“Azərbaycanın Xalq
artisti” adını şərəflə
daşıyacağam”
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Dövlət Akademik Böyük Teatrının solisti, Azərbaycanın və Rusiyanın məşhur opera müğənnisi Dinara Əliyevaya “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının şəhadətnaməsini və döş nişanını təqdim edib.
Böyük Teatrının səhnəsində Cüzeppe Verdinin “Maskarad” operası göstərilib. Tamaşada baş qəhrəman – Ameliyanın partiyasını Dinara Əliyeva müvəffəqiyyətlə ifa edib.
Tamaşa başa çatandan sonra səhnəyə çıxan səfir Polad Bülbüloğlu deyib: “Bu gün əlamətdar bir gündür. Verdinin ölməz musiqisi yenidən bu gözəl Böyük Teatrın səhnəsində bu mədəniyyət ocağının istedadlı solistlərinin ifasında səsləndi. Valehedici tamaşa, valehedici maestro, gözəl orkestr! Bu gün bəxtim gətirib ki, mən öz Prezidentimin – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığını yerinə yetirirəm və bizim gözəl həmvətənimiz Dinara Əliyevaya “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının şəhadətnaməsini və döş nişanını təqdim edirəm. Biz fəxr edirik ki, Azərbaycan vokal məktəbi dünyaya Dinara Əliyeva, Elçin Əzizov, Yusif Eyvazov və bir çox başqaları kimi müğənnilər bəxş edib. Mən şadam və xoşbəxtəm ki, bu gün Dinara Əliyeva Böyük Teatrın səhnəsində parlayır”.
Dinara Əliyeva ona göstərilmiş yüksək şərəf üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Mən “Azərbaycan Respublikasının Xalq artisti” yüksək adını şərəflə daşıyacağam”.
D.Əliyeva AZƏRTAC-a müsahibəsində qeyd edib ki, Azərbaycanın Xalq artisti adını daşımaq onun üçün böyük şərəfdir. O deyib: “Dahi Verdinin Böyük Teatrda göstərilən “Maskarad” tamaşasında Ameliyanın partiyası mənim debütümdür. Bu gün mənə həm də “Azərbaycan Respublikasının Xalq artisti” adının nişanı və şəhadətnaməsi təqdim edildi. Prezidentimiz İlham Əliyevə və onun gözəl xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Elçin Əzizov, Yusif Eyvazov və bir çox başqa Azərbaycan müğənniləri, o cümlədən mən dünyanın məşhur səhnələrində Azərbaycan musiqisini qürurla təmsil edirik”.
D.Əliyeva vurğulayıb ki,
Azərbaycan bəstəkarlarının əsərlərindən
ibarət albom buraxmağı
planlaşdırır: “Mən Üzeyir
Hacıbəyli, Qara Qarayev
və başqa Azərbaycan bəstəkarlarının
əsərlərini dünyanın ən böyük
səhnələrində dəfələrlə ifa etmişəm. Bu, çox vacibdir. Biz öz bəstəkarlarımızı
sevməli və qiymətləndirməliyik”.
Mədəniyyət.- 2018.- 10 oktyabr.-
S.5.