Kino tariximizlə bağlı “Keçmişdən səslər”

 

 

Dövlət Film Fondunda retro kino avadanlıqlarının sərgisi açılıb

 

9 oktyabr. Azərbaycan Dövlət Film Fondunun həyəti. Məkan çəkiliş meydançasını, sıralanan fotostendlər isə sanki sərgi salonunu xatırladır. Projektorlar, kinokameralar, səsyazma texnikaları və əksəriyyəti ötən əsrin ikinci yarısına aid müxtəlif cihazlar... Azərbaycan kinosunun tanınmış simaları, rejissoraktyorlar, texniki işçilərin bir araya gəlməsi də ilk baxışdan burada film çəkilişi ab-havasını yaradır. Lakin bütün bu sadaladığım müxtəlif retro kino texnikaları Dövlət Film Fondu və “Azərbaycanfilm” kinostudiyasının birgə hazırladığı “Keçmişdən səslər” adlı maraqlı sərginin eksponatlarıdır və qonaqlar da illər əvvəl çalışdıqları dostları ilə yenidən görüşə gəliblər.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sərgini kinematoqraf, zaman və məhəbbətin vəhdəti kimi səciyyələndirdi: “Çünki buraya toplaşan insanları kinoya olan sevgizaman birləşdirir. Bu texnikaları seyr etdikcə vaxtilə bu gün sevə-sevə izlədiyimiz filmləri ərsəyə gətirən kino xadimlərimizin siması gözlər önündə canlanır”.

“Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov sərginin Azərbaycan kinosunun 120 illiyi çərçivəsində keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, XX əsr Azərbaycan kinosunun tarixində mühüm rol oynamış görkəmli kino xadimlərinin istifadə etdiyi texniki avadanlıqlarla tanış olmaq nostalji hislər yaradır. Sərginin ideya müəllifi, Dövlət Film Fondunun əməkdaşı Yusif Şeyxova təşəkkür edən Müşfiq Hətəmov növbəti sərginin “Azərbaycanfilm” kinostudiyasında qorunan rekvizitlər və filmlərdə istifadə edilən geyimlərdən ibarət olacağını vurğuladı. Qeyd etdi ki, “Çəkiliş meydançasından anlar” adlı fotosərgi Mədəniyyət Nazirliyinin dəstəyi ilə oktyabrın 12-də Muzey Mərkəzində təşkil ediləcək.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.

Tarixə çevrilən avadanlıqlar, yada düşən xatirələr və fotolardan boylanan unudulmaz kino xadimlərinin simaları... Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov eksponatlar haqqında məlumat verir. Deyir ki, “Azərbaycanfilm” kinostudiyasının istehsalat sexlərində və Dövlət Film Fondunun muzey ekspozisiyasında qorunub saxlanan 100-dən artıq texnoloji nümunə bərpa edilərək işlək vəziyyətə gətirilib. Eksponatların sırasında 1930-40-cı illərdə istifadə edilən texnikalar da yer alır.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 10 oktybar.- S.2.