Əsərləri ilə milli özünüdərkə çağıran ədib

 

Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyi qeyd edildi

 

Noyabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsa Muğannanın (Hüseynov) anadan olmasının 90 illik yubileyi qeyd edildi.

Tədbir iştirakçıları əvvəlcə filarmoniyanın foyesində ədibin müxtəlif dövrlərdə nəşr olunmuş kitablarından ibarət sərgi ilə tanış oldular.

Yubiley gecəsində çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İsa Muğannanın 90 illiyinin Prezident İlham Əliyevin sərəncamı ilə qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, sərəncamın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən, müvafiq qurumların təklifləri nəzərə alınmaqla, hazırlanan tədbirlər planı üzrə il ərzində paytaxtdaregionlarda, həmçinin nazirliyin qatıldığı beynəlxalq kitab sərgilərində İsa Muğannanın yubileyi qeyd edilib.

Vaqif Əliyev görkəmli yazıçının həyat və fəaliyyətindən bəhs edərək dedi ki,  ədəbiyyatda öz dəst-xətti olan İsa Muğanna bütün şüurlu həyatını bədii söz sənətinə həsr etmiş nadir şəxsiyyətlərdəndir. Altmış ildən artıq müddətdə ədəbi fəaliyyətlə məşğul olan mütəfəkkir yazıçının milli özünüdərkə çağıran çoxsaylı əsərləri eyni zamanda ana dilinə həssas yanaşmanın və onun poetik imkanlarından yüksək sənətkarlıqla bəhrələnmənin qiymətli nümunəsidir.

Bildirildi ki, ədibin yaxın-uzaq keçmişimizin mənzərəsini hadisələrə özünəməxsus yanaşma və fərqli düşüncə tərzi sayəsində daha dolğun canlandıran silsilə roman və povestləri ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malikdir.

Yazıçının “Dan ulduzu”, “Tütək səsi”, “Teleqram”, “Saz” povestləri, “Doğmayad adamlar”, “Yanar ürək”, “İdeal”, “Məhşər”, “Qəbiristan” və s. romanları Azərbaycan nəsrinini qiymətli inciləridir. “İdeal” romanı isə “Ədəbiyyatımızın Dostoyevskisi” adlandırılan İsa Muğannanın yaradıcılığında yeni səhifə açıb və böyük rezonans doğurub. Bu əsərdə Azərbaycan xalqının ulu tarixi kökləri ilə müasir mənəvi problemləri vahid süjet xəttində ustalıqla birləşdirilib.

Diqqətə çatdırıldı ki, Mədəniyyət Nazirliyi tərəfindən İsa Muğannanın “Seçilmiş əsərləri” 6 cilddə çap olunaraq oxuculara təqdim edilib.

Vurğulandı ki, İsa Muğanna, eyni zamanda Azərbaycan kinematoqrafiyasının “qızıl fonduna daxil olmuş unudulmaz filmlərin bir çoxunun ssenari müəllifi kimi tanınır. Onun əsərləri əsasında çəkilən və xalqımızın yetirdiyi tarixi simaların ömür yolundan bəhs edən kinofilmlər sənətsevərlər tərəfindən indi də rəğbətlə qarşılanır. Tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş həmin ekran əsərləri milli kino xəzinəsində özünəməxsus yer tutur. Onun ssenariləri əsasında tamaşaçıların yaddaşında dərin izlər buraxan “Nəsimi”, “Nizami”, “Tütək səsi”, “Ulduzlar sönmür” və s. filmlər çəkilib.

Vaqif Əliyev qeyd etdi ki, dövlətimiz tərəfindən xalqımızın mənəvi sərvətlərinin qorunması və təbliğinə hər zaman xüsusi diqqət göstərilir. Azərbaycan ədəbiyyatı klassiklərinin,  həmçinin yeni dövrün görkəmli şair və yazıçılarının əsərlərinin nəşri, ölkəmizin hüdudlarından kənarda təbliği, yubiley mərasimlərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi istiqamətində tədbirlər bunun nümunəsidir. Azərbaycan öz mədəniyyəti, incəsənəti ilə dünyada tanınır, xalqımız mədəni-mənəvi dəyərləri ilə dünya mədəniyyətinə öz töhfəsini verir. UNESCO səviyyəsində görkəmli ziyalılarımızın, o cümlədən yazıçıların, şairlərin yubileyləri qeyd olunur. Bütün bunlar xalqımızın mədəniyyətinin, o cümlədən ədəbiyyatının dünyada təbliğidir.

Bildirildi ki, Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rolu olan yazıçı və şairlərin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Görkəmli yazıçı İsa Muğanna çoxillik bədii yaradıcılığına görə respublikanın “Əməkdar incəsənət xadimi”, “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb, Azərbaycanın ali dövlət mükafatlarından olanİstiqlalordeni ilə təltif edilib.

Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ədibin zəngin yaradıcılığından bəhs edərək onun Azərbaycan ədəbi mühitinin formalaşmasında xidmətlərindən danışdı. Qeyd etdi ki, İsa Muğannanın yaradıcılığı hər zaman öz aktuallığını qoruyub saxlayacaq: “O,  XX əsr Azərbaycan  realist ədəbiyyatının inkişafında böyük xidmətləri olan ədibdir. İsa Muğanna öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni səhifə açıb”.

Sonra ədibin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu, ssenari müəllifi olduğu ekran əsərlərindən fraqmentlər göstərildi.

Yubiley gecəsi daha sonra konsert proqramı ilə davam etdi.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.1-2.