Mədəni əlaqələrimizi bütün istiqamətlərdə inkişaf etdirmək istəyirik

 

 

Qalina Zoteyeva: “Azərbaycan kimi yüksək mədəni səviyyəli, incəsənətin, teatrın, opera sənətinin inkişaf etdiyi bir ölkə ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir

 

Ötən saylarımızda xəbər verdiyimiz kimi, sentyabrın 18-dən 21-dək Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən IV Xəzər Media Forumunda  Azərbaycandan geniş nümayəndə heyəti iştirak etmişdi. Forumun toplantıları ilə bərabər nümayəndə heyətləri üçün mədəni proqram, eləcə də Həştərxan vilayətinin rəsmiləri ilə görüşlər təşkil edilmişdi. Vilayət Hökuməti sədrinin müavini – mədəniyyət və turizm naziri Qalina Zoteyeva ilə bu sətirlərin müəllifinin iştirak etdiyi görüş də maraqlı keçdi...

Amma öncə bir neçə kəlmə Həştərxan haqqında. Həştərxan vilayətinin ərazisi 49 min kv km, əhalisi 1 milyona yaxın, o cümlədən Həştərxan şəhərinin əhalisi 534 min nəfərdir. Vilayətdə 120-dən çox, təkcə Həştərxan şəhərində 100-dən artıq millətin nümayəndələri yaşayır, 14 dini konfessiya, 17 milli-mədəni cəmiyyət fəaliyyət göstərir. Şəhər əhalisinin əksəriyyətini ruslar (78 faiz) təşkil edir, tatar (7) və qazax (5,5) icmasından sonra azərbaycanlılar 4-cü (1,3 faiz) yerdədir.

 

Hacı-Tərxandan tarixdə qalanlar

 

Əslində, dörd əsrə yaxın tarixi olmuş qədim şəhərdən heç nə qalmayıb. XIII-XIV əsrlərdə Hacı-Tərxan (Həştərxan) Qızıl Ordanın ən inkişaf etmiş şəhərlərindən, Böyük İpək Yolunun mühüm ticarət qovşaqlarından biri olub. Qızıl Ordanın süqutundan sonra yaranan Həştərxan xanlığının paytaxtına (1459) çevrilib. Yüz il sonra – 1556-cı ildə çar İvan Qroznı Həştərxan xanlığını Rusiyaya birləşdirəndən sonra bu şəhərin də tarixi başa çatır. 1558-ci ildə ruslar tarixi şəhər yerindən aralıda Volqaonun qolları arasındakı adada yeni qalanın – indiki Həştərxanın təməlini qoyurlar. Həmin dövrün yadigarı – Həştərxan Kremli bu gün mədəni irs baxımdan şəhərin əsas vizit kartıdır.

Yeri gəlmişkən, Həştərxanla əlaqələrimizin tarixiyeni şəhərin salınmasından sonraya təsadüf edir. Həmin dövrdən etibarən dəniz (gəmi) yolu ilə rus və azərbaycanlı tacirlərin ticarəti başlayıb. Çar dövründə isə Azərbaycana köçürülən rus (molokan) əhalinin böyük hissəsi Həştərxandan gəlib. Astraxanbazar (indiki Cəlilabad), Astraxanovka (Şamaxıda kənd) kimi yer adları da o köçdən qalan izlər olub. Sovet zamanında təsərrüfat-sənaye və qeyri əlaqələr inkişaf edib.

 

Azərbaycanın sıx əməkdaşlıq qurduğu vilayət

 

Müasir dövrdə isə Həştərxan vilayəti Azərbaycanın ən sıx əməkdaşlıq qurduğu RF subyektlərindən biridir. 2011-ci ildə Həştərxan Vilayəti Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş, 2016-cı ildə Həştərxanla Bakının Nərimanov rayonu arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Həmin razılaşmanın bəndlərindən biri Həştərxanda Azərbaycanın biznes mərkəzlərinin açılması barədə idi.

