Cümhuriyyət və Üzeyir Hacıbəyli

 

 

 

Noyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində tarix üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova ilə görüş keçirilib.

“Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Üzeyir Hacıbəylinin rolumövzusunda görüş dahi bəstəkarın vəfatının 70-ci ildönümünə həsr olunub.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir bəyin musiqi dünyasından, zəngin yaradıcılığından söhbət açaraq bildirib ki, böyük  musiqiçi həm də ictimai xadim, publisist kimi fəaliyyət göstərib. Bu baxımdan onun Cümhuriyyət dövründəki xidmətləri xüsusi əhəmiyyət kəsb edir.

Sonra söz qonağa verilib. Firdovsiyyə Əhmədova qeyd edib ki, bu il Üzeyir Hacıbəylinin vəfatının 70 illiyi, Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyidir. Bu, yubileylərin bir ilə düşməsi təsadüfdür. Ancaq mənəvi bağlılıq, iki anlamı bir araya gətirmək baxımdan ayrılmaz dəyərdir. Üzeyir bəy özü də bilməzdi ki, bir gün gələcək Cümhuriyyətin qurucuları sırasında onun da adı çəkiləcək.

Alim Üzeyir bəyin ictimai xarakterinin formalaşmasına təsir göstərən mühit haqqında danışıb, Cümhuriyyət tarixi barədə geniş məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.2.