Milli rejissorluq sənətinin parlaq siması
Mehdi Məmmədovun 100 illiyi qeyd edilib
Noyabrın 20-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatr rejissoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun
(1918-1985) 100 illiyinə həsr
olunmuş tədbir keçirilib.
Sənətkarın 100 illiyi haqqında ölkə başçısının imzaladığı
müvafiq sərəncama
əsasən təşkil
olunan tədbir Teatr muzeyi və
Salman Mümtaz adına Ədəbiyyat
və İncəsənət
Arxivinin təşkilatçılığı
ilə gerçəkləşib.
Rejissorun yaradıcılığından söz açan muzeyin direktoru Sevinc Mikayılova zəngin elmi təfəkkürə malik
Mehdi Məmmədovun milli teatrşünaslıq
elminin inkişafında
rolundan, quruluş verdiyi tamaşalardan ətraflı danışıb.
Əməkdar incəsənət xadimləri
Aydın Talıbzadə,
Bəhram Osmanov, teatrşünas Əsəd
Məmmədov çıxış
edərək M.Məmmədovun
həyat və yaradıcılığının bəzi məqamlarından
söz açıblar. Bildirilib ki,
Mehdi Məmmədov XX
əsrdə milli rejissorluq sənətinin ən parlaq simalarından biri olub. O, ümumilikdə
60 səhnə əsərinə
quruluş verib: “On ikinci gecə”, “Madrid”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”,
“Müfəttiş”, “Canlı
meyit”, “Romeo və Cülyetta”, “Dəli yığıncağı” və
s. Bu tamaşaların hər
biri Azərbaycan teatr sahəsində tarixi hadisəyə çevrilib.
Mehdi Məmmədov Akademik Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində
12 tamaşanı səhnələşdirib.
Onun Opera və Balet Teatrının səhnəsində quruluş
verdiyi “Toska”, “Lakme”, “Sevil”, “Koroğlu”, ilk dəfə
romantik və modernist üslubun vəhdətində
ərsəyə gətirdiyi
“Leyli və Məcnun” musiqili dramı, Rus Dram Teatrında hazırladığı
“Həyatın dibində”,
“Mənim Nadejdalarım”
tamaşaları rejissorun
təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.
Vurğulanıb ki, Mehdi Məmmədov keçmiş
SSRİ məkanında yüksək
peşəkarlıq xüsusiyyətlərini
kamilliklə özündə
birləşdirən az sayda sənətkarlardan idi. Onun portreti indiyədək Moskva Teatr Akademiyasının
divarını bəzəyən
korifeylərin portretləri
ilə bir sıradadır.
Diqqətə çatdırılıb ki,
Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul
olub. Mədəniyyət və İncəsənət
Universitetində çalışmaqla
yanaşı, Bakı
Dövlət Universitetində
etika və estetikadan dərs deyib. Onun “Rejissor sənəti”,
“Həyat və sənət yollarında” və digər kitabları bu gün də elmi dəyərini saxlamaqdadır və dərs vəsaiti kimi istifadə olunur.
Mehdi Məmmədovun
Hökümə Qurbanovaya
həsr etdiyi “Onun sənət ulduzu” araşdırma və müşahidələr
toplusu aktyorluq sənəti və aktyor şəxsiyyəti haqqında ən yaxşı kitablardan biridir. Rejissorun “Azərbaycan dramaturgiyasının
estetik problemləri” adlı doktorluq dissertasiyası sənətşünaslıq
elmində ən dəyərli tədqiqatlardandır.
Tədbirdə Mehdi Məmmədovun
həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən
ibarət videoçarx nümayiş
olunub.
Mədəniyyət.- 2018.- 23
noyabr.- S.4.