Son illər Həştərxanda Heydər Əliyev Fondunun fəal iştirakı ilə həyata keçirilən layihələr ikitərəfli əlaqələrə daha geniş zəmin yaradıb. Şəhərdəki Heydər Əliyev adına orta məktəbin binasının təmiri, “Dostluquşaq bağçası, Heydər Əliyev parkı, buradakı uşaq əyləncə şəhərciyi və s. buna misaldır. Knyaz Vladimirin abidəsi də Fondun həştərxanlılara hədiyyəsidir. Fondunun təşəbbüsü ilə 2016-cı ildə təməli qoyulanbu ilin mayında açılışı keçirilən Azərbaycan Biznes Mərkəzi isə “Made in Azerbaijanbrendinin xaricdə tanıdılması istiqamətində mühüm addımdır. Sərgi və konfrans zalları ilə yanaşı, mini hotelinolduğu mərkəz Bakı küçəsində yerləşir. Ümumiyyətlə, Həştərxanda Azərbaycan, Bakı adlarına xüsusi münasibət var, vilayətin rayonlarından biri vaxtilə burada siyasi fəaliyyət göstərmiş Nəriman Nərimanovun adını daşıyır.

 

Mədəni əlaqələr ikitərəfli münasibətlərərəng qata bilər

 

Mədəni əlaqələrin inkişafı isə ikitərəfli münasibətləri daha da rəngləndirə bilər. Vilayətin mədəniyyət və turizm naziri Qalina Zoteyeva da bizimlə söhbətə bu mövzudan başladı. Qeyd edim ki, görüşə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təmsilçisi də qatılmışdı və söhbət tədricən mədəni əlaqələrdən turizm əməkdaşlığına keçdi.

Qalina Zoteyeva: Biz bilirik ki, Azərbaycanda incəsənət, teatr, o cümlədən opera sənəti yüksək səviyyədə inkişaf edib. Çünki sizin opera ifaçılarınız Həştərxanda çıxış ediblər və bizim sənətsevərlər onlara heyran olublar. Odur ki, teatrlar arasında əməkdaşlığın inkişafı, birgə opera tamaşalarının qoyulması perspektivli bir istiqamət ola bilər. Dirijor və solistlərin mübadiləsi yaxşıdır, bu proses gedir, amma kollektivlərarası qastrol mübadiləsini təşkil etmək də yaxşı olardı. Artıq bir neçə ildir ki, Həştərxan Kremlində, açıq havada, canlı dekorasiyalarda rus operalarının tamaşalarını qoyuruq. Yəni burada xüsusi dekorasiyalar qurmaqbu da əlavə xərc deməkdir – lazım deyil. Onu da deyim ki, 2014-cü ildə Azərbaycan Dövlət OperaBalet Teatrının solistləri Həştərxan Kremlində “Knyaz İqoropera tamaşasında iştirak ediblər. Həştərxan başdan-başa şəhər-dekorasiyadır. Yəqin sizgördünüz ki, şəhərdə ötən əsrlərin yadigarı olan çoxlu binalar var. Burada klassik əsərlər üzrə və müasir mövzuda 30-dan çox film çəkilib. Məsələn, bəzi məhəllələrdə 19-cu əsrin ab-havasını yaratmaq üçün elə bir dekorasiyaya da ehtiyac olmur. Bu yaxınlarda fransız kinematoqrafçılar Aleksandr Dümanın Həştərxana səfəri barədə film çəkmək istədiklərini bildiriblər. Bilirik ki, Düma Azərbaycanda da olub. Yəni bu layihə Azərbaycan üçün də maraqlı ola bilər. Ümumiyyətlə, incəsənətin müxtəlif sahələrində əməkdaşlıq üçün perspektivlər var. Həştərxanda hər il müxtəlif festivallar keçirilir. Bizim Xəzər və digər regionların qatıldığı beş festivalımız var. Bu baxımdan Azərbaycanla – yüksək mədəni səviyyəli, incəsənətin, teatrın, opera sənətinin inkişaf etdiyi bir ölkə ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir.

