Yubilyar rəssamın şərəfinə “Koroğlu” oynanılacaq

 

 

 

Noyabrın 28-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında milli opera sənətinin şah əsəri olanKoroğlu” operası oynanılacaq. Üzeyir bəyin son operasının budəfəki nümayişi dahi sənətkar, SSRİ Xalq rəssamı, dövlət mükafatları laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr olunur. Uzun illərdir ki, “Koroğlu” operası Tahir Salahovun səhnə tərtibatında oynanılır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Yubiley münasibətilə oynanılacaq tamaşada titul partiyanı əməkdar artist Fərid Əliyev ifa edəcək. Digər rollarda xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı), Fidan Hacıyeva (Xanəndə qız), əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan), Əliəhməd İbrahimov (Təlxək), Tural Ağasıyev (Həmzə), solistlər Taleh Yəhyayev (Ehsan paşa), Fəhmin Əhmədli (Vəzir), Nurlan Namazov (Vəli) və b. çıxış edəcəklər. Opera tamaşasını teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

 

 

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.3.