Bu kitabxananı niyə belə çox sevirlər?

 

 

Texnoloji yeniliklərin tüğyan etdiyi çağımızda ənənəvi kitablarkitabxana xidməti ilə bağlı narahatlıqlar özünü göstərir. Çap kitablarının öz yerini müəyyən qədər elektron nəşrlərə verməsi, həqiqətən də, üzərindən sükutla keçiləcək məsələ deyil...

Dövrün bu gerçəkliyi bütün dünyada kitabxanalar qarşısında mühüm tələblər qoyur. Ənənəvi çap məhsullarına marağın artırılması üçün innovativ vasitələrin, oxucunu kitabxanaya cəlb edəcək fəaliyyət yollarının tətbiqi artıq zərurətə çevrilib. Ölkəmizdə də bu istiqamətdə, kütləvi xarakter almasa da, müəyyən addımlar atılmaqdadır.

Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) paytaxtın Bakıxanov qəsəbəsində yerləşən 1 saylı filialı oxucuların sevimli məkanına çevrilib. Ötən il açılışı olan yeni konsepsiyalı kitab evi müasir oxucunun tələbləri nəzərə alınaraq yaradılıb. Buraya təkcə Bakıxanov qəsəbəsindən deyil, rayonun digər qəsəbə və kəndlərindən də gələn gənclərin, şagirdlərin sayı çoxdur. Onları bu məkana ilk növbədə kitaba olan maraq gətirsə də, buradakı “Asudə vaxt mərkəzi” və “Book kafe” də oxucuları cəlb etməkdə az rol oynamır.

Həftəsonu mən də yolumu bu kitab evindən saldım. Məktəblilərin kitab seçdiyini, bir neçəsinin kitab oxuduğunu görüb onlara yaxınlaşıram. Bəziləri ədəbiyyat müəllimlərinin məsləhəti, bəziləri isə öz istəyi ilə buraya gəldiyini deyir. S.Vurğunun, M.Ə.Sabirin, A.Şaiqin, V.Hüqonun, M.Arazın kitablarını, eləcə də xalq dastanlarımızı  oxuduqlarını bildirirlər. Bir çoxunun oxuduqları kitablar haqqında dolğun fikirlər söyləməsi məmnunluq doğurur.

Uşaqların bəziləri kiçik bacı-qardaşlarını da kitab evindəki “Asudə vaxt mərkəzi”ndə fəaliyyət göstərən dərnəyə gətirdiklərini deyirlər. Onları gözlədikləri müddətdə isə “Book-kafe”də həm kitab oxuyur, həm də oxuduqlarını, öyrəndiklərini müzakirə edirlər.

Paytaxtın 94, 252, 309, Füzuli rayonu 5 saylı tam orta məktəbin şagirdləri Samir Xəlilov, Yaşar Quluzadə, Bəhmən Təhməzov, Məhəmməd İsmayılov, Nigar Məmmədova, Zülfiyyə Əliyeva və digərlərinə uğur arzulayıb kafedə əyləşən orta nəslin nümayəndələrinə yaxınlaşıram. Bu xanımlar övladlarını “Asudə vaxt mərkəzi”nin müxtəlif məşğələlərinə gətiriblər. Əksəriyyəti deyir ki, valideynin kitab oxuması uşaqda da kitaba maraq yaradır. Həm də burada təşkil edilən məktəbəqədər hazırlıq, rəqs, rəsm dərnəklərinə gələn uşaqlar məşğələdən sonra buradakı “Book kafe”də dincəlib, kitabjurnal oxuyur, internet şəbəkəsindən onlara lazım olan məlumatları əldə edirlər.

Daha sonra bu məkanın rəhbərliyi ilə görüşürəm. Kitabxananın direktoru Şəfiqə Həkimova deyir ki, oxucu sarıdan qıtlıq çəkmirlər. Xüsusən də açıq fond olduğu üçün oxucular daha çox müraciət edirlər. Əsas fond isə Sabunçu rayon MKS-də yerləşir. Əsası 1904-cü ildə Ramana qəsəbəsində qoyulan kitabxana 1971-ci ildə Bakıxanov qəsəbəsinə köçürülüb. Hazırda isə kitab evi kimi fəaliyyət göstərir.

“Asudə vaxt mərkəzi”nin rəhbəri Vüsalə Kərimova ilə “Book-kafe”də gənclər və valideynlərlə söhbət edərkən rastlaşırıq. Bildirir ki, kafe, kurslar və kitabların bir arada olması məktəblilərin marağını xüsusilə cəlb edir və onların faydalı məşğulluğuna şərait yaradır. Bu tipli layihələr dünyanın bir sıra inkişaf etmiş ölkələrində həyata keçirilir. Azərbaycanda da kitabxana sisteminin yenilənməsi istiqamətində işlər davam etdirilir, qabaqcıl ölkələrin bu sahədə təcrübəsindən istifadə olunur”.

Oxucuya sərbəst seçim imkanı verən məkanda həmçinin kompüterlərlə rahat işləmək üçün şərait yaradılıb. Kitab evində olarkən ünsiyyət qurduğum məktəblilər və valideynlər vurğuladılar ki, burada eyni zamanda şahmat, xarici dil, rəqs və digər dərnəklərə üzv olmaq, kompleks xidmətlərdən yararlanmaq mümkündür.

Bakıxanov qəsəbəsi Sülh küçəsi 2 ünvanında yerləşən kitab evini pozitiv hislərlə tərk edirəm. Amma bu dəm bir arzu içimdə baş qaldırır: kaş bütün kitabxanalarımızda işlər belə qurula...

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.7.