Xalq mahnıları festivalı

 

 

Ulu yaddaşın musiqili ifadəsi

 

Ağızdan-ağıza, yaddaşdan-yaddaşa ötürülərək yaşadılan xalq mahnıları mədəni sərvətlərimizin qiymətli parçasıdır. Bu nəğmələr həm də xalq ruhunun, onun duyğu və düşüncəsinin musiqili ifadəsidir. Ölkəmizdə xalq yaradıcılığının gələcək nəsillərə çatdırılması məqsədilə müxtəlif layihələr həyata keçirilir.

İlk dəfə təşkil edilən Xalq mahnıları festivalı da bu amala xidmət edir. Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının layihəsi olan festival öz işinə oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində elmi konfransla başladı.

“Mədəniyyət” kanalının direktoru, festivalın bədii rəhbəri Ramil Qasımov çıxış edərək bildirdi ki, tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizi çağdaş nəslə bir daha təbliğ etməkdir. Festival çərçivəsində Azərbaycan xalq mahnıları müxtəlif interpretasiyalardasimfonik orkestrin müşayiəti, caz kompozisiyası, xor ifası, muğam üçlüyüansamblla təqdim olunacaq. Bu layihə mədəni həyatımızda əlamətdar hadisələrdən birinə çevriləcək: “Bu gün milli musiqimizin beynəlxalq aləmdə təbliği istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər əvəzsizdir. Bütün musiqiçilər adından mədəniyyətimizin himayədarı olan Mehriban xanıma təşəkkürümüzü bildiririk”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Xalq mahnıları festivalının keçirilməsini önəmli hadisə kimi qiymətləndirdi. Bildirdi ki, illərlə qorunub saxlanılan xalq mahnıları milli-mənəvi zövqümüzün formalaşmasında böyük əhəmiyyət kəsb edir.

Daha sonra Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi “Azərbaycan xalq mahnılarının aranjiman olunması”, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə “Azərbaycan bəstəkarlarının yaradıcılığında xalq mahnılarından istifadə məsələləri”, Milli Konservatoriyanın kafedra müdiri, Xalq artisti Arif Babayev “Tədris prosesində xalq mahnılarının öyrədilməsi”, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Nailə Rəhimbəyli “Folklor İnstitutunun Folklor şöbəsində xalq mahnılarının işlənmə metodikası” mövzusunda məruzələrlə çıxış etdilər.

Festivalın ilk günü axşam Beynəlxalq Muğam Mərkəzində təqdim olunan peşəkar xanəndələrin konserti böyük maraqla qarşılandı.

Bildirək ki, “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festival oktyabrın 12-dək davam edəcək.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2018.- 10 oktybar.- S.2.