Qara dəniz regionu üzrə mədəni əməkdaşlıq müzakirə edilib

 

 

 

 

Serbiyanın paytaxtı Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) mədəniyyət üzrə İşçi qrupunun görüşüüzv dövlətlərin Mədəniyyət nazirlərinin toplantısı keçirilib. Hazırda təşkilata Azərbaycan Respublikası sədrlik edir.

İşçi qrupun görüşündə Mədəniyyət Nazirliyini Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova təmsil edib. Görüşdə 2017-ci il üzrə qrupun koordinatoru olmuş Serbiyanın qiymətləndirmə məruzəsi dinlənilib. Bundan əlavə, QDİƏT-in mədəniyyət platformasının yaradılması, film festivallarında iştirak, üzv ölkələrin XX əsr klassik yazıçılarının əsərlərindən ibarət toplunun nəşri, “Qara Dəniz Gənc Simfonik Orkestrinin təsis olunması, birgə televiziya verilişlərinin hazırlanması kimi gələcək layihələr müzakirə edilib.

Mədəniyyət nazirlərinin toplantısında Azərbaycanı ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. “Mədəniyyət diplomatiyası – daha yaxşı dünya üçün bir vasitə” adı altında keçirilən toplantıda Qara dəniz regionunda mədəni irsin müdafiəsi, mədəni əməkdaşlığın təşviqi, sabit və təhlükəsiz dünya üçün mədəniyyət diplomatiyasının formalaşdırılması kimi mövzular ətrafında müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.3.