Qobustanda 4 min
yaşı olan qədim masaüstü
oyun təsviri aşkar
olunub
Amerikalı arxeoloqun bu barədə məqaləsi elm aləmində rezonans doğurub
Qobustan qayaüstü rəsmləri elm aləminə məlum olandan bəri bu sahənin tədqiqatçılarını təəccübləndirməkdə davam edir. Qobustan qoruğundakı Tunc dövrünə aid “Çapmalı” yaşayış yeri yaxınlığındakı qayalardan birində qədim Misirdəki “Tazılar və çaqqallar 58 xana” masaüstü oyunu ilə oxşarlıq təşkil edən rəsm aşkar olunub.
Bu barədə məlumat verən Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev qayaüstü oyun təsvirinin 4 min ilə yaxın yaşı olduğunu bildirdi. Qeyd etdi ki, Qobustan abidələrinin aşkar olunmasından 80 il keçməsinə baxmayaraq, bu gün də qoruqda elmi tədqiqatlar aparılır. Hazırda elmi tədqiqatların əsas istiqaməti qayaüstü təsvirlərin elektron məlumat bazasının yaradılmasıdır. Qayaüstü təsvirlərin qeydiyyata alınması zamanı bəzən yeni təsvirlər də aşkar olunur.
Ümumilikdə qayaüstü təsvirlərin məlumat bazasının yaradılması layihəsi çərçivəsində 500-dən artıq yeni təsvir aşkarlanıb. Bunların arasında Qobustan üçün xarakterik olan təsvirlərlə yanaşı, yeni istiqamətli təsvirlər də var. Böyükdaş dağının aşağı səkisində, “Çapmalı” qədim yaşayış yerinin yaxınlığında yerləşən Tunc dövrünə aid oyun təsviri xüsusilə diqqəti cəlb edir.
Direktor qeyd etdi ki, Tunc dövrü masaüstü oyunlarının tədqiqatçısı, amerikalı arxeoloq, ABŞ-ın Arizona Dövlət Universitetinin Antropologiya bölməsinin əməkdaşı Valter Krist 2018-ci ilin yazında Azərbaycanda səfərdə olarkən bu təsvirlə tanış olub. Noyabrın 17-də ABŞ-ın Yaxın Şərq və Aralıq dənizi hövzəsinin qədim tarixini tədqiq edən “Amerika Şərq Tədqiqatları Məktəbləri” qeyri-hökumət təşkilatının Denver şəhərində növbəti konfransı keçirilib: “Konfransda Valter Krist “Qafqazda Yaxın Şərq masaüstü oyunları, Azərbaycandan yeni sübutlar” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Qobustandakı “Çapmalı” yaşayış yeri yaxınlığındakı qayalardan birində əks olunan təsvir barədə məlumat verib. Bildirilib ki, təsvir qədim Misirdəki “Tazılar və çaqqallar 58 xana” masaüstü oyunu ilə oxşarlıq təşkil edir. Valter Krist Cənubi Qafqazın əkinçi-maldar əhalisinin Qədim Misir, o cümlədən Yaxın Şərqlə əlaqələrinin indiyədək ehtimal edildiyindən də intensiv olduğunu söyləyib”.
Valter Kristin konfransda Qobustandakı oyun təsviri haqqında təqdimatı böyük marağa səbəb olub və nüfuzlu sciensnews.org saytı da bu barədə xəbər hazırlayıb.
Amerikalı alimin çıxışı ABŞ-ın nüfuzlu “Science News” jurnalında da “Daş üzərində həkk edilmiş Tunc dövrünün “58 xana” adlı masaüstü oyunu Azərbaycanda tapılıb” sərlövhəsi ilə dərc edilib.
Vüqar İsayev vurğuladı ki, Tunc dövründə bu cür masaüstü oyunların müxtəlif versiyaları olub. Qobustanda aşkar olunmuş oyunun “Tazılar və çaqqallar 58 xana” oyunu adlandığı və e.ə. III minillikdə Misirdə yarandığı güman olunur. E.ə. II minilliyin əvvəllərindən başlayaraq ticarət və miqrasiya vasitəsilə bu oyunlar Mesopotamiyaya, Anadoluya, Kiprə və Azərbaycan ərazisinə yayılıb. Bu oyunun qaydaları tam bəlli olmasa da, bəzi tədqiqatçılar onun nərd oyunun qədim variantı olduğunu hesab edirlər.
Qobustanda bu
oyun təsvirinin yerləşdiyi
“Çapmalı” düşərgəsi 1970-1971-ci illərdə
arxeoloqlar Cəfərqulu Rüstəmov və
Firuzə Muradova tərəfindən arxeoloji qazıntılar vasitəsilə
öyrənilib. Tədqiqatlar nəticəsində məlum olub ki, bu
düşərgə e.ə. II minilliyin əvvəlindən
Orta əsrlərədək fəaliyyət
göstərib. Düşərgədən aşkar
olunmuş maddi mədəniyyət
nümunələri və yaxınlıqdakı qayaüstü təsvirlərə əsasən
demək olar ki, bu düşərgə dini
ibadət yeri rolunu
oynayıb. Maraqlıdır ki, qədim
Misirdə də “Tazı-çaqqal oyunu”na dini kult
və simvollar kontekstində rast gəlinir.
Mədəniyyət.- 2018.- 23
noyabr.- S.1;3.