Bakıda Türk filmləri həftəsi keçirildi

 

 

 

Noyabrın 23-dən 27-dək Bakıda, Nizami Kino Mərkəzində IV Türk filmləri həftəsi keçirildi. Layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşdı.

Film həftəsinə həsr edilmiş mətbuat konfransında layihənin baş koordinatoru Öner Kılıç bildirdi ki, müasir dövrdə kino əlaqənin, tanışlığın ən təsirli vasitələrindən biridir. Qeyd etdi ki, dördüncü dəfə gerçəkləşən bu tədbir vasitəsilə biz birliyimizi, həmrəyliyimizi nümayiş etdiririk. Bu layihənin digər türk respublikalarını da əhatə etdiyini deyən Ö.Kılıç eyni zamanda, türk dünyası ölkələrinin filmlərinin qarşılıqlı olaraq nümayiş olunmasının vacibliyini vurğuladı. O, azərbaycanlı kinosevərlərə Türkiyədə yeni istehsal edilmiş filmləri gətirdiklərini dedi.

Səfər əsnasında “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovla görüşdüklərini vurğulayan koordinator azərbaycanlı gənc rejissor və ssenaristlərlə də bir araya gələcəklərini diqqətə çatdırdı. O, həmçinin bir neçə ildir üzərində çalışdığı “Dədə Qorqudssenarisi ilə bağlı fikirlərini də bölüşdü. Bildirdi ki, ortaq türk mədəniyyətinin nümunəsi olacaq ssenari üzərində işlər davam edirfilm Azərbaycan, Qazaxıstan və Türkiyənin birgə işi olacaq.

Mətbuat konfransında iştirak edən Türkiyənin tanınmış kinoaktyoru, “Diriliş Ertuğrul” serialında baş qəhrəmanlardan birini oynayan Sezgin Özdemir bildirdi ki, Bakıya gəlişindən çox məmnundur. Türk filmləri həftəsi həm də iki ölkənin kino mütəxəssislərinə təcrübə mübadiləsi imkanıdır. Azərbaycan kinosu nümunələrindən “Dədə Qorqud”, “Babək”, “Nəsimi”, “Nabat”, “Nar bağı” kimi filmləri izlədiyini deyən aktyor azərbaycanlı kinematoqrafçıların öz işlərini daha geniş miqyasda tanıtmasının vacibliyini də diqqətə çatdırdı.

Mətbuat konfransında tanınmış aktrisa, “Səni sevirəm, adamım” filmində baş rolu oynayan Gizem Karaca, “Güllər” filminin baş rol ifaçısı Dəniz Oralrejissoru Mehmet Gün, “Hayanimasiya filminin prodüseri Ahmet Edebali, rejissor Murat Çeri, menecer Özlem Erçağlar jurnalistləri maraqlandıran sualları cavablandırdılar.

* * *

Həmin gün axşam Nizami Kino Mərkəzində IV Türk filmləri həftəsinin açılış mərasimi keçirildi.

Mərasimdə Əməkdar incəsənət xadimi Ayaz Salayev çıxış edərək artıq ənənə halını almış layihənin əhəmiyyətindən söz açdı. Bildirdi ki, bu gün türk filmlərinin dünya miqyasında izləyici auditoriyası var: “Bu, bizim üçün sevindirici haldır. Türk filmlərinə baxdıqda, sanki öz filmlərimizə baxırıq. Türkiyə istehsalı olan filmlərin uğurlarını biz öz uğurlarımız hesab edirik”. Bildirdi ki, tamaşaçılar üçün bu həftə çox gözəl film bayramı olacaq.

Layihənin koordinatoru, rejissor Öner Kılıç həftə ərzində baxılacaq ekran əsərləri barədə məlumat verdi.

Qonaqları salamlayan Türkiyə Prezidentinin baş müşaviri, Yerli Düşüncə Dərnəyinin fəxri başqanı Yalçın Topçu film həftəsinin önəmini qeyd etdi. Bildirdi ki, türk filmləri yalnız Azərbaycanda deyil, digər qardaş türkdilli ölkələrdə, eləcə də dünyanın müxtəlif ölkələrində nümayiş olunur.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq əlaqələrindən danışdı: “Bu gün Türkiyə ilə Azərbaycan arasında yeni mədəniyyət körpüsü qurulur. Bizi bir-birimizə bağlayan çox səbəblər var, ancaq bunlardan ən önəmlisi könül bağlarıdır. Bizlər bir millət, iki dövlət olaraq, bir-birimizi hər sahədə tanımalı, yaxınlaşmalıyıq, bunun üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə təbliğ etməliyik”.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov da film həftəsinin əhəmiyyətini yüksək qiymətləndirdi: “Biz qardaş ölkə Türkiyə ilə mədəniyyət sahəsindəki əməkdaşlığımızdan məmnunuq. Kino sənayemizi inkişaf etdirmək üçün Türkiyənin təcrübəsindən geniş istifadə etməliyik. İnanıram ki, bu sahədə əlaqələrimiz daha da möhkəmlənəcək”.

Sonra rejissor Mehmet Günün “Güllər” filmi nümayiş olundu. Film yaşanılan faciələrin Anadolu insanı üzərində təsirindən bəhs edir.

Qeyd edək ki, Türk filmləri həftəsi ərzində beş ekran əsəri ümumilikdə 9 dəfə pulsuz nümayiş olunub. Proqrama “Güllər”, “Səni sevirəm, adamım”, “Can fəda”, “Hay” və “Anons” filmləri daxil idi. Nümayişdən sonra rejissorlar və filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil edilib.

Həftə çərçivəsində türkiyəli kinematoqrafçıların Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşükeçirilib.

 

LALƏ,

FARİZ

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.5.