“Bakı incəsənət marşrutuna necə çevrilir?”

 

 

İndependent” nəşrində məqalə dərc olunub

 

Böyük Britaniyanın nüfuzlu “İndependent” nəşrində “Bakı incəsənət marşrutuna necə çevrilir?” başlıqlı yazı dərc edilib. Müəllif Stephanie d’Arc Taylor məqalədə bu yaxınlarda (6-11 noyabr) Bakıda YARAT Müasir İncəsənət Məkanının layihəsi üzrə ikinci dəfə keçirilən M.A.P. (musiqi, incəsənət, performans) Beynəlxalq teatr festivalından bəhs edir.

“M.A.P. festivalı bu şəhəri dünya incəsənət xəritəsində öz yerini tapmağa kömək edir”, - deyə Stephanie d’Arc Taylor vurğulayır. Festivalın səhnə əsərlərindən biriA.ÇexovunVanya dayı” pyesi əsasında Kioto (Yaponiya) “Chiten” teatrının hazırladığı və yapon dilində (ingilis və Azərbaycan dilində titrlərlə) təqdim olunan tamaşa haqqında təəssüratını bölüşən məqalə müəllifi rus yazıçısının bu sözlərini diqqətə çatdırır: “İnsana ağıl və yaratmaq gücü bəxş edilmişdir ki, ona verilənləri artıra bilsin”.

Müəllif vurğulayır ki, zəngin neft yataqları, xalçaları ilə tanınan Azərbaycan sərvətlərindən istifadə edərək dəyişməyə çalışır və paytaxt Bakı şəhərini incəsənət və memarlıq üzrə beynəlxalq mərkəzə çevirir. Qeyd olunur ki, mədəniyyətə dəstək sayəsində Sovet İttifaqının dağılmasından sonra böhran dövrü keçirmiş incəsənət canlanıb və bu, ölkəyə turistlərin cəlb edilməsinə də zəmin yaradıb.

Yazıda vurğulanır ki, beynəlxalq səviyyəli media nümayəndələrinin iştirakı ilə geniş reklam olunan festivallarmüasir memarlıq abidələri bu təkana nümunədir. Bunlar hökumət və korporativ sponsorlar tərəfindən maliyyələşdirilir və onlar xalq yaradıcılığının bu cür beynəlxalq səviyyəli layihələrlə yaradılan şəraitdə inkişaf edəcəyini düşünürlər.

Məqalə müəllifi M.A.P. festivalının 2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan YARAT Müasir İncəsənət Məkanının yeni layihələrindən biri olduğunu qeyd edərək bildirir ki, 2017-ci ildə ilk təşkil olunan festival bu dəfə əhatə dairəsini genişləndirib. Builki festivalda doqquz ölkədən 16 tamaşa göstərilib. Vurğulanır ki, bu festivalda təqdim olunan tamaşalar Bakıda sənətsevərlərin görüb-alışdığı tamaşalardan fərqli səhnə əsərləridir.

Müəllif daha sonra layihənin kuratoru, YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri Suad Qarayeva-Maleki ilə söhbətini diqqətə çatdırır. O, vurğulayır ki, Azərbaycan müstəqilliyinin bərpasından sonra ilk illərdə çətin bir dövr yaşayıb. Bu gün dövlətin dəstəyi sayəsində incəsənət inkişaf edir. Azərbaycan hökuməti mədəni təşəbbüsləri, müxtəlif festivalları dəstəkləyir. Bakının yeni memarlıq simalarına çevrilən Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi kimi tikililər şəhəri gözəlləşdirir.

S.Qarayeva-Maleki qeyd edir ki, YARAT təşkilatının fəaliyyətinin bir hissəsi şəxsi emalatxanalarda, “ev şəraiti”ndə yaranan incəsənətin “alovunu gücləndirmək” və gənc azərbaycanlı rəssamların özlərinin tanıdılmasına kömək etməkdir. YARATın ARTIM Layihə Məkanı bu gənc nəslə uyğun gəlir.

Məqalə müəllifi qeyd edir ki, YARAT-ın təşəbbüsləri, “imkanlar və nisbətlər” məkanı olması Kolumbiyada doğulmuş, hazırda Norveçdə yaşayan Pedro Gomez-Egananı öz işlərini Azərbaycana gətirməsi üçün həvəsləndirib. O, həmçinin YARAT-ın bədii rəhbəri Suad Qarayeva-Malekinin vizyonundan ilhamlanıb. Rəssam deyir ki, Suad Qarayeva-Maleki ilə görüşdən əvvəl Bakı mənim planımda yox idi. “İncəsənət hər zaman şəhərin brendləşməsi üçün bir üsul ola bilər. Ancaq bu cür imkanların nəyə qadir olduğuna da dəyər verməliyik. Auditoriya toplayan və təcrübələr yaradan gözəl işlər nümayiş etdirə bilən maraqlı insanlarideyalar var”, - deyə kolumbiyalı rəssam bildirir.

İndependentin yazarı məqalənin sonunda Azərbaycan paytaxtında “mütləq ziyarət edilməli olan” mədəniyyət və incəsənət məkanlarını da oxucuların diqqətinə çatdırır. Bu sırada Heydər Əliyev Mərkəzi, Azərbaycan Xalça Muzeyi, YARAT Müasir İncəsənət Məkanı, YARAT Rəngkarlıq Muzeyi və digər məkanlar qeyd edilir.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://www.independent.co.uk/travel/middle-east/baku-azerbaijan-arts-culture-yarat-map-festival-caucasus-a8644951.html

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.1;8.