Ölüm sevinməsin
qoy, ömrünü vermir bada…
Üzeyir Hacıbəylinin
vəfatından 70 il ötür
23 noyabr –
Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində
ilk operanın müəllifi, musiqişünas-alim, pedaqoq, Azərbaycan
Dövlət Konservatoriyasının yaradıcısı və
rektoru (1928-1929, 1939-1948), SSRİ Xalq artisti, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri (1938-1948), Dövlət
mükafatları laureatı (1941, 1946), Azərbaycan Elmlər
Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin
vəfatından 70 il ötür.
Zəngin
tərcümeyi-halı, müxtəlif və mürəkkəb
dövrlərdən keçən ömür yolu, çoxcəhətli
yaradıcılığı, parlaq şəxsiyyəti, insanpərvərliyi
ilə Azərbaycan tarixində əvəzolunmaz yeri olan dahi sənətkar
öz xalqına böyük bir “Üzeyir dünyası” qoyub
getmişdir. Bu “dünya”nın bir-birini saf məhəbbətlə
sevən Leyli və Məcnunu, “Mən nə qədər qoca
olsam da, dəyərəm min cavana” iddialı Məşədi
İbadı, gələcək həyat yoldaşını
axtarıb tapmaq üçün arşınmalçıya
çevrilən tacir Əsgəri, qəhrəman Koroğlusu
kimi sakinləri var ki, hər biri özü-özlüyündə
ayrıca bir dünyadır. Üzeyir bəy bu sakinlərin
xarakter-obrazını musiqinin dili ilə ən maraqlı, ən
baxımlı tərzdə dinləyiciyə, tamaşaçıya məharətlə təqdim
etmişdir və bu sakinlər də öz
yaradıcıları kimi ölməz və əbədidirlər.
Onun musiqisinin gözəlliyi, parlaqlığı,
möhtəşəmliyi sənətinə, xalqına olan
odlu-alovlu sevgisinin, vətənpərvərliyinin və
yüksək zövqünün bəhrəsidir. Öyrənib-öyrətmək
eşqi və həvəsi ilə
yaşayan, daim yeniliklər axtarışında olan Üzeyir bütün maneə və
çətinliklərə rəğmən Azərbaycan musiqi
mədəniyyətinin inkişafı, yeni janr,
ifaçılıq vasitələri ilə zənginləşməsi,
musiqi kollektivlərinin yaranması uğrunda gecə-gündüz
çalışaraq öz parlaq məqsədinə nail oldu.
O, təkcə musiqi bəstələmək, əsər
yaratmaqla kifayətlənməyərək xalqının
maariflənməsi və mədəniyyəti uğrunda
mübariz olmuş, Azərbaycanda ilk notlu Xalq
çalğı alətləri orkestrini yaratmış, Azərbaycan
Dövlət xorunun, ilk simli kvartetin, ilk musiqi məktəbinin
banisi olmuşdur. Görkəmli ədib Məmməd Səid
Ordubadi Üzeyir bəy haqda xatirələrində bu barədə
yazırdı:
“...Üzeyir bəy ilə
yaxından tanışlığımız 1929-cu illərdən
başladı. O zaman Azərbaycan musiqisinin inkişaf yolları geniş müzakirə
olunurdu. Üzeyir bəy bu məsələdə
hamıdan artıq rahatsız olur və musiqimizin gələcəyi
üçün düşünürdü. Partiya və hökumətin köməyi ilə
Üzeyir bəy Azərbaycan Radio Komitəsinin təşəbbüsü
nəticəsində xalq çalğı alətlərindən
notlu orkestr düzəltməyə başladı. Həmin bu zamanlarda mən Radio Komitəsinin ədəbiyyat
şöbəsini təşkil və idarə edirdim. Üzeyir bəylə tez-tez
görüşürdüm. Bəzən onun
ifaçılarla keçdiyi məşqlərlə
maraqlanırdım və mən Üzeyirin müvəffəqiyyət
qazanacağına qəti inanmağa başladım...”.
Öz xalqının mədəniyyətini yüksəklərdə
görmək arzusu ona musiqi sənətini professional, möhkəm
inşa etməsində cəsarətli, qətiyyətli
addımlar atmağa güc verirdi. Üzeyir bəy öz uzaqgörənliyi
sayəsində milli musiqi sənətinin uzaqdan parlayan
inkişaf perspektivlərini görə bilmişdir: “Azərbaycan
musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır.
Lakin cəsarətli olmaq, yaxşı oxumaq və
məhsuldar işləmək lazımdır. Xalqın mənəviyyatını duymaq, onun
ümid və arzularının ifadəçisi olmaq,
nikbinliyini, əhval-ruhiyyəsini musiqi vasitəsi ilə əks
etdirmək lazımdır”.
