Sumqayıt teatrında yeni
tamaşa
Sumqayıt Dövlət Dram Teatrında şair-dramaturq Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsəri əsasında hazırlanmış tamaşaya daxili baxış keçirilib. Tamaşaya Əməkdar artist Namis Şirməmmədov quruluş verib, rəssam Arif Müzəffərovdur. Obrazları Dağlar Rüstəmov, Vəfa Qurbanova, İlqar İbrahimov, İlham Səfərli, Mətanət Əmirullayeva, Akif Mirzəyev, Yalçın Səlimov, Şəmistan Süleymanlı və başqaları ifa edirlər.
Müəllif tərəfindən “başdan-ayağa uydurma” adlandırılan abstrakt komediyada Mamoy kişi hər dəfə yuxu görəndə çin olur. Qorxuya düşən kənd bir nəfərin yuxusunun əsirinə çevrilir. Rejissor versiyasında isə səhnədə baş verən hadisələrin Mamoyun yuxusunda olduğu göstərilir. Kənd camaatı Mamoyu öldürür. Bu, rejissor yozumunda rəmzi xarakter daşıyır, daxilimizdəki xofun, xurafatın, qorxunun ölməsidir.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov və baş rejissor, Xalq artisti Firudin Məhərrəmov çıxış edərək səhnə əsəri ilə bağlı fikirlərini bölüşüb, tövsiyələrini veriblər.
Bədii şuranın qərarı ilə tamaşa qəbul olunub.
Mədəniyyət.- 2018.- 10 oktyabr.-
S.4.