Tailandın mədəniyyət naziri ölkəmizdə səfərdə olub
Tailand Krallığının mədəniyyət naziri Vira Rojpojçanarat rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olub. Sentyabrın 30-da mədəniyyət naziri Əbülfəs Qarayev nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Əbülfəs Qarayev Vira Rojpojçanaratı ölkəmizdə görməkdən məmnunluğunu ifadə etdi. Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, mədəni irsin təbliği istiqamətində görülən işlər haqqında söz açdı. Bildirdi ki, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan zəngin mədəniyyətə, tarixi və arxeoloji abidələrə sahibdir. Bu abidələrin qorunması, bərpası və təbliği sahəsində müxtəlif layihələr gerçəkləşdirilir.
İki ölkə arasında münasibətlərə toxunan Əbülfəs Qarayev mədəniyyət sahəsində əlaqələrin perspektivlərindən danışdı, Azərbaycanın bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
Səmimi qəbula görə minnətdarlığını bildirən Vira Rojpojçanarat ölkəmizdə olmaqdan məmnunluğunu dilə gətirdi. Səfəri çərçivəsində ölkəmizin mədəni həyatı ilə tanış olmaq imkanı qazandığını da deyən qonaq Azərbaycan mədəniyyətinin Tailand vətəndaşları üçün maraqlı ola biləcəyini söylədi.
Görüşdə mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
* * *
Tailand Krallığının mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyini ziyarət etdi. Qonaqlara Azərbaycan xalçaçılığının tarixi, xalçaçılıq məktəbləri, xalçaların hazırlanması qaydaları haqqında məlumat verildi, Azərbaycan xalçalarının dünyada təbliği istiqamətində görülən işlərdən danışıldı. Vira Rojpojçanarat muzeyin qonaqlar kitabına ürək sözlərini yazdı.
Tailandın nümayəndə heyəti daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinə baş çəkdi. Muzeyin ekspozisiyası, qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən əsərlərlə tanışlıq qonaqlarda xoş təəssürat yaratdı.
F.HÜSEYNOV
Mədəniyyət.- 2018.- 5 oktyabr.-
S.3.