Kitabxanada İmran Qasımovun 100 illiyi qeyd edilib

 

 

 

Noyabrın 23-də Binəqədi rayon Mərkəzləşdirilmiş  Kitabxana Sistemində (MKS) Xalq yazıçısı, dramaturq, ssenarist İmran Qasımovun (1918-1981) 100 illik yubileyi ilə bağlı ədəbi-bədii tədbir keçirilib.

Tədbiri Binəqədi rayon MKS-nin direktoru Rəna Biləndərli açaraq İmran Qasımovun ömür yolundan danışıb. Qeyd edib ki, İmran Qasımov ədəbi yaradıcılığı ilə yanaşı, respublika kinematoqrafiya nazirinin birinci müavini, “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin birinci katibi vəzifələrində çalışıb. Əməkdar incəsənət xadimi, Xalq yazıçısı fəxri adlarına layiq görülüb, Azərbaycan Dövlət mükafatı, “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri ilə təltif olunub. Onun “İllər keçir”, “İtaliya mozaikası” kimi əsərləri Moskva teatrlarında da səhnələşdirilib. Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə” romanı müxtəlif dillərə tərcümə olunaraq müəlliflərini və ölkəmizi bütün dünyada tanıdıb.

“Mədəniyyət” qəzetinin əməkdaşı Savalan Fərəcov çıxış edərək görkəmli sənətkarın Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərindən danışıb. Qeyd edib ki, İ.Qasımovun nasir, dramaturqssenarist kimi zəngin yaradıcılığı var. Hələ sağlığında əsərləri tədqiqat mövzusuna çevrilib, haqqında monoqrafiyalar yazılıb. Onun yaradıcılığı bütünlüklə müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, əsərləri böyük rəğbətlə qarşılanıb və sevilib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Fərrux Məmmədov qeyd edib ki, öz dəst-xətti ilə seçilən İ.Qasımov XX əsr Azərbaycan ədəbiyyatının inkişafına töhfələr verib. Yaradıcılığında dənizin, Xəzər neftçilərinin xüsusi yeri var. Yer altından gələn səslər”, “Arzu”, “Yeni üfüqlər”, “Xəzər üzərində şəfəq”, “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir”, “İnsan məskən salır” və sair əsərləri məhz bu mövzu ilə bağlıdır.

AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Rüstəmzadə bildirib ki, xəlqilik İ.Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdəndir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş olaraq izləyir, müşahidə edirdi.

Çıxışlardan sonra yazıçının həyat və  yaradıcılığı ilə bağlı videoçarx nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.6.