Kino tariximizi gələcək
nəsillərə çatdıracaq dəyərli mənbə
Noyabrın 28-də Nizami Kino Mərkəzində kino tariximizin yorulmaz tədqiqatçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin “Kino və zaman” kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə açaraq bildirdi ki, “Azərbaycanfilm” kinostudiyasının 90 illiyinə həsr olunan kitab kinomuzun salnaməsini əks etdirən dəyərli nəşrdir. Kitabın ərsəyə gəlməsində Dövlət Film Fondunun əməkdaşları müəllifə yaxından kömək ediblər.
“Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov kitabın nəşri ilə bağlı müəllifi təbrik etdi, layihənin reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
Xalq artisti Həmidə Ömərova Aydın Kazımzadənin kino sahəsində xidmətlərindən söz açdı və onu cəfakeş tədqiqatçı kimi səciyyələndirdi. Bildirdi ki, tədqiqatçı Azərbaycanın kino salnaməsinə dərindən bələd olmaqla yanaşı, filmlərimizə öz nöqteyi-nəzərindən baxır.
Kitabın elmi redaktoru, nazirliyin Kinematoqrafiya şöbəsinin sektor müdiri Cəmil Quliyev diqqətə çatdırdı ki, Aydın Kazımzadə kinematoqrafiya sahəsinə hər zaman elmi prizmadan yanaşır: “Müəllifin gərgin əməyinin zəhməti olan kitab 120 illik kino tariximizin şanlı salnaməsini özündə cəm edib. “Kino və zaman” kitabı bu tarixi gələcək nəsillərə ötürən qiymətli körpüdür. Zamana qalib gələn kinomuzda çalışan çoxsaylı sənətkarların əməyi bu kitabda əks olunub”.
Əməkdar incəsənət xadimi Ayaz Salayev qeyd etdi ki, kinomuzun tarixindən söz açılanda ilk növbədə Aydın Kazımzadənin araşdırmaları yada düşür. Onun kitabları kinematoqrafiyamızın gerçək tarixidir.
Xalq artisti, kinorejissor Oqtay Mirqasımov da müəllifi təbrik etdi. Vurğuladı ki, kinematoqrafiyanı itirən ölkə ümumi mədəniyyətini itirir: “Aydın Kazımzadə kino irsimizin qorunması üçün ömrü boyu xidmət edən insanlardan biridir. Bu kitab bütün zamanlara sübutdur ki, Azərbaycan kinosu yaşayır və onun fəxr ediləsi tarixi var”.
Xalq rəssamları Arif Hüseynov, Rafiz İsmayılov çıxışlarında kitabı Azərbaycan kinosu üçün əvəzsiz bir töhfə kimi qiymətləndirdilər.
Aydın Kazımzadə tədbirə qatılan hər kəsə təşəkkürünü bildirdi. Vurğuladı ki, kitab “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” dövlət başçısının müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq çap edilib. O, yazdığı bütün kitabları kinoya olan sevgisindən ərsəyə gətirdiyini dedi: “1963-cü ildən jurnalist kimi kino sahəsinə gəldim, məqalələr yazdım, tədqiqatlara başladım. Kinoda çalışan hər kəs mənə əzizdir. Əgər bu sevgi olmasaydı, kitablar da yaranmazdı. Bütün kitablarımın hazırlanmasında mənə yardım edən Dövlət Film Fonduna təşəkkür edirəm. Fəaliyyətimə göstərdiyi diqqətə görə Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm”.
“Şərq-Qərb” nəşriyyatında çap edilən kitab beynəlxalq mükafatlara layiq görülən filmlərə və “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq yoluna həsr olunub.
Sonda müəllif kitabı imzalayaraq tədbir iştirakçılarına hədiyyə etdi.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 29
noyabr.- S.1-2.