Gəldi “Bahariyyə”nin sədası...

 

 

 

Sentyabrın 29-da Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Daş Salnamə Muzeyində “Bahariyyə” adlı musiqi layihəsinin təqdimatı keçirildi.

Tədbirdə  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, elm və mədəniyyət xadimləri iştirak edirdi.

Əvvəlcə festivalın qonağı olan türkiyəli musiqiçi Görkəm Şənin ixtira etdiyiyay-baharmusiqi aləti haqqında məlumatı və ifası dinlənildi.  Musiqiçi bildirdi ki, sufi musiqisindən bəhrələnərək yaratdığı bu alət öz başlanğıcını səssizlikdən götürür. Alət sülh və əmin-amanlıq ifadə edir, bu musiqinin ruhu sülh və işıqdır.

Daha sonra “Bahariyyə” layihəsi təqdim edildi. Layihə muğamelektron musiqinin vəhdəti ilə gecəni daha da yaddaqalan etdi. Xalq artisti Teyyub Aslanov, əməkdar artistlər Əliağa Sədiyev (tar), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara), beynəlxalq müsabiqələr laureatı Elnur Mikayılov və musiqi dizaynı üzrə mütəxəssis Fərhad Fərzəliyevin (elektron musiqi) təqdimatında Nəsiminin poetik dünyası muğam sənətinin və elektron musiqinin dili ilə sənətsevərlərə təqdim olundu. Bəşəri sevgi və mənəvi oyanış mövzularını ifadə edən sözmuğam gecəyə xüsusi rəng qatdı. Layihənin sonunda ifaçılar bir neçə dəfə səhnəyə dəvət edilərək sürəkli alqışlarla mükafatlandırıldılar.

 

Reallıq, xəyal və məntiq

 

Eksperimentalqeyri-adi musiqi janrlarını özündə ehtiva edən “Bahariyyə”  layihəsinin müəllifi Əməkdar incəsənət xadimi, sənətşünas Cahangir Səlimxanovdur.

Həmin gecə Azərbaycan muğamı Nəsiminin söz dünyasından gözəl bir libas geyinmişdi. Şairin yaradıcılığının əsasını onun irfani görüşləri və fəlsəfi mülahizələri təşkil edir. Nəsimi bahariyyələrini alimlər söz sənətkarlığı və irfanın uğurlu sintezi kimi xarakterizə edirlər. “Bahariyyə” eksperimental layihəsi sanki bizə səsin görünən və görünməyən tərəflərindən soraq verirdi.

Nəsimi deyir: “Bu gün xoş keç, qoy yarını, qərəz xoş andır ədəmdən”. Yəni sufi dəyişdirə bilməyəcəyi dünənə, qüdrəti xaricində olan sabaha bağlanmamalı, yaşadığı anın dəyərini bilməlidir. Musiqi layihəsi də insanı belə bir düşüncəyə kökləyir. Bu məqamda layihənin kosmik, industrial səslərdən yol alaraq balabanla tamamlanması heç də təsadüfi deyil. İnsan sanki bu səslərin içində özünü axtarır, özünə doğru can atır. Fikrimizcə, insan səsinin ona qalaktikadan hay verməsi də simvolik xarakter daşıyırdı...

Üzeyir Hacıbəylinin “Koroğlu” operasından bir parçanın səslənməsi ilə “Rast” ladı intonasiyaları üzərində qurulan əsər özlüyündə Nəsimi əhvalını təlqin edir. “Rastfarscadan tərcümədə “düz, dürüst” deməkdir. “Həqq mənəm” deyən şairin də dünyagörüşünə uyğun olan bu girişdən sonraDügah” və “Zəminxarə” muğamları səsləndi. Təbiətin oyanmacanlanma metaforası dolayı yolla mənəvi oyanmaşüurun yeni səviyyəsinə çatması üçün zəruri olan ekstremal vəziyyətlə əlaqələndirilir. Layihədə bu əhval-ruhiyyə muğamın kompleks poetik məzmununu anlamağa kömək edir.

“Bahariyyə” muğam sənətinin yazılı və elektron səslər vasitəsilə yeddi dinamik qarşılaşmadan keçdiyi konsert proqramıdır. Layihədə tətbiq edilmiş musiqili istinadlara Fikrət Əmirovun “Azərbaycan kapriççiosunun mövzusu, müasir caz, hip-hop və digər musiqi janrlarından çoxlu məqamlar, canlı solo tarla bərabər görkəmli tarzənlər Hacı Məmmədov, Bəhram Mansurov, Əkrəm Məmmədov və Ağasəlim Abdullayevin lentə alınmış ifası ilə dialoq, Avropa bəstəkarlarından - ümumilikdə 42 fraqmentdən ibarət çoxsaylı peyzaj daxildir.

 

Həqiqətə çağırış

 

Bəs “Bahariyyə” layihəsi haqqında onun iştirakçıları nə fikirdədir?

Teyyub Aslanov: “Nəsimi fəlsəfəsi insanları həqiqət işığına çağıraraq maarifçilik və mənəvi dəyərlərin, insanın daxili dünyasının təmizliyinin, möhtəşəmliyinin simvoludur. Bizbu gün söz, sənət və yeni yanaşmalarla səhnədən tamaşaçıya bu gözəlliyi çatdırmağa çalışdıq”.

Əliağa Sədiyev: “İlk dəfə olaraq muğam elektron musiqinin belə bir formasının sintezində təqdim olundu. Buna görə də “Bahariyyə” yeni bir səs, təbiət və insan düşüncəsi ilə birliyin xüsusi mənasını ehtiva edir”. 

Fərhad Fərzəliyev: “Musiqiyə bu cür yanaşma daha geniş bədii imkanların ortaya çıxması üçün bir fürsətdir. Musiqimiz o qədər zəngindir ki, hər kəsə yalnız öz potensialını və ideyalarını başa düşmək üçün deyil, eyni zamanda dünya təcrübəsindən istifadə edərək öz yolunu tapmağa, yeni axtarışlar aparmağa meydan açır. Buna görə Nəsimi Festivalı həm musiqiçiyə, həm də tamaşaçıya öz həqiqətlərini tapmaq imkanı yaradır”.

Bir sözlə, “Bahariyyə” layihəsi həmin gecə hər kəsi Nəsimi sözünün sehrinə, milli musiqimizin möhtəşəmliyinə bir daha inandırdı.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.4.