Ukraynada Maqomayevin
xatirəsinə həsr olunmuş
müsabiqə yekunlaşıb
Ukraynanın Truskavets şəhərində Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş I Beynəlxalq vokal mahnı müsabiqəsi keçirilib. Truskavets meriyasının və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən müsabiqədə müxtəlif ölkələrdən 20 gənc vokalçı iştirak edib. Yarışmada səsi ilə münsiflər heyətini heyran edən ukraynalı gənc Nikita Bortsov qalib elan olunub.
Müsabiqəyə qatılanları təbrik edən ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev ecazkar səsi ilə dünyanın musiqi xəzinəsinə böyük töhfələr bəxş etmiş Müslüm Maqomayev yaradıcılığından bəhs edib, müsabiqənin yüksək səviyyədə təşkilinə görə Truskavets şəhərinin meri Andrey Kulçinski və Ukraynada fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Xalq artisti Qurban Abbasova minnətdarlığını bildirib.
Mer Andrey Kulçinski isə çıxışında bildirib ki, Müslüm Maqomayev dünyanın mədəniyyət elçisidir. O tək Azərbaycanda deyil, bütün dünyada sevilən sənətkardır. “Bu ildən etibarən ənənəvi olaraq şəhərimiz ildə bir dəfə Müslüm Maqomayevin xatirəsini gənc istedadların üzə çıxması ilə yad edəcək”, - deyə o əlavə edib.
Ukraynanın xalq artistləri Qurban Abbasov, Aleksandr Dyaçenko və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək beynəlxalq vokal müsabiqəsinin gənc istedadların üzə çıxmasında müstəsna rol oynayacağını bildiriblər.
Sonra müsabiqədə
1-ci, 2-ci və 3-cü yeri qazanan
gənc istedadlar diplom
və pul mükafatları ilə təltif
edilib. Qaliblərin ifasında konsert proqramı təqdim olunub.
Mədəniyyət.- 2018.- 23
noyabr.- S.5.