Bu qiymətli fikirlərin müəllifi, özü
dediyi kimi, xalqın mənəviyyatını dərindən
duyaraq onun sevinc və kədərini, arzu və istəklərini
öz musiqisində-yaradıcılığında əks
etdirmişdir.
Üzeyir bəyin sənətin zirvəsinə
yüksəlməyinin səbəbi də elə onun xalq
yaradıcılığı xəzinəsindən bəhrələnib,
onu xalqa daha yüksək bir səviyyədə
çatdırması olmuşdur. Musiqi əsərlərində
vətənə məhəbbət, mərdlik
duyğularını tərənnüm edən bəstəkar
Böyük Vətən müharibəsi (1941-1945) günlərində
Azərbaycan xalqının igid oğullarını
“Yaxşı yol” deyə cəbhəyə yola salır, öz
“Çağırış”ı ilə “Şəfqət
bacısı”nı Vətən ordusuna kömək etməyə
dəvət edirdi. Həmçinin bununla kifayətlənməyərək,
orduya öz şəxsi hesabına maddi yardımını da əsirgəmirdi.
Bu səbəblə Sovet İttifaqının rəhbəri
İ.V.Stalinin Üzeyir bəyə göndərdiyi teleqram bəstəkarın
ev-muzeyində qorunan unikal sənədlər
sırasındadır.
“Yoldaş Hacıbəyov! Qızıl
Ordunun zirehli tank qüvvələrinə göstərdiyiniz
qayğıya görə Sizə minnətdarlığımı
bildirirəm. Mənim salamımı və
Qızıl Ordunun təşəkkürünü qəbul
edin”.
Onun haqda
deyilən sözləri, yazılan xatirələri oxuduqca, sadə
və təvazökarlığı, mehribanlığı,
eyni zamanda mübarizliyi və qətiyyətliliyi nurlu simasında
əks olunan fotoşəkillərinə baxdıqca və bir də
ecazkar musiqisini dinlədikcə gözünün önündə
bütün insani keyfiyyətləri ilə canlanan bu
böyük insana əbədi təşəkkür bildirmək
istəyirsən...
1948-ci ilin 23 noyabrında Üzeyir bəy uzun sürən
xəstəlikdən sonra vəfat edir. Üzeyir
Hacıbəylinin simasında musiqi incəsənəti təkcə
istedadlı bəstəkarını deyil, həmçinin nəhəng
alim və nəzəriyyəçi, Azərbaycan musiqisinin
parlaq zəkalı tədqiqatçısını
itirmişdi. 1948-ci il noyabrın 24-də
mərhumun dəfn edildiyi gün xalq böyük alimə olan
sevgisini nümayiş etdirdi.
Çiyin-çiyinə
çalışdığı dostu, görkəmli şair Səməd
Vurğun “Eşq olsun sənətkara!” şeirində öz qəlb
sarsıntısını, üzüntüsünü bu
misralarla dilə gətirmişdi:
Ölüm
sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin
bir xatirətək qalacaqdır dünyada
Sevərək
yaşayanlar, sevilərək ölənlər...
Mən bu
kiçik şeirimi yazıram göz yaşımla,
Çünki vidalaşıram bir ürək
sirdaşımla.
Bəstəkarın
vəfatından 70 il ötməsinə
baxmayaraq, həmin gündən qalan fotoşəkillərə
baxdıqca, başsağlığı teleqramlarını
oxuduqca o günün kədərini,
ağırlığını daha aydın, dərindən
duyursan. Leninqrad Ali Dəniz Yolları Məktəbində,
Leninqrad Su Nəqliyyat Mühəndisləri İnstitutunda və
Leninqrad Rabitə İnstitutunda təhsil alan
azərbaycanlı tələbələr tərəfindən
1948-ci ilin 24 noyabrında “Kommunist” redaksiyasına göndərilmiş
başsağlığı məktubunda oxuyuruq:
“Dünən radio vasitəsilə verilən son xəbərlərdə
Azərbaycanın ən gözəl bəstəkarı,
SSRİ-nin Xalq artisti Üzeyir Hacıbəyovun vəfatını
eşidib, pərişan olduq. Odur ki, xahiş edirik ki, Leninqrad ali məktəblərinin tələbələri
adından onun ailəsinə başsağlığı
verin”.
