MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüş

 

 

 

Noyabrın 16-da Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin şəhərdəki Qoroxovo küçəsi 6 saylı binanın fasadına vurulmuş barelyefinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov naziri müşayiət edib.

Ulu öndər 1949-1950-ci illərdə bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində təhsil alıb. Xatirə lövhəsinin açılışı 2013-cü il dekabrın 12-də keçirilib.

Daha sonra nazir Tavriçeski Sarayına gələrək MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının baş katibi Yuri Osipov ilə görüşüb. Yuri Osipov naziri səmimi salamlayaraq bildirib ki, Parlamentlərarası Assambleya Sankt-Peterburqda yerləşən yeganə beynəlxalq təşkilatdır. Assamleya tarixi binada yerləşir, Tavriçeski Sarayı ötən əsrin əvvəlində Rusiya İmperiyasının ilk Dövlət Dumasının binası olub.

Nazir Əbülfəs Qarayev səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəmizin bu beynəlxalq təşkilatla əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, mədəniyyət sahəsində layihələrdə xüsusilə maraqlı olduğumuzu diqqətə çatdırıb. Kitabxana, mədəniyyət evləri, digər mədəniyyət obyektlərinin fəaliyyəti ilə bağlı ölkələrimizin keçmişdə oxşar təcrübəyə malik olduğunu deyən nazir 2019-cu ilin MDB-də “Kitab ilielan olunmasının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə kitabxanaların müasirləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin vacibliyi qeyd edilib. Həmçinin gənc yazarların ümumi nəşrinin hazırlanıb çap edilməsi təklif edilib.

Görüşdə MDB Parlamentlərarası Assambleyası Şurası baş katibinin müavini, Azərbaycan Milli Məclisinin təşkilatdakı nümayəndəsi Aydın Cəfərov iştirak edib.

Azərbaycan nümayəndə heyəti üçün Tavriçeski Sarayının tarixi ilə bağlı qısa ekskursiya da təşkil edilib.

Nazir Əbülfəs Qarayev Sankt-Peterburqda Rusiya Dövlət Ermitajını da ziyarət edib.

 

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.4.