Hökumətlərarası proqram mədəni əlaqələrə əlavə
zəmin yaradacaq
Mədəniyyət naziri Əbülfəs Qarayev Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Prezidentinin Türkmənistana rəsmi səfəri çərçivəsində cari ilin 22 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Respublikası Hökuməti arasında 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”nın əhəmiyyəti qeyd edilərək, bunun iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcəyi bildirilib.
Görüşdə Azərbaycanın Türkmənistanla UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının səviyyəsindən məmnunluq ifadə olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri zamanı iki ölkənin çoxsahəli əməkdaşlığına dair 20 sənəd, həmçinin prezidentlər tərəfindən Birgə bəyanat imzalanıb.
Prezidentlər aparılan danışıqların və əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayaraq iki ölkənin ortaq mədəni irsə, tarixi keçmişə malik olduqlarını qeyd ediblər.
“Türkmənistan və Azərbaycan xalqları tarixən həmişə zəngin millətlər olub. Onların həmişə güclü ehtiyat potensialı olub və bu potensialdan həm öz xalqlarının, həm də qonşularının, regionun rifahı naminə istifadə ediblər. Sevindirici haldır ki, bu gün biz bunu müasir mərhələdə davam etdiririk”, – deyə Qurbanqulu Berdiməhəmmədov bildirib. O, həmçinin iki ölkədə xalçaçılıq sənətinin inkişaf etdiyini diqqətə çatdıraraq bu sahədə birgə sərgi və konfransın keçirilməsinin önəmini vurğulayıb.
Prezident İlham
Əliyev qeyd edib ki, iki ölkənin dostluq və qardaşlığının
çoxəsrlik tarixi
qarşılıqlı hörmət, qarşılıqlı
etimad, qarşılıqlı dəstək,
əməkdaşlıq tarixidir: “Biz xalqlarımızın ənənəvi
qardaşlıq və dostluq tellərinin daha da möhkəmlənməsi
üçün çox
iş görürük.
Bunu bizə tarix,
xalqlarımızın tarixi, ümumi etnik kökləri
diktə edir”.
Mədəniyyət.- 2018.- 29
noyabr.- S.2.