəldi: böyük rejissor Tofiq Kazımov! Gənc aktyorun tamaşaçını cəlb edə biləcək xarizmasını, daxilindəki potensialı o gördü, inandı və… ötən əsrin 60-70-ci illərinin təkrarsız sənət ulduzu parladı. Həsən Turabovun səhnəyə gəlişi ilə teatrda daha gənc aktyorların baş rollarda çıxış etməsi mərhələsi də başladı.

 

Kəbirlinski ilə Kabiriyanın oxşarlığı

 

Yaraşıq demişkən, Həsən Turabovun gözlərində qəribə dərinlik var idi. Bu dərinlik tamaşaçının diqqətini maqnit kimi özünə çəkə bilirdi. Milyonların bunun fərqində olmasından ötrü isə ekran gərək idi. O, böyük ekranda da, televiziya tamaşalarında da çox obraz yaratdı. Həm də onun kino fəaliyyətindən söz düşəndə bir-birindən bipolyar fərqlilikdə iki obrazın adını çəkirlər: Gəray bəy, bir də Həsən müəllim. Ta demirlər ki, bu iki rolun arasındakı dövrdə Həsən Turabov bir şedevr də yaradıb: “Dantenin yubileyi”ndəki qocaman teatr fədaisi Feyzulla Kəbirlinski obrazı!.. Bir anlığa Elmlər Akademiyasındakı yubiley mərasiminin çoxdan olduğunu biləndən sonra xanımının yanınca pərt addımlayan qoca kişinin baxışlarını gözünüzün qarşısına gətirin... Aktyorun baxışlarındakı məzlumluq ekrandan belə adama pərtliyin göynərtisini ötürür... Eynilə Fellininin “Kabiriyanın gecələri”ndəki son epizodda adi qadın həyatı sürmək çabaları boşa çıxmış baş qəhrəmanın üzüntüsünü baxışları ilə çatdıran Cülyetta Mazini kimi... İndi deyə bilərsiniz ki, Kabiriyanın halı hara, Kəbirlinskinin durumu hara... Çözüb dərinə gedəndə görürsən ki, elə bütün aldanışların, bütün pərtliklərin kökü eynidir. 

 

Həsənağa və Həsən ağa

 

Həsən (Həsənağa) Turabov “Azdrama”ya gələndə bu kollektivdə bir Həsənağa da var idi. Həsənağa Salayev. Artıq çox məşhur, sevilən bir aktyor. Adını çəkəndə çaşqınlıq yaranmasın deyə, cavan Həsənağanın adındakı ağanı ixtisara saldılar. Afişalarda da adını Həsən yazdılar, televiziya, radio verilişlərində də onu Həsən Turabov kimi təqdim etdilər. İllər ötdü, Turabov öz şəxsiyyəti ilə elə bir nüfuz qazandı ki, adını nəinki çalışdığı, sonradan ilk və son seçilmiş direktor kimi 14 il rəhbərlik edəcəyi teatrda, sədri olduğu Teatr Xadimləri İttifaqında, ona sadiq dost-tanış içində Həsən ağa kimi çağırmağa başladılar. Əslində, ağayanalıq onun davranışında, baxışında, səhnədən kənarda heç zaman uca səslə danışmamaq şakərində, bacardığını işçilərindən, dostlarından əsirgəməməkdə, bəzən hətta hansısa aktyorun içkili olduğu üçün cərimə meydançasında saxlanılan avtomobilindən ötrü lazım olan ünvana öz ayağı ilə getməkdən ərinməmək böyüklüyündə idi. Özünüz deyil, qapınızı döyən kişinin səhnəmizin İsgəndəri, kinomuzun Gəray bəyi olduğunu görsəniz, xahişini yerə salarsınız?..

 

Bənzərəm bir qocaman dağa…

 

12 mart 1997-ci il. Milli Teatr Gününün (10 mart) təbrikləri hələ köhnəlməyib. Hər tərəfdə Novruz ovqatı duyulur. Ölkənin bütün teatrlarında bayram tədbirlərinə hazırlıq gedir. Novruzdan savayı, martın 27-si Beynəlxalq Teatr Günüdür, 24-ü də Həsən Turabovun doğum günü. 59 yaşı tamam olacaq. Yəqin budəfəki doğum günündə də xeyli təbrik alacaq, geri qanrılıb yaşadığı illərə nəzər salacaq. Görəcək ki, hələ məktəbli ikən aşiq olduğu, ilk və son məhəbbəti Solmaz xanım da yanındadır, canından artıq sevdiyi balaları Daşqın, Yalçın, Sevinc də, nəvələri də.

Doğum gününə elə 12 gün qalmış, martın 12-də bu xoş düşüncələrin sırası qəfil qırılan inci boyunbağı kimi qırıldı. Siyəzəndə polis zabiti işləyən Daşqın iş başında cinayətkar gülləsinə tuş gəldi. Ailənin böyük oğluna, atasının cavanlığını təkcə zahiri oxşarlığı ilə yox, həm də təmkini, xəfif təbəssümü ilə xatırladan Daşqına dəyən güllə bütün ailəni yaraladı…

Xain güllənin törətdiyi olay Həsən müəllimin təkcə ruhunu, qəlbini deyil, cismini də yaraladı.

10 mart 1998-ci il. Azərbaycan Teatr Xadimləri İttifaqı yerləşən binadakı restoranda Milli Teatr Günü bayram edilir. Bakının bütün teatrlarından nümayəndələr yığışıb. Teatr yazarlarının arasında mən də varam. Deyirik, gülürük, təbriklər də bir-birinin ardınca sıralanıb. Arada Daşqınsız ötən bir ildə on il qocalmış, sınıxmış, iri gözlərinin parıltısı öləzimiş Həsən müəllimi süzürəm.

Görəsən, ciyərparasının il mərasiminə iki gün qalmış bayram təbrikini səmimi təbəssümlə qəbul edəcək qədər genişqəlbli, dözümlü olmaq hər kəsin hünəridirmi? Çətin…

1998-ci ildə Xalq artisti Həsən Turabovun 60 yaşı tamam olurdu… Onun yubileyi aktyorun sənətinə, şöhrətinə yaraşan tərzdə qeyd olunmadı.

Övlad  itkisinin acısını göynəyən  xatirəyə çevirməyə bəs edəcək qədər zaman keçsə də, növbəti yuvarlaq yubiley dönəminə çatmağa əcəl möhlət vermədi. 65 yaşına 1 ay qalmış, fevralın 23-də dünyasını dəyişdi.

* * *

Bu ilsə onun 80 yaşı tamam olur. Yubileyi ölkə miqyasında qeyd edildi. Amma sizdən bir xahişim var: onun haqqında televiziya verilişinə, çəkildiyi filmlərə, oynadığı tamaşaların lent yazısına baxanda, lap elə bu yazını oxuyanda  yaşasaydı” deməyin.  Çünki Turabov kimi sənət nəhəngləri cismən aramızdan gedirlər. Köçdükləri də təkcə haqq dünyası deyil, həm də bizim qəlbimiz, qoruduğumuz xatirələrdir.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.6.