Əsrləri aşan
tikmə sənəti
Xalq sənətkarlığının maraqlı növlərindən biri də tikmə sənətidir. Azərbaycan tikmələri haqda yazılı məlumatlara hələ IX-XI əsrlər ərəb müəlliflərinin, klassik şairlərimizin əsərlərində, eləcə də XVI-XVII yüzilliklər Təbriz miniatürlərində rast gəlinir.
Mənbələrdə Ərdəbil, Şamaxı, Gəncə və Bərdə şəhərlərində bu sənətin daha çox inkişaf etdiyi qeyd olunur. Həmçinin bu sənət Naxçıvan, Gəncə, Şuşa, Quba, İrəvan və Tiflis şəhərlərində geniş yayılıb. Azərbaycanda tikmə sənəti ilə bağlı italiyalı səyyah Marko Polo, ingilis Antoni Cenkinson və başqa səyyahlar maraqlı məlumatlar veriblər. A.Cenkinson Şirvan bəylərbəyi Abdulla xanın daş-qaşla bəzədilmiş geyimlərindən bəhs edib.
Tikmə sənəti əsrlər boyu qadınlarımızın sevimli məşğuliyyəti olub. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə çatandan sonra bu sənətlə kişilər də məşğul olmağa başlayıblar.
XIX əsrdə Şəkidə mahud parça üzərində toxunmuş təkəlduz tikmə növü çox inkişaf edir və digər sənət növlərini üstələyir. Həmin vaxt bu şəhərdə 22 yəhər üzü bəzəyən, 50 başmaq üzü bəzəyən, 16 püştü (balış) üzü tikən dükan fəaliyyət göstərib. Şəki tikmələri Sankt-Peterburq, Moskva, Kiyev, Həştərxan və s. şəhərlərə göndərilib.
Bu sənətə dövrün məşhur şairləri, maarif xadimləri də maraq göstərib. Şairə Xurşudbanu Natəvan, təbiətşünas alim Həsən bəy Zərdabi, rəssam, şair və musiqişünas Mir Möhsün Nəvvab və başqalarını misal göstərmək olar. 1882-ci ildə Tiflisdə keçirilən dünya sərgisində şuşalı Böyükxanım adlı bir evdar qadının qızılı və gümüşü sapla işlənmiş güləbətin namazlıq tikməsi nümayiş etdirilib.
Tikmə sənətinin tarixən bir neçə növü olub. Güləbətin tikmə özünün zahiri parlaqlığı,
plastik silueti, mürəkkəb işləmə
texnikası və dekorativ xüsusiyyətləri
ilə çox fərqlənib. Əsas
etibarilə Bakı, Şamaxı, Naxçıvan , Şuşa və başqa bölgələrdə geniş
yayılıb. Bu tikmə hamar və qabarıq olmaqla iki cür
hazırlanıb. Qızılı və gümüşü
güləbətin tellər
xüsusi simkeşlər
tərəfindən yüksək
əyarlı gümüşdən
düzəldilib.
Muncuq tikmə. Bu tikmə
növü əsasən
Şuşa, Gəncə, Şamaxı
və qismən Bakıda inkişaf edib. Əsasən xırda məişət
əşyalarının bəzədilməsində
istifadə olunub.
Məxmər, qanovuz və
kətan parçalar üzərində işlənib.
Pilək tikmə. Bu üsul taxça, buxarı, güzgü pərdələri,
divar bəzəkləri
və xırda əşyaların hazırlanmasında
istifadə olunub.
Pilək əlvan metal
lövhəciklərdən hazırlanıb və əsasən şal, mahud, qanovuz parça üzərində
icra olunub.
Çaxma pilək (zərənduz) tikmə. Şəki, Şamaxı, Lahıc
və Şuşada daha geniş yayılıb. Bu növ tikmələr daha çox zərgərliklə bağlı
olub. Burada istifadə olunan
çaxma piləklər
zərgərlər tərəfindən
döymə üsulu ilə hazırlanıb.
Quşgözü tikmə Azərbaycanın
əksər bölgələrində
istifadə olunub. Abşeronda “cınağı”,
Naxçıvanda “cümlə”
adlanan bu üsul parçaya möhkəmlik verdiyinə
görə adətən
araqçınlara, şəbkülahlara
(gecə papağı)
tikilib.
Doldurma tikmə. Bu üsulla ikitərəfli tikmələr hazırlanıb.
Doldurma tikmə ilə divar bəzəkləri, pərdələr, rübəndlər
tikilib.
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində XVIII əsrə
aid tikmə nümunələri
mühafizə olunur. XVI-XVII əsrlər Azərbaycan tikmə sənətinin bəzi nümunələri
isə Moskva Şərq Xalqları Muzeyində saxlanılır.
S.FƏRƏCOV
Mədəniyyət.- 2018.- 23
noyabr.- S.7.