Azərbaycan nümayəndə heyəti Sankt-Peterburq forumunda yaxından iştirak edib

 

 

 

Xəbər verdiyimiz kimi, 15-17 noyabr tarixində keçirilən VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycandan mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin üzvləri forumun müxtəlif toplantılarına qatılıb, işgüzar görüşlər keçirib, əməkdaşlıq məsələlərini müzakirə ediblər.

* * *

Forum çərçivəsində noyabrın 16-da keçirilən “Mədəniyyət və gənclik” adlı konfranssessiyada Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov iştirak edib. Beynəlxalq Delfi Komitəsi, Rusiya Mədəniyyət İşçilərinin Yaradıcılıq İttifaqı və Sankt-Peterburq Gənclər Sarayının təşkil etdiyi tədbirdə nümayəndələr öz ölkələrinin mədəniyyət siyasəti, o cümlədən bədii təhsil, gənclər siyasəti ilə bağlı təqdimatlar ediblər.

V.Baxışov “Azərbaycan Respublikasında bədii təhsil gənclər siyasəti kontekstində” mövzusu üzrə təqdimatla çıxış edib. O, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin istiqamətləri, bu sahədə qəbul olunan Dövlət Proqramı və Strategiyası, digər qanunvericilik aktları, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı və gerçəkləşən tədbirlər haqqında məlumat verib. Bundan başqa, sektor müdiri ölkəmizin bədii təhsil sistemi haqqında danışıb.

Tədbirdə nazirliyin nümayəndə heyətinin üzvləri – Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifliiştirak edib.

* * *

Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova forum çərçivəsində “Muzeylər və kolleksiyaların əlçatanlığı”, “Mədəniyyətə sərmayələr”, “Muzeylər və qanun”, “Mədəniyyətdə brendlər: şəxsi brenddən ölkənin təqdimatınadək” sessiyalarında iştirak edib.

Xalça Muzeyinin direktoru həmçinin forum çərçivəsində Sənətkarlıq konqresinə qatılıb. Rusiya nümayəndəsi ilə Azərbaycanın gələn il konqresdə iştirakı məsələsi müzakirə edilib.

Şirin Məlikovanın Sankt-Peterburqdakı Rusiya Etnoqrafiya Muzeyinin direktoru ilə görüşündə 2019-2020-ci illər üzrə planlar müzakirə olunub. Qeyd edək ki, bu muzeylə Azərbaycan Xalça Muzeyi arasında əməkdaşlıq müqaviləsi var.

Moskva Biennalesinin direktoru ilə görüşdə isə Moskvanın bu məşhur sərgi meydançasında Azərbaycan Xalça Muzeyinin kolleksiyasından nümunələrin sərgisinin təşkili imkanları müzakirə olunub.

* * *

Forum çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) və İ.Repin adına Sankt-Peterburq Akademik Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədi ADRA-nın rektoru, Xalq rəssamı, akademik Ömər Eldarovİ.Repin adına institutun rektoru, Rusiya Rəssamlıq Akademiyasının akademiki Semyon Mixaylovski imzalayıblar. İmzalanma mərasimində Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets iştirak edib.

Qeyd edək ki, oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumunun fəxri qonağı olan Olqa Qolodets Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını ziyarət etmişdi. Qonağa 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılan akademiya haqqında ətraflı məlumat verilmişdi. Tədris prosesi, akademik təhsilin səviyyəsi ilə tanış olan O.Qolodets ADRA rəhbərliyini Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət etmişdi.

İmzalanan əməkdaşlıq sazişi qarşılıqlı təcrübə mübadiləsi, tələbə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və digər məsələləri əhatə edir. Azərbaycan nümayəndə heyəti Repin adına institutu ziyarət edərək tədris ocağının fəaliyyəti ilə də tanış olub.

* * *

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi forumun sessiyasında çıxışı zamanı rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan musiqi sənəti muğam və aşıq sənəti üzərində təşəkkül tapıb və 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Milli Konservatoriyasında bu istiqamətdə tədris, həmçinin tədqiqat işləri həyata keçirilir.

Vurğulanıb ki, Hindistandan İspaniyayadək geniş bir coğrafiyanı əhatə edən qədim muğam sənəti əsrlər boyu Azərbaycan sənətkarları tərəfindən yaşadılaraq inkişaf etdirilib. Eyni zamanda Altaylardan Türkiyəyədək böyük coğrafiyada yayılan, ümumtürk mədəni irsinin mühüm qolu olan aşıq sənəti Azərbaycan mədəniyyətinin zəngin səhifəsini təşkil edir. Ölkəmizdə hər iki sənətin inkişafına diqqət və qayğı göstərilir. Azərbaycan muğam sənəti və aşıq sənətimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Rektor həyata keçirdikləri beynəlxalq layihələr, Norveç, Yaponiya, Latın Amerikası ölkələri ilə birgə musiqi layihələri, Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən “Milli musiqi alətlərinin təkmilləşməsi” laboratoriyası haqqında da məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Argentina, Belarus, Qazaxıstan, Qırğızıstan və s. ölkələrdən təmsilçilər Milli Konservatoriyada təhsil almaq, distant təhsil imkanları ilə də maraqlanıblar.

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.4.