İki ölkənin Əməkdar rəssamı
Rusiya Xarici İşlər Nazirliyi (XİN) yanında Diplomatik Akademiyada Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dalğaları” adlı sərgisi açılıb.
Açılış mərasimində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan Respublikasının “Əməkdar rəssamı” fəxri adının döş nişanını və vəsiqəsini rəssama təqdim edib. Bildirib ki, Azərbaycan Prezidentinin 27 may 2018-ci il tarixli sərəncamı ilə Əsgər Məmmədov fəxri ada layiq görülüb.
Dövlətimizin başçısının tapşırığı ilə ali mükafatı ona təqdim etdiyini bildirən P.Bülbüloğlu deyib: “Azərbaycan Prezidenti İlham Əliyev məhz bu binada təhsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu o zaman indi Diplomatik Akademiyanın yerləşdiyi bu binada fəaliyyət göstərirdi. Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunduğunuz fəxri adın döş nişanını və diplomunu məhz bu binada təqdim etmək mənim üçün olduqca xoşdur”.
Rusiya XİN yanında Diplomatik Akademiyanın rektoru Yevgeni Bajanov deyib: “Biz hər ay Diplomatik Akademiyada müxtəlif ölkələrin rəssamlarının əsərlərindən ibarət sərgi təşkil edirik. Əsgər Məmmədovun əsərləri orijinallığı və səmimiliyi ilə fərqlənir. Mənim mərhum həyat yoldaşım Natalya Bajanova Bakıda doğulub, boya-başa çatıb. Odur ki, Əsgər Məmmədovun əsərlərindəki Bakı mənzərələri mənim üçün daha doğmadır”.
Mərasimdə çıxış edən akademik Fazil Qurbanov, Rusiyanın Əməkdar rəssamı Viktor Buskin, publisist Sultan Mərzili və başqaları bildiriblər ki, Ə.Məmmədovun rəsmlərində doğma Qarabağın nisgili duyulur. Onun natürmortlarında Azərbaycanın bar-bərəkət brendləri – heyva və nar təsvirləri göz oxşayır. Rəssamın bənzərsizliyi ondadır ki, o öz yaradıcılığı ilə milli dəyərləri beynəlmiləl dəyərlər səviyyəsinə çatdırır.
Əsgər Məmmədov onun yaradıcılığına verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Sərgidə Əsgər Məmmədovun Qarabağ, Bakı mənzərələri, Azərbaycanın füsunkar təbiəti mövzusunda rəsmləri nümayiş olunur.
Qeyd edək ki,
Əsgər Məmmədov 1945-ci ildə Ağdam
rayonunun Mərzili kəndində dünyaya göz
açıb. Ə.Əzimzadə adına Bakı Rəssamlıq
Məktəbini bitirib, Moskva
Ümumittifaq Kinematoqrafiya
İnstitutunda cizgi
filmləri rejissorluğu üzrə təhsil
alıb. “Azərbaycanfilm” kinostudiyasında
çalışıb. Gənc
yaşlarından rəssamlıq fəaliyyəti ilə məşğul
olan rəssam Mərzili kəndində
şəxsi qalereyasını yaradıb, lakin
1993-cü ildə kəndin erməni silahlı qüvvələri
tərəfindən işğalı zamanı 200-ə qədər
rəsm əsəri yandırılaraq məhv edilib.
Sonradan Moskvaya
köçən və orada
yaradıcılıq fəaliyyəti göstərən rəssam
Rusiyanın Əməkdar rəssamı adına layiq görülüb. Dəfələrlə
müxtəlif ölkələrdə sərgiləri keçirilib.
Mədəniyyət.-
2018.- 21 noyabr.- S.5.