Bu yerdə Azərbaycanda keçirilən beynəlxalq mədəniyyət tədbirləri, festivallar barədə məlumat verərək, ölkəmizin incəsənət ustalarının Xəzəryanı region üzrə festivallarda, o cümlədən Həştərxanda “Xəzər sahilikukla teatrları festivalında, “Qızıl çölün səsləri” musiqi festivalında təmsil olunduğunu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Həştərxan Gənc Tamaşaçılar Teatrı ilə artıq bir neçə ildir əməkdaşlıq etdiyini xanım nazirin diqqətinə çatdırırıq.

Söhbəti davam etdirən Qalina Zoteyeva ötən illərdə Həştərxan OperaBalet Teatrının, Həştərxan Dövlət Mahnı və Rəqs Ansamblının Bakıda çıxış etdiyini, eləcə də Azərbaycan Dövlət Rus Dram Teatrının Həştərxanda qastrolda olduğunu xatırladır:

- Göründüyü kimi, bu əlaqələrin bazası var. Həştərxan və Bakının Gənc Tamaşaçılar teatrlarının əməkdaşlığı, yaradıcılıq mübadiləsi yaxşıdır, bunu digər teatrlar arasında da genişləndirmək olar. Birgə opera tamaşaları qoymaq, əlbəttə, böyük xərc tələb edir. Odur ki, ilk addım olaraq opera solistlərinin birgə qala-konsertlərini təşkil etmək olar. Ötən il Azərbaycandan Fəridə Məmmədova burada çıxış etdi və möhtəşəm ifası ilə bizi heyran etdi. Bizimsizin ifaçılar Azərbaycanın opera teatrının orkestri ilə Bakıda, eləcə də hər iki teatrın solistləri Həştərxanda konsertlər verə bilər. Həm də yaradıcı insanlar bir-birini yaxından tanıyarlar. Teatr direktorları arasında əlaqələri inkişaf etdirmək lazımdır. Biz bunda maraqlıyıq, qoy görüşsünlər, tamaşalara baxsınlar, bir-birilərinin yaradıcılıq, texniki imkanları ilə tanış olsunlar.

 

Xalqlarımızın mədəni zənginliyini bir-birinə tanıtmalıyıq

 

Nazir Zoteyeva 2017-ci ildən Aktauda (Qazaxıstan) təşkil olunan Xəzəryanı ölkələrin teatr festivalını genişləndirmək barədə fikrimizibölüşür. Deyir ki, bu festivalı növbə ilə Xəzəryanı ölkələrin hər birində təşkil etmək olar. Bu da mədəni əməkdaşlığın bir qolu ola bilər.

- Regional festivallar şəbəkəsi hələ arzuolunan səviyyədə deyil. Buraya folklor kollektivlərinin festivalını əlavə etmək olar. Bu həm də insanları cəlb edir. Həştərxanda “Qızıl çölün səsləri” festivalı, “Cənub bazarı” entoyarmarkası keçirilir. Onları bir formatda birləşdirib, Xəzəryanı ölkələrin etnoqrafiyasını – xalq sənətkarlığını və s. əlavə edib genişmiqyaslı festivala çevirmək olar. Qoy xalqlarımız bir-birinin yaradıcı zənginliyini görsünlər. Azərbaycanda olduğu kimi, Həştərxanda da müxtəlif millətlər yaşayır. Bu müstəvidə də əlaqələr qurmaq, xalqların – diasporicmalar səviyyəsində mədəni zənginliyini, adət-ənənə və irsini göstərmək, bir-biri ilə tanış etmək olar.

Həştərxanda Azərbaycanın biznes mərkəzi var, Bakıda da Həştərxan vilayətinin belə bir mərkəzi inşa edilir. Bu iki məkanı gələcəkdə qarşılıqlı mədəni tədbirlər, sərgi və nümayişlər meydanı kimi də istifadə etmək mümkündür. Bu cür mübadilə eyni zamanda turizmin, mədəni turizmin inkişafına da təkandır.

Bu məqamda Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə söhbətə qoşularaq ölkəmizin Rusiya ilə turizm əməkdaşlığı, birgə layihələr, regional paketlər barədə fikirlərini bölüşür. Qeyd olunur ki, mövcud yol-nəqliyyat infrastrukturunun yetərsizliyi konkret olaraq Həştərxan vilayəti ilə belə layihələri reallaşdırmağa hələlik imkan vermir. Dəniz turizmi ən sərfəli yol ola bilər. Amma kruiz turizminə, bahalı laynerlə səfərə hamının imkanı yoxdur. Ona görə də ekonom – azbüdcəli gəmi səfərləri barədə düşünmək lazımdır.