Üzeyir
Hacıbəylinin xatirəsini əbədiləşdirmək
haqqında Azərbaycan Nazirlər Sovetinin 16 fevral 1949-cu il
tarixli 92 nömrəli qərarında bəstəkarın
arxivinin və əlyazmalarının toplanılıb,
onların lazımi qaydada saxlanılması və öyrənilməsinin
təmin edilməsi; Azərbaycan Dövlət
Konservatoriyasına, Bakı şəhərində Azadlıq
küçəsinə, Naxçıvan Müəllimlər
İnstitutuna, Şuşa şəhərində orta məktəbə
Üzeyir Hacıbəylinin adının verilməsi; Bakı
şəhərində keçmiş Ketsxoveli (indiki Şamil
Əzizbəyov) küçəsində 75 nömrəli evdə
və Şuşa şəhərində Ü.Hacıbəylinin
ev-muzeylərinin yaradılması və Hüsü Hacıyev
küçəsində (indiki Azərbaycan prospekti)
yaşadığı binaya (“Monolit” bina) xatirə lövhəsinin
vurulması tapşırılmışdı.
Üzeyir Hacıbəyli 1915-1942-ci illərdə
hazırda muzey kimi fəaliyyət göstərən evdə
yaşayıb-yaratmış, daha sonra isə indiki Azərbaycan
prospekti ilə İstiqlaliyyət küçəsinin kəsişməsindəki
binaya köçmüş və ömrünün sonuna kimi
(1948) həyat yoldaşı Məleykə xanımla burada
yaşamışdır.
Bəstəkarın
evinin (Şamil Əzizbəyov küçəsi 67/69) muzey
kimi fəaliyyətə başlamasından 43 il
ötür. Muzey 20 noyabr 1975-ci il tarixdə
ümummilli lider, o zaman Azərbaycan Kommunist Partiyasının
birinci katibi olan Heydər Əliyevin yaxından köməyi və
səyi nəticəsində təşkil olunmuşdur. Onun ruhunu yaşadan ilk ev-muzeyi isə Şuşada
uşaqlıq illərinin keçdiyi evdə 1959-cu ildə
açılmışdı. Bəstəkarın mənalı
və zəngin həyat yolunu böyük məhəbbətlə
əks etdirən Bakıdakı ev-muzeyində, bu ocaqda onun əlinin
toxunduğu hər bir əşyası – kitab dolabındakı
kitabları, skripkası, barmaqlarının toxunaraq
“Koroğlu”nun ilk notlarını yaratdığı royalı,
iş masası, hətta adicə qələmi belə ...
öz adiliyindən çıxmış və sahibinin
ucaldığı zirvəyə qədər ucala bilmişdir.
Çünki o qələm Üzeyir bəyin
ürəyindən gələn musiqini not vərəqlərinə
köçürərək əbədiləşdirmişdir.
Vaxtilə gözəl şairimiz Bəxtiyar Vahabzadənin dediyi sözləri bu gün kitablarda, xatirələrdə oxuyuruq: “...Mənim üçün Üzeyir bəy bir dünyadır. Birinci növbədə ona görə ki, bu böyük insan özünün də milli varlığının üzərində boy atdı, ucaldı. Üzeyir bəy sənətindəki kimi ilk növbədə şəxsiyyətdir, vətəndaşdır. Onun adına yaradılmış muzey xalqımızın pərəstiş yeri, inam ocağı olmalıdır. Bu muzeyi təşkil edənlərə eşq olsun”.
Hərdən düşünürsən ki, bu evin divarlarının danışmağa dili olsaydı, yəqin ki, Üzeyir bəy haqda ən şirin, ən maraqlı xatirələri məhz onlar bizə danışardı. Axı onlar Üzeyir bəyin öz dostları, həmkarları ilə birgə bu evdə yaradıcılıq görüşlərinin, məzəli, şirin söhbətlərinin şahidi olublar.
Üzeyir bəyin ömür yolu vərəqləndikcə insan heyrətə gəlir. Bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim kimi fəaliyyəti və hər kəsə öz kömək əlini uzadan bir insan kimi neçə-neçə şair və yazıçıların, görkəmli şəxsiyyətlərin qələmini dilə gətirmişdir. Onun haqqında deyilən sözlər, yazılan yazılar bitmir, tükənmir.
Biz fəxr edirik ki, bu gün Azərbaycan Respublikasının üçrəngli bayrağı da zirvələrdə məhz Üzeyir bəyin ölməz musiqisinin – yazdığı himnin sədaları altında şərəflə dalğalanır. Onun yazdığı musiqi əsərləri janrından, formasından və nəhayət, səslənməsindən asılı olmayaraq, bizim qanımızda-canımızda səslənir. Üzeyir bəyin yaradıcılığı, onun yaratdığı musiqilər, əsərlər toxunulmazdır. Biz daim bu böyük şəxsiyyətin qoyub getdiyi mənəvi sərvəti onun adına layiq qorumalı, gələcək üçün yaşatmalıyıq.
Aytən HEYDƏROVA
Üzeyir Hacıbəylinin ev-muzeyinin baş
mühafizi
Mədəniyyət.- 2018.- 23
noyabr.- S.6.