Bu il ədəbiyyat
üzrə Nobel mükafatı niyə
verilmədi?
Bu il ədəbiyyat üzrə Nobel mükafatının laureatı elan edilmədi. İkinci Dünya müharibəsindən sonra ilk dəfə belə hal baş verir. O vaxt İsveç (mükafatı İsveç Akademiyasının jürisi verir) də daxil bütün Avropa müharibəyə cəlb olunduğu üçün mükafat verilməmişdi, bu dəfə isə səbəb İsveç Akademiyasındakı böhrandır. Akademiyanın sədri vəzifəsini icra edən Anders Olson bildirib ki, ictimaiyyətin etibarını qazanmaq üçün bizə zaman lazımdır.
Ədəbiyyat üzrə Nobel mükafatı 1901-ci ildən verilir. İndiyədