“70 il sənsiz”

 

 

 

Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın anım günü münasibətilə “70 il sənsiz” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Gülnarə Ələsgərova açaraq bəstəkarın keşməkeşli ömür yolundan danışdı. Bildirdi ki, sovet hakimiyyətinin ilk illərində Üzeyir bəy təqiblərə məruz qalırdı. Bəstəkar həbs olunmaq təhlükəsi ilə də üzləşir. Üzeyir Hacıbəyliyə qarşı qaralama kampaniyasında ermənilər xüsusilə canfəşanlıq göstərirdilər. 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Münsiflər heyətinə Üzeyir Hacıbəyli başçılıq edir. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir. Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazıb bildirirlər ki, Üzeyir Hacıbəyli millətçilik edir, qeyri millətlərin müsabiqədə iştirakına əngəllər törədir...

Professor Telman Ağdamski bəstəkarın bənzərsiz yaradıcılığından qısa bəhs etdi. Bildirdi ki, 1908-ci ildə tamaşaya qoyulanLeyli və Məcnun” operası Şərqdə ilk opera olmaqla yanaşı, Azərbaycan musiqisi tarixində yeni səhifə açıb. Bundan sonra Ü.Hacıbəyli “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah AbbasXurşudbanu”, “Əsli və Kərəm” muğam operalarını yazıb, bəstəkarın “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alanmusiqili komediyaları tamaşaçılara təqdim edilib. Üzeyir Hacıbəylinin 1937-ci ildə tamaşaya qoyulanKoroğlu” operası dövrünün ən yaxşı operalarından biri kimi qiymətləndirilib.

Bildirildi ki, Üzeyir Hacıbəyli həm də görkəmli maarifçi, kəsərli qələmə malik publisist idi. Böyük Vətən müharibəsi illərində vətənpərvərlik mövzusunda bir sıra mahnılar, “Vətən və cəbhə” kantatası, habelə “Sənsiz” və “Sevgili canan” romanslarını, Qələbə günü münasibətilə “Qələbə himnini yazıb.

Bu gün bəstəkarın xatirəsi adını daşıdığı Bakı Musiqi Akademiyasında, digər mədəniyyət ocaqları və bədii kollektivlərdə deyil, həmçinin ədəbi əsərlərdə yaşayır. Mərhum şair Tofiq Bayram şeirlərindən birini bəstəkarın ev-muzeyinə həsr edib.Tədbirdə Asəf Zeynallı adına Musiqi məktəbinin tələbəsi Amalya Məmmədova həmin şeiri oxudu.

 

Savalan FƏRƏCOV

 

 

 Mədəniyyət.- 2018.- 29 noyabr.- S.4.