Cahana sığmayan dahi
Nəsiminin ölməz ideyaları
işığında söz, sənət,
mənəviyyat festivalı
Sentyabrın
27-dən 30-dək ölkəmizdə ilk dəfə dahi Azərbaycan
şairi, Orta əsrlər Şərqinin böyük mütəfəkkiri
İmadəddin Nəsimiyə həsr olunmuş şeir, incəsənət
və mənəviyyat festivalı keçirildi.
Heydər Əliyev Fondunun təşkilatçılığı,
Mədəniyyət Nazirliyinin dəstəyi
ilə keçirilən festivalın ideya
müəllifi Fondun vitse-prezidenti
Leyla Əliyevadır. Şairin ata yurdu Şamaxıda başlanan festival sentyabrın
28-dən Bakıda zəngin
proqramla davam etdi.
Heydər Əliyev Mərkəzində
Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının
təntənəli açılış
mərasiminə rəsmilər,
elm və mədəniyyət
xadimləri, sənətsevərlər
qatılmışdı.
Mərkəzin foyesində festival çərçivəsində
üç ekspozisiya
– “Live Life” (“Canlı həyat”),
“Hürufilik: incəsənət
və identiklik” və Brayn İnonun
“77 milyon rəsm əsəri” sərgiləri
təqdim edildi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirakçılara
festivalın açılışı
münasibətilə təbriklərini
çatdırdı, tədbirin
dünyada incəsənətin,
mədəniyyətin inkişafına
mühüm töhfə
olacağına əminliyini
ifadə etdi. Nəsimi
ideyalarının əbədiliyi,
onun Azərbaycan poeziyasının inkişafında
əhəmiyyətli rolu
vurğulandı: “Biz bu
festivalda Nəsimi poeziyasının ruhunu musiqi, rəqs, incəsənət, video-instalyasiyalar,
yoqa meditasiyası vasitəsilə kəşf
edəcəyik və şüurun dərinliyinə
səyahət edəcəyik”.
Sərgilər barədə məlumat
verən Leyla Əliyeva müəllifi olduğu “Live Life” sərgisinin
London, Berlin, Moskva, Paris və
Tbilisidə nümayiş
etdirildiyini, diqqəti
ekoloji problemlərə
yönəltdiyini bildirdi.
Qeyd etdi ki, sərgi,
eyni zamanda bizim planetin gözəlliyini və bütün insanların birliyini vurğulayır.
Diqqətə çatdırıldı ki, Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) Barcil İncəsənət
Fondu tərəfindən
təqdim olunan “Hürufilik: incəsənət
və identiklik” sərgisində ərəb
ölkələrində yaşayan
müasir rəssamların
işləri, Brayn İnonun “77 milyon rəsm əsəri” sərgisində isə musiqi və video-art instalyasiyası nümayiş
olunur.
“Ümidvaram ki, bu festival nəticəsində
Nəsimi poeziyasının
bir çox yeni oxucuları üzə çıxacaq
və planetimizə daha müsbət ideyalar yayacaqlar”, - deyən Leyla Əliyeva festivalın işinə uğurlar arzuladı.
Barcil İncəsənət
Fondunun nümayəndəsi
Çarlz Pokok, Nəsimi nəslinin davamçısı Məhəmməd
Nəsimi festivalın
təşkilinə görə
təşəkkür etdilər. Məhəmməd
Nəsimi ulu baba yurdu Azərbaycana
gəlməyindən hədsiz
şad olduğunu dedi.
* * *
Mərasimdə jurnalistlərə açıqlama
verən mədəniyyət
naziri Əbülfəs
Qarayev bildirdi ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası
əsasında qurulub:
“Bu festival həm yaradıcılıq,
həm də incəsənətin müxtəlif
formalarını özündə
birləşdirir. Nəsimi festivalı
şairin yaradıcılığına
müxtəlif baxışları
bir araya gətirərək onun ideyalarının hər zaman aktual olduğunu
göstərir”.
Həyat
həm də yaradıcılıqdır...
Sonra mərasim iştirakçıları
sərgilərlə tanış oldular.
