Türkiyəli qonaq Qobustanda olub

 

 

Ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərin həyat yoldaşı Demet Gülər noyabrın 21-də Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib.

Qonaq əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb. Qoruğun direktoru Vüqar İsayev məlumat verib ki, Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zəngini hesab olunur. Açıq səma altında qoruq-muzey kimi ölkəmizə səfər edən hər bir qonağın böyük marağına səbəb olur. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

 Burada tədqiqat işlərinin aparılmasında beynəlxalq təcrübəyə də xüsusi önəm verilir. Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib.

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.4.