Söz və musiqi
dühalarını birləşdirən sərgi
“Yeddi gözəl”
ekspozisiyası Moskvada böyük
maraq doğurub
Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində “Yeddi gözəl” adlı sərgi açılıb. Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə ərsəyə gəlib. Sərginin noyabrın 20-də keçirilən açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimdə çıxış edən Leyla Əliyeva “Yeddi gözəl” sərgisinin konsepsiyasının XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması və dünya şöhrətli bəstəkar Qara Qarayevin baleti əsasında qurulduğunu diqqətə çatdırıb: “Ekspozisiya, həmçinin Azərbaycan klassik musiqisi, klassik rəqslər və müasir incəsənət elementləri ilə zənginləşdirilib. Sərgiyə gələn tamaşaçılar yeddi gözəl və Bəhram şah əfsanəsinin sehrinə dalacaqlar. “Yeddi gözəl” poeması Şərq poeziyasının ən yaxşı nümunələrindən biridir. Poemanın dərinliyi, fəlsəfi aləmi xalçalar, kitab miniatürləri proyeksiyaları, dekorativ-tətbiqi sənət nümunələri və instalyasiyalar vasitəsilə təqdim olunur”.
Qeyd edilib ki, sərgidə həmçinin Qara Qarayevin “Yeddi gözəl” baleti ilə bağlı qiymətli arxiv materialları nümayiş olunur. Burada afişalar, baletin proqramları, fotoşəkillər yer alıb.
Leyla Əliyeva sərgi üçün imkan yaratdığına görə muzeyin direktoru Yelena Titovaya minnətdarlığını bildirərək deyib: “Nəhayətsiz yaradıcılıq göylərin bizə göndərdiyi nemətdir. O, insana daha da yaxşı olmaqda, öz qəlbinin dərinliklərinə varmaqda və ən ali qüvvə olan sevgini özü üçün açmaqda kömək edir. Sərgi üzərində işləyən hər kəsə təşəkkür edirəm”.
Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyinin direktoru Yelena Titova çıxış edərək bildirib ki, muzeyin Azərbaycandan olan həmkarlar ilə çox yaxşı əlaqələri var, Heydər Əliyev Fondu və Azərbaycan Xalça Muzeyi ilə xüsusilə səmimi münasibətlər qurulub. Direktor qeyd edib ki, “Yeddi gözəl” şərqsayağı zərif, dərin fəlsəfi mənaya və valehedici dizayna malik sərgidir.
Sərgidə müasir texnologiyalar, zəngin tarix, rəssamların ustalığı əksini tapıb: “Sərgi salonlarının əksəriyyəti Qara Qarayevin yaradıcılığına həsr olunub. Onun “Yeddi gözəl” baleti nadir əsərdir. Lakin sərgi təkcə balet haqqında deyil, onun konsepsiyası daha genişdir. Ekspozisiya XII əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin poemasına əsaslanır”.
Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu son aylarda Moskvada Azərbaycana həsr olunmuş bir neçə əhəmiyyətli tədbirin keçirildiyini xatırladıb. Diplomat oktyabrın əvvəlində Moskvada “Azərbaycanın payız sovqatları” sərgisinin keçirildiyini, bu günlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin büstünün açıldığını, həmçinin Moskva Dövlət Universitetində Nəsimiyə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın təşkil olunduğunu qeyd edib. Vurğulayıb ki, bu gözəl muzeydə açılan “Yeddi gözəl” sərgisi bu sıradan növbəti əlamətdar hadisədir: “Mən sizin hamınıza xoş ovqat arzu edirəm ki, bu sərgi xatirələrinizdə qalsın”.
Qeyd edək ki, layihədə Azərbaycan mədəniyyəti xalça, zərgərlik və miniatür sənəti, müasir incəsənət, klassik musiqi və rəqsin sintezində təqdim olunur. Ekspozisiya Heydər Əliyev Fondu, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatlarından ibarətdir. Sərgi məkanı ziyarətçini Bəhram şah və yeddi gözəl haqqında əfsanəyə aparır. Burada nümayiş olunan “Miniatür” instalyasiyasını Azərbaycan rəssamı Rəşad Ələkbərov XVI əsrə aid “Kitab oxuyan gənc” Təbriz miniatürü əsasında yaradıb. Kompozisiyanın ideyası hər bir ziyarətçini qədim nağıl və əfsanələr aləminə aparan illüziya portalının yaradılması üzərində qurulub. Burada tamaşaçıların gözü önündə Nizaminin poeması canlanır. “Kitab oxuyan gənc” miniatürünü I Şah Təhmasib dövründə səfəvi rəngkarlığının zirvəsi sayılan Sultan Məhəmmədin yaratdığı bildirilir və bu əsər Parisdə V.Veverin kolleksiyasında qorunur.
Qara Qarayevin Nizami Gəncəvinin poeması əsasında yazdığı “Yeddi gözəl” baletindən səhnələr, həmçinin həmin tamaşaya aid arxiv materialları da sərginin ekspozisiyasına daxildir. Ziyarətçi burada özünü balet məkanında görür, onu Nizami qəhrəmanlarını canlandıran balerinalar əhatə edir.
Sərgi 2019-cu il fevralın 3-dək davam edəcək.
Qeyd edək ki,
Heydər Əliyev Fondu Nizami
Gəncəvinin yaradıcılığının dünyada tanıdılması istiqamətində
bir sıra layihələr həyata keçirib. Bunların
sırasında Fransa və onun regionlarında şairə həsr olunan sərgi və konfransların təşkilini,
Romada Nizami Gəncəvinin
abidəsinin ucaldılmasını, Sankt-Peterburqda
Nizami Gəncəvi bağının
yaradılmasını və digər layihələri qeyd etmək olar.
Mədəniyyət.- 2018.- 23
noyabr.- S.1;3.