“Live Life”
sərgisində Leyla Əliyeva, Məryəm Ələkbərli, Ayləl
Heydərova, Nailə
Sultan, Rəhim Çopurov,
Timur Özdəmirov, Vasif Nəcəfzadə və Xəzər Nəbiyevin əsərləri
təqdim edilirdi. Əsərlərə baxan tamaşaçı
bir daha bu qənaətə gəlir ki, həyat yaradıcılıqdır.
Bu baxımdan həyatı mənalı
yaşamağı bacarmaq
da yaradıcılıq
hesab oluna bilər.
“Hürufilik: incəsənət
və identiklik” sərgisində BƏƏ-nin
Barcil İncəsənət
Fondunun kolleksiyasından
30-dan çox rəngkarlıq,
heykəltəraşlıq və qrafika nümunələri nümayiş
olunurdu. Sərgidə hürufilik fəlsəfəsinin
tarixi ilə bağlı yaradıcılıq
nümunələri yer
almışdı.
“77 milyon rəsm
əsəri” sərgisi
isə görkəmli
britaniyalı bəstəkar
Brayn İnonun yaratdığı vizual və səs elementlərinin saysız-hesabsız
kombinasiyalarını özündə
birləşdirir. Rəsm əsərləri tamaşaçının bilavasitə
gözləri qarşısında
alqoritmik şəkildə
yaradılmaqla daim inkişaf etməkdə olan audiovizual kaleydoskop tipli video-effektləri formalaşdırır.
Bu nümunələr indiyədək Tokiodan Romayadək bir çox şəhərlərdə
nümayiş olunub.
Faciəli taleyin musiqi ilə təqdimi...
Mərasimdə daha sonra dahi
şairin sənət
ziyasının əbədiliyini
təsdiqləyən konsert
proqramı təqdim edildi. Xalq artisti Fəxrəddin Kərimovun
dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası görkəmli bəstəkar
Fikrət Əmirovun “Nəsimi dastanı” və İsmayıl Hacıbəyovun “Memorial” əsərlərindən
parçaları ifa etdi.
45 il əvvəl, mütəfəkkirin anadan
olmasının 600 illiyi
münasibətilə yazılan
“Nəsimi dastanı” səhnədə yenidən
böyük şairin
faciəli ömrünün
akkordlarını dinləyicilərə
çatdırırdı. Azərbaycan musiqi
sənətinin dəyərli
nümunələrindən olan “Memorial” kantatası isə maraqlı tembri və təzadları, emosional təsiri ilə bəşərin ikili keyfiyyəti haqqında düşünməyə vadar
edir.
Sonra musiqi gecəsi Azərbaycan əsilli britaniyalı müğənni Sami Yusufun çıxışı ilə davam etdi. İfalarında Şərqlə Qərbin vəhdətini yaratmış Sami Yusuf populyar musiqilərini səsləndirməklə yanaşı, festivalın əhəmiyyətindən də söz açaraq təşkilatçılara minnətdarlığını bildirdi, Nəsimi dühasının əbədiyaşar olduğunu vurğuladı. O, Nəsimiyə həsr etdiyi kompozisiyanı və Azərbaycan xalq mahnısı “Sarı gəlin”i təqdim etdi. Müğənninin çıxışı sürəkli alqışlarla qarşılandı.
Proqramda daha sonra
Əməkdar artist Tünzalə
Ağayevanın Nəsiminin sözlərinə bəstələdiyi
“Dua” mahnısı səsləndi, Azərbaycan
Milli Konservatoriyasının “Əsrlərin
sədası” qədim musiqi alətləri
ansamblı isə xüsusi layihə ilə
tamaşaçıların könlünü
oxşadı. Ansamblın repertuarı XIV-XV əsrlər
görkəmli Azərbaycan musiqiçisi
Əbdülqadir Marağayinin bəstələri
əsasında müasir bəstəkarların
yeni kompozisiyalarından təşkil edilmişdi.
Mədəniyyət.- 2018.- 5 oktyabr.-
S.4.