Paytaxtda yeni mədəniyyət
və istirahət guşəsi
“Milan Ekspo
2015”dəki milli pavilyonumuz
Bakı bulvarında yenidən qurulub
Azərbaycanın
“Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonu
sökülərək Bakıya gətirilib və Dənizkənarı
Milli Parkın ərazisində yenidən qurulub.
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pavilyonla tanış olublar.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yenidən qurulan pavilyondakı şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib. Binada Azərbaycan mətbəxini, musiqisini və mədəniyyətini təbliğ edən instalyasiyalar quraşdırılıb, müxtəlif iaşə xidməti göstərmək üçün şərait yaradılıb, terras qurulub.
Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonla iştirak edib. Bu layihə Azərbaycanın tarixinin və mədəni irsinin, ölkənin zəngin ekoloji, enerji potensialı və nadir biomüxtəlifliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində böyük rol oynayıb. 2015-ci il mayın 31-dən oktyabrın 31-dək davam edən “Milan Ekspo 2015” sərgisini 23 milyondan çox insan ziyarət edib. Bu müddətdə Azərbaycanın milli pavilyonunda isə 3 milyon 250 mindən çox izləyici olub. “Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli milli pavilyon Milanda 1800 kvadratmetr ərazidə təşkil olunmuşdu. Xarici mətbuat, o cümlədən İtaliyanın aparıcı kütləvi informasiya vasitələri milli pavilyonun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu qeyd ediblər və milli pavilyonumuz “Milan Ekspo” sərgisinin incisi adlandırılıb. Milli pavilyonun əsas özəlliyindən biri onun 3 biosferdən təşkil olunması idi. Diametri 10 metr olan xüsusi şüşə konstruksiyalarından hazırlanmış biosferlər ətraf mühiti və qədim mədəniyyəti daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirib. Sərgi müddətində pavilyonun dördüncü mərtəbəsində fəaliyyət göstərən restoranda Azərbaycan mətbəxinin nümunələri və konsert proqramları təqdim olunub. Milli pavilyon “Milan Ekspo 2015” Təşkilat Komitəsi tərəfindən “Dizayn və materiallar” nominasiyası üzrə qalib elan olunub.
Pavilyonla tanışlıq zamanı “Dubay Ekspo 2020” sərgisində qurulacaq Azərbaycan milli pavilyonunun layihəsi Prezident İlham Əliyevə təqdim olunub. Dövlət başçısı “Dubay Ekspo 2020” sərgisindəki milli pavilyonun tikintisinə başlanılmasına dair tapşırıq verib.
Qeyd edək ki, “Milan Ekspo 2015”dən sonra sökülərək Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan milli pavilyonun inzibati binası 4 mərtəbədən ibarətdir və 6 min kvadratmetr ərazisi var. Burada əlavə yaşıllıq zolaqları salınıb, istirahət üçün sahələr yaradılıb. Pavilyon sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir.
“Milan Ekspo 2015”dəki Azərbaycanın milli pavilyonu Şimal və Cənub, Şərq və Qərb
arasında körpü rolunu
oynayan, qədim tarixi,
zəngin mədəniyyəti ilə seçilən ölkəmizin
bənzərsiz təbii və mədəni xəzinəsini əks
etdirib. Pavilyonun
dalğavarı taxta divarları Azərbaycana
xas olan küləyi,
həmişə burada dövr
edən mədəni və yaradıcı axını simvolizə
edir.
Mədəniyyət.- 2018.- 10
oktybar.- S.2.