“Qara
Qarayevin kino musiqisi” kitabının təqdimatı
Noyabrın 16-da Azərbaycan Bəstəkarlar
İttifaqında (ABİ) sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru
Nailə Mehdiyevanın
“Qara Qarayevin kino musiqisi” kitabının (rus dilində) təqdimatı
keçirildi. Bəstəkarın 100 illik yubileyi münasibətilə hazırlanan
kitab “Şərq-Qərb”
nəşriyyatında işıq
üzü görüb.
Tədbiri Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq Qara Qarayevin yaradıcılığından, onun dünya musiqisinə bəxş etdiyi töhfələrdən
danışdı. Bildirdi ki, yaradıcılığı
zəngin milli köklərə bağlı
olan dahi sənətkar Azərbaycan
musiqisinin yeni mərhələdə inkişafını
təmin edib: “Biz Qara Qarayevin tələbələri olaraq
onun qoyduğu şərəfli missiyanı
davam etdirməyə çalışırıq”.
Diqqətə çatdırıldı ki,
Qara Qarayevin 100 illiyi ilə bağlı ölkə başçısının sərəncamına
uyğun olaraq silsilə tədbirlər keçirilir, Bakıda bəstəkarın ev-muzeyi
açılıb. Bildirildi ki,
dünya şöhrətli
bəstəkarın əsərləri
hələ onun sağlığında ölkəmizin
hüdudlarından çox
uzaqlarda yayılıb.
Onun “Yeddi gözəl” və “İldırımlı
yollarla” baletləri dünyanın bir sıra ölkələrində
uğurla nümayiş
olunub.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov çıxışında görkəmli bəstəkarla bağlı xatirələrini bölüşdü: “Qara Qarayevlə ilk görüşüm Moskva şəhərində, Bəstəkarlar evində olub. O, mənə dedi ki, gətir görüm hansı əsərləri yazmısan. Skripka və fortepiano üçün yazdığım sonatanı təqdim etdim. Diqqətlə qulaq asdı və dedi: “Bəstəkar milliliyə çox fikir verməlidir. Yəni hər bir bəstəkar milli musiqinin dərin qatlarına nüfuz etməli, oradan bəhrələnməlidir. İnsan dağda-daşda yaşayırsa, daşdan, meşədə yaşayırsa, ağacdan ev tikir...”.
Tədbirdə daha sonra ABİ-nin katibi Aliyə Məmmədova “Qara Qarayevin həyat və yaradıcılıq paralelləri”, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova “Nailə Mehdiyevanın “Qara Qarayevin kino musiqisi” kitabı haqqında”, musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Nailə Mehdiyevanın elmi-pedaqoji fəaliyyəti”, bəstəkar, BMA-nın doktorantı İlahə İsrafilova “Qara Qarayev bugünkü gənclərin təəssüratında” mövzularında məruzə etdilər.
Çıxışlardan sonra BMA-nın I kurs tələbəsi Səbinə Eldarlı, G.Şaroyev adına 35 saylı Musiqi məktəbinin XI sinif şagirdi Səmra Həsənli Qara Qarayevin əsərlərini səsləndirdilər.
Savalan FƏRƏCOV
Mədəniyyət.-
2018.- 21 noyabr.- S.3.