Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyin edilib

 

 

Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyinatı olub. Oktyabrın 1-də mədəniyyət nazirinin müavini Rafiq Bayramovun iştirakı ilə yeni direktor Vüqar İsayev qoruğun kollektivinə təqdim edildi.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov çıxış edərək Qobustan qoruğunun Azərbaycanın zəngin tarixi-mədəni irsində yerindən, ölkəmizin qədim yaşayış məskəni kimi təbliğ olunmasında əhəmiyyətindən danışdı. Bildirdi ki, Qobustandakı minilliklərlə yaşı olan qayaüstü rəsmlər hər zaman həm ölkə vətəndaşlarını, həm xarici qonaqları cəlb edir. Ona görə Qobustan qoruğu öz fəaliyyətini daha da gücləndirməlidir: “Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irsi siyahısına salınıb. 2011-ci ildə burada müasir muzey binası inşa olunub. İndi qarşımızda duran əsas məsələ bu qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, turistlərə göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsidir”.

Zakir Sultanov diqqətə çatdırdı ki, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Vüqar Ürfət oğlu İsayev Qobustan Milli Tarixi-Bədii Qoruğuna direktor təyin olunub. Bildirildi ki, V.İsayev bu təyinatadək Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxış edərək nazirliyin strukturunda aparılan islahatlardan danışdı. Qeyd etdi ki, həyata keçirilən islahatlar nəticəsində nazirliyin tabeliyində olan qoruqlar Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilib: “Ölkəmizdə tarixi, mədəni baxımdan zəngin qoruqlar var. Hazırda onların fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində islahatlar aparılır”.

Rafiq Bayramov bildirdi ki, Qobustan Milli Tarixi-Bədii Qoruğunun fəaliyyəti nazirlik tərəfindən xüsusilə diqqətdə saxlanılır. Qoruq ölkəmizə gələn xarici qonaqların həmişə marağında olduğu üçün burada xidmət səviyyəsi daha da artırılmalıdır.

Yeni direktorun qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcəyinə ümidvar olduğunu vurğulayan nazir müavini Vüqar İsayevi kollektivə təqdim edərək ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Sonda çıxış edən Vüqar İsayev ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirdi, qarşıya qoyulan vəzifələrin icrası üçün çalışacağını dedi.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.3.