Vyanada Qara Qarayevin 100 illiyi münasibətilə
konsert keçirilib
Dahi bəstəkar, görkəmli alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən il ərzində həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda tədbirlər təşkil olunur.
Bəstəkarın 100 illiyinə həsr olunmuş növbəti konsert noyabrın 20-də Avstriya paytaxtında, Vyananın “Konzerthaus” mədəniyyət evində keçirilib. Mükəmməl akustikaya malik “Motsart zalı”nda təqdim edilən konsert proqramı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.
Əməkdar incəsənət xadimi, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Vyana Akademik Orkestri Qara Qarayevin əsərlərini səsləndirib. Konsertdə bəstəkarın Azərbaycan klassik musiqi tarixində özünəməxsus yerə malik “İldırımlı yollarla” və “Yeddi gözəl” baletləri, “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürlərindən hissələr təqdim olunub.
Almaniyada yaşayan
tanınmış azərbaycanlı skripkaçı Anar İbrahimov bəstəkarlar
Qara Qarayev və Fərəc
Qarayevin skripka ilə orkestr üçün “Quasi uno Concerto”
əsərini orkestrin müşayiəti
ilə ifa edib. Dahi bəstəkarın musiqisi
sənətsevərlərin sürəkli alqışları
ilə qarşılanıb.
Mədəniyyət.- 2018.- 23
noyabr.- S.4.