Yarımçıq qalmış ömürlərin xatirəsi

 

 

 

Noyabrın 20-də Azərbaycan İstiqlal Muzeyində Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə “Yarımçıq qalmış ömür” adlı tədbir-sərgi keçirildi.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tədbiri açaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığından danışdı. Qeyd etdi ki, şəhidlərimizin ömür yolu hər bir azərbaycanlı gənc üçün örnəkdir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından keçən vətən övladları arasında Laçın rayonundan da igid oğullar var. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq hər birimizin vətəndaşlıq borcudur.

Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuriyeva çıxış edərək bildirdi ki, Ermənistanın ölkəmizə qarşı müharibəsi zamanı Laçın rayonunda gedən döyüşlərdə 267 nəfər şəhid olub, 5 nəfər Milli Qəhrəman adına layiq görülüb.

Tədbir-sərgi ərəfəsində muzeyin əməkdaşlarının respublikamızın müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərində məskunlaşmış laçınlı şəhid ailələri ilə görüşdüklərini bildirən T.Nuriyeva dedi: “Təəssüf ki, hamısı ilə görüşə bilmədik. Məqsədimiz sərgi-tədbirdə şəhidlərimizin şəxsi əşyalarını nümayiş etdirmək və onların ruhlarını yad etməkdir”.

Diqqətə çatdırıldı ki, bugünkü tədbir-sərgidə Laçın döyüşlərində şəhid olmuş Milli Qəhrəman Oqtay Güləliyev, şəhidlər Rüstəm Mirzəyev, Oruc İlham, Bəbirə Ələkbərova, İmanə Həsənquliyev və digərlərinə məxsus 95 ədəd əşya nümayiş etdirilir.

Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayonu üzrə məsləhətçisi Asif Əliyev və “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovun da çıxışları dinlənildi.

Çıxışlardan sonra tədbir iştirakçıları muzeydə təşkil edilən sərgi ilə tanış oldular.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.2.