Britaniya Şurası yaradıcı iqtisadiyyatın inkişafına dəstək verir

 

 

19-20 noyabr tarixində Gürcüstanın paytaxtı Tbilisidə Britaniya Şurası (British Council) tərəfindən həyata keçirilən “Creative Spark” (“Yaradıcı parıltı”) proqramının təqdimatı olub. Tədbirdə yaradıcı sənayelərin iqtisadiyyatda rolu, təhsil sahəsində beynəlxalq əməkdaşlıq kimi mövzulara dair müzakirələr aparılıb.

Tədbirdə Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov iştirak edib.

Creative Spark” proqramı yaradıcı iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində universitetlərarası bilik və təcrübə mübadiləsinə dəstək məqsədilə həyata keçirilir. Proqram çərçivəsində keçmiş sovet respublikalarının ali təhsil müəssisələri Böyük Britaniyadan tərəfdaş universitet taparaq, layihə formalaşdırır və müraciət edirlər. Layihə seçildiyi halda, onun icrasına Britaniya Şurası tərəfindən vəsait ayrılır.

Azərbaycandan təqdim olunan 10 layihə arasından 3-ü seçilib. Mədəniyyət Nazirliyinin dəstəyi ilə London İncəsənət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi də seçilənlər arasındadır. Layihənin icrasına “YARAT” təşkilatı da qoşulub.

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.4.