Qəmli bir eşq hekayəsi...
Sevilən məşhur əsərlər yaxşı tanıdığın dost kimidir. Onunla hər görüşdən həzz alırsan və xoş təəssüratla da ayrılırsan.
Yəqin ki, noyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına A.Adanın “Jizel” baletinin tamaşasına gələnlər də özlərini dost görüşündəki kimi hiss edirdilər.
Jizel adlı sadə, ürəyi xəstə kəndli qızının sonu aldanışlı və bu dünyadan köç ilə bitən qəmli eşq hekayətini seyr etmək, Adolf Adanın özünün janrını “fantastik balet” kimi müəyyən etdiyi baletin insan qəlbinə nüfuz edən musiqisini dinləmək, bir də öz teatrımızın solistləri ilə birlikdə Rusiya Böyük Teatrının solistləri Anna Nikulina (Jizel) və Ruslan Skvortsovu (qraf Albert) Bakı səhnəsində görmək üçün teatra gələnlər seçimlərində yanılmadılar. Əslində, bu baletin Parisdəki ilk tamaşasından ötən 177 il ərzində “Jizel”in bütün səhnələrdəki hər uğurlu quruluşu və truppanın mükəmməl ifası klassik musiqi xiridarlarında təxminən eyni hislər doğurub...
...“Bu əsərdə nələr yoxdur. Təxəyyül, poeziya, musiqi, yeni hərəkətlərin kompozisiyası, gözəl rəqqasələr, həyat dolusu harmoniya, zəriflik, enerji! Hər şey yerində və dolğun! Balet belə əsərə deyirlər”.
Bu sözləri dövrünün tanınmış jurnalisti və tənqidçisi Jül Janen “Jizel”in ilk quruluşu, adı titul partiyanın ilk ifaçılarından biri kimi sənət tarixinə düşmüş Karlotta Qrizinin çıxış etdiyi tamaşa barədə yazıbmış. Onun fikrini olduğu kimi Bakı səhnəsində təqdim edilən “Jizel”ə şamil etmək düzgün olmasa da, hər halda bizim teatrın repertuarındakı tamaşa da yüksək təriflərə layiqdir.
Jizel bir müntəxəbat tamaşası olsa da, yəni demək olar ki, quruluş baxımından bir zaman Marius Petipanın qurduğu təməldən yayınmasa da, hər halda iki əsas partiyanın ifaçısının səhnə təcrübəsi tamaşanın xeyrinə işlədi. Jizel-Albert duetində sənətsevərlərə tanış olan Anna Nikulina ilə Ruslan Skvortsovun gerçək görüşlərin təsvir edildiyi birinci pərdədə də, Jizel vəfat edəndən sonra vilisə (Qərbi Avropa mifologiyasında nişanlı qız dünyasını dəyişdikdən sonra gerçək dünyaya qayıdan, çox zaman xeyirxah niyyətli, lakin ölümünə bais olanlardan intiqam alan kabus) çevrilib onu aldatmış qrafı ölümdən qurtardığı ikinci pərdədə də ifaları alqışa layiq idi.
Tamaşadakı ikinci əsas kişi partiyasının – meşəbəyi Hans rolunun ifaçısı Timur Oduşovun da tam formada olması, öz rolunu ürəkdən ifa etməsi, qarşılaşdıqları səhnələrdə Ruslan Skvortsova layiqli tərəfdaş kimi çıxış etməsi, Jizelin ölümündə özünü günahkar bildiyi səhnədəki çıxışı da diqqətdən yayınmadı. Vilislərin başçısı, Jizeldən fərqli olaraq qəddar qəlbli Mirtanın (Elmira Süleymanova) hökmü ilə nakam ruhlar öz əməlindən peşman Hansın canını aldıqları səhnədə Timur Oduşov dramatik artistizm qabiliyyətini səxavətlə sərf etdi.
Teatra yenicə baş dirijor təyin edilmiş Əməkdar artist Əyyub Quliyevin idarə etdiyi orkestrin nizamlı çalğısı balet artistlərinin səhnə performansından yaranan təəssüratı uğurla tamamladı.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.-
2018.- 21 noyabr.- S.7.