Bu arada biz də xatırladırıq ki, hələ ötən əsrin əvvəlində Bakıdan Həştərxana, Ənzəliyə, Türkmənistana gəmi (paroxod) səfərləri, demək olar ki, hər həftə vardı. Bu ən sərfəli nəqliyyat idi. Azərbaycanın teatr truppaları da tez-tez Həştərxana tamaşalar göstərməyə gəlirdi. Amma 21-ci əsrdə bu yol sanki unudulub.

Q.Zoteyeva: Yol-nəqliyyat infrastrukturu, həqiqətən də, bizim problemli yerimizdir. Odur ki, azbüdcəli gəmi səfərləri təşkil etmək yaxşı olardı. Yüz il əvvəl bizim belə əlaqələrimiz olubsa, onu niyə də dirçəltməyək. Yol olsa mədəni əlaqələr də inkişaf edəcək. Mədəni, insani əlaqələr, canlı ünsiyyət bütövlükdə ölkələrarası əlaqələrə mühüm zəmindir. Mədəniyyət geniş anlamda həm də biznes əlaqələri üçün bir növ birləşdirici tellərdir. Əgər biz Bakı operasının solistlərini, siz də Həştərxan teatrının solistlərini dinləyib onlara heyran oluruqsabu artıq daha geniş formatda əlaqələrə bir təkan olur. Bakıdan buraya, buradan Bakıya biznes məqsədilə səfər edənlər teatrı da ziyarət etmək, belə parlaq ifaları dinləməyi mütləq istəyəcək.

Biz hazırda “Mədəniyyətin İpək Yolu” Beynəlxalq Mədəniyyət Mərkəzi layihəsini həyata keçirmək istəyirik. Bu, qeyri-kommersiya, sırf mədəniyyətlə bağlı layihədir. Burada Azərbaycandan dostlarımızı görmək istərdik. Rusiya Prezidenti MDB məkanı ilə mədəni əlaqələrə xüsusi önəm verirbu istiqamətdə Həştərxan mühüm rolu üzərinə götürə bilər. Azərbaycan bizim üçün yaxın bir ölkə, tərəfdaşdır. Çünki bizi Xəzər birləşdirir. Mədəniyyətlərimizin tarixi əlaqələri var. Həştərxanda biz yerli azərbaycanlı, qazax, digər diasporların iştirakı ilə Novruz  bayramını da qeyd edirik. Sabantuy, Maslenintsa, Novruz bir arada qeyd olunur. Birgə mədəni irs turları təşkil edə bilərik. Qeyd etdiyim kimi, teatrların əməkdaşlığı üçün yaxşı baza var. Bayaq qeyd etdiyim Həştərxan Kremlində opera tamaşaları layihəsini birgə həyata keçirə bilərik. Bir sözlə, biz Azərbaycanla mədəni əlaqələri bütün istiqamətlərdə inkişaf etdirmək istəyirik.

Xanım Zoteyeva görüşün sonunda tarixi məkanda açıq hava tamaşaları layihəsini təkrar xatırladanda biz də əlavə etdik ki, Azərbaycanda da Qobustan tarixi-bədii qoruğunda qayaüstü rəsmlər fonunda belə tamaşa (balet) qoyulması təcrübəsi var. Həmsöhbətimiz Qobustan haqqında eşitdiyini, amma ətraflı bilgisi olmadığını deyincə hədiyyə olaraq apardığımız nəfis tərtibatlı, bir neçə il öncə Mədəniyyət Nazirliyinin iştirakı ilə nəşr olunanQobustan – minilliklərin kitabı” (rus dilində) lap yerinə düşdü. Xanım Zoteyeva kitabla yaxından tanış olacağını və Bakıya səfəri zamanı imkan olarsa, bu məkanı ziyarət edəcəyini dedi.

 

Vüqar ƏLİYEV

 

Mədəniyyət.- 2018.- 10 oktyabr.- S.1;5.