Millətin istiqbalı yolunda ömrünü fəda edənlər

 

Qazax şairi Mağcan Cumabaya həsr olunan kitabların təqdimatı

 

TÜRKSOY təşkilatı 2018-ci ili qazax şairi Mağcan Cumabayın (1893-1938) xatirə ili elan edib. Şairin 125 illiyi münasibətilə “TÜRKSOY kitabxanası seriyası”ndan AnkaradaMağcan Cumabay. Türküstan” və “Mağcan Cumabay şeirləri” kitabları nəşr olunub. Sentyabrın 28-də Azərbaycan Milli Kitabxanasında nəşrlərin təqdimatı keçirildi.

Mərasimi Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirdi ki, TÜRKSOY türkdilli xalqların ədəbiyyatının dünyada təbliği yönündə məqsədyönlü layihələr həyata keçirir. Milli Kitabxana bu sahədə təşkilatla sıx əməkdaşlıq edir. Diqqətə çatdırıldı ki, TÜRKSOY 2018-ci ili dahi Azərbaycan bəstəkarı Qara Qarayev, görkəmli qazax şairi Mağcan Cumabayböyük qırğız yazıçısı Çingiz Aytmatovun xatirə ili elan edib. Təqdim edilən kitablar qazax şairinə və ümumilikdə türk ədəbiyyatına ədəbi abidədir.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Milli Kitabxananın 95 illiyi münasibətilə təşkil edilən konfrans çərçivəsində keçirilən təqdimatı təqdirəlayiq hal kimi dəyərləndirdi. Vurğuladı ki, TÜRKSOY tərəfindən reallaşdırılan bu cür layihələrin məqsədi türk mədəniyyətini tanıtmaq və təbliğ etməkdir. Belə layihələr sırasında “Türk dünyasının mədəniyyət paytaxtı”, görkəmli şəxsiyyətlərin yubileyləri, eyni zamanda görkəmli elm və mədəniyyət xadimlərinin anma ilinin elan edilməsi çox səmərəli və türk xalqlarının bir-birini daha yaxından tanımasına xidmət edən əlamətdar hadisələrdir.

Nazirin birinci müavini diqqətə çatdırdı ki, biz bu tədbir vasitəsilə xalqının azadlığını sevən qürurlu şairin şəxsiyyətinə daha da yaxından bələd oluruq. Təqdim edilən kitablar türkdilli xalqlar üçün dəyərli töhfədir: “Çünki oxucular bu kitablarda Mağcan Cumabayın ziddiyyətli həyatı ilə tanış olmaqla bərabər, həm də türk xalqlarının oxşar talelərinin şahidi olurlar. Sovet rejiminin qurbanı olan şairin yaratdığı nümunələrin çox hissəsi məhv edilib. Lakin bu gün qazax xalqı onun irsinə böyük ehtiramla yanaşır. Çünki o, xalqının azadlığı uğrunda canından keçib”.

TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş təşkilatın rəhbəri Düsen Kaseinovun salamlarını tədbir iştirakçılarına çatdırdı. O, Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə reallaşan tədbirlər haqqında məlumat verdi. Türk xalqlarının ədəbiyyat və mədəniyyət xadimlərinin əsrin əvvəllərində yaşadığı məhrumiyyətlərə toxunan natiq Mağcan Cumabay və Azərbaycan şairi Əhməd Cavadın həyatı arasında paralellər apardı. Bildirdi ki, hər iki şair millətin istiqbalı yolunda mücadilə edərək 30-cu illər repressiyasının qurbanı olublar.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək Mağcan Cumabayın türk xalqlarının ədəbiyyatında rolundan söz açdı, rus ədiblərinin şair haqqında fikirlərindən nümunələr səsləndirdi. Vurğuladı ki, şair həm milli, həm də ümumbəşəri ideyaları ilə türk ədəbiyyatında öz dəst-xətti ilə seçilir.

Təqdimat mərasimində Şimali Qazaxıstan Vilayəti İcra Hakimiyyətinin nümayəndəsi, filoloq Kemel Ospanov, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Dövlət Universitetinin professoru Zarxın Tarşıbay, filologiya elmləri doktoru Ramiz Əskər çıxış etdilər. Qazaxıstanlı qonaqlar Azərbaycan Milli Kitabxanasının 95 illik yubiley münasibətilə təbriklərini də çatdırdılar.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.6.