Respublika müşavirəsində “Bölgələrdən bölgələrə” festivalına yekun vurulacaq

 

 

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev 2018-ci il noyabrın 30-da Cəlilabad şəhərində Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından sakinlərlə görüşəcək.

Vətəndaşların qəbulundan sonra Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsinin və “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbirinin keçirilməsi nəzərdə tutulub.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə cari ilin iyun-avqust ayları ərzində keçirilən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı zəngin mədəni irsimizin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin genişləndirilməsi məqsədini daşıyır.

Yerli icra orqanlarının təşkilati dəstəyi ilə keçirilmiş festival bölgələrdə əhalinin və ölkəmizə gələn xarici qonaqların böyük marağına səbəb olub.

“Bölgələrdən bölgələrə” festivalının yekun tədbirində folklor və rəqs kollektivlərinin, incəsənət ustalarının konsert proqramı, xalq sənətkarlıq nümunələrinin, rəssamların əl işlərinin sərgi-yarmarkasının təşkili nəzərdə tutulur.

Bu ərəfədə regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə “Bölgələrdən bölgələrə” adlı konsert proqramları keçirilib.Ağstafa və Gəncə Regional Mədəniyyət idarələrinin təşkilatçılığı ilə Qazax rayon Mədəniyyət Mərkəzində keçirilən “Bölgələrdən bölgələrə” adlı konsert proqramında F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada qrupu çıxış edib.

Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev, Qazax, AğstafaTovuz rayonlarının mədəniyyət işçiləri iştirak ediblər.

Alqışlarla qarşılanan konsert proqramına cavab tədbiri olaraq Ağstafa Regional Mədəniyyət İdarəsinin “Oğuz-Tayfainstrumental ansamblı Gəncə şəhərində çıxış edib. Ağstafa və Gəncə regional idarələrinin təşkilatçılığı ilə həyata keçirilən konsertdə təqdim olunan musiqi nömrələri, balaca rəqqasların çıxışları hər kəsin marağına səbəb olub.

* * *

Xaçmaz Regional Mədəniyyət İdarəsinin musiqi kollektivləri isə Sumqayıt şəhərində konsert proqramı təqdim ediblər.

Şəhərdəki Heydər Əliyev Mərkəzində təşkil edilən konsertdən öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək tədbirin önəmindən danışıb. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən bu tədbirlərin regionlararası mədəni əlaqələrin güclənməsinə, təcrübə mübadiləsinin artmasına müsbət təsir etdiyini bildirib.

Daha sonra səhnəyə çıxan Xaçmaz Regional Mədəniyyət İdarəsinin musiqi kollektivlərinin ifaları alqışlarla qarşılanıb.

* * *

“Bölgələrdən bölgələrə” adlı daha bir konsert Xaçmaz şəhərində Xaçmaz və İsmayıllı Regional Mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konsert proqramında İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən incəsənət ustaları və kollektivləri çıxış edib.

Sumqayıt şəhər F.Əmirov adına Uşaq musiqi məktəbində fəaliyyət göstərən “Buta” qızlar ansamblı isə İsmayıllı rayon Mədəniyyət Mərkəzində konsert proqramı təqdim edib.

Konsertdə ansamblın solistlərinin ifasında Ələkbər Tağıyevin, Əlibaba Məmmədovun mahnı və təsnifləri, Xalq artisti Zeynəb Xanlarovanın repertuarından mahnılar, muğamsaz havaları maraqla dinlənilib.

Sonda F.Əmirov adına Uşaq musiqi məktəbinin direktoru Vasif Heydərov çıxış edərək belə tədbirlərin keçirilməsinin regionlararası əlaqələrdə mühüm rol oynadığını bildirib.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.1;4.