Muğam sənətimizin unudulmaz ustadı

 

Bülbülcana həsr olunmuş kitabın təqdimatı keçirildi

 

Oktyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, xanəndə Bülbülcana (Əbdülbaqi Zülalov; 1841-1927) həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdi.

Gülhüseyn Kazımlı və Vasif Quliyev tərəfindən qələmə alınan kitab Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib, Azərbaycan və gürcü dillərində çap edilib.

Mərasimdə çıxış edən Gülhüseyn Kazımlı Bülbülcanın musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışdı. Bülbülcanı fenomenal sənətkar kimi xarakterizə edən natiq onun yaradıcılıq yolu haqqında məlumat verdi. Bildirdi ki, kitabda muğam tariximizin ən parlaq səhifələrindən birini təşkil edən sənətkarın həyat və fəaliyyətinə nəzər yetirilir.

Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək nəşrin əhəmiyyətini diqqətə çatdırdı. Dövlətimizin həyata keçirdiyi mədəniyyət siyasətindən söz açan nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan bəhs etdi. Vurğuladı ki, bu qayğı sayəsində muğam sənətimiz də dünyada daha geniş tanınır və təbliğ olunur. Azərbaycan muğamı ölkəmizin digər 10 mədəni irs nümunəsi ilə birlikdə UNESCO-nun siyahısında yer alıb.

Nazir Bülbülcanın muğam sənətimizin inkişafına verdiyi töhfələrdən də danışdı. Bildirdi ki, Şuşada anadan olan sənətkar ömrünün 30 ilini Tiflisdə yaşayıb, Azərbaycan musiqisini, muğamını bu şəhərdə yüksək səviyyədə təbliğ edib. Tiflisdə elə bir yüksək səviyyəli məclis yox idi ki, Bülbülcanonun ifaçılar dəstəsi ora dəvət edilməsin. Bülbülcan yaradıcılığının hər zaman diqqətdə olduğunu deyən nazir bildirdi ki, sənətkarın büstü Beynəlxalq Muğam Mərkəzində ucaldılıb. 2016-cı ildə onun 175 illik yubileyi bu məkanda qeyd edilib.

Daha sonra Xalq artisti Arif Babayev, Bülbülcanın nəticəsi Zemfira Zülalova çıxış edərək sənətkarın yaradıcılığı haqqında fikirlərini bölüşdülər.

Tədbir muğam ifaçılarının konsert proqramı ilə davam etdi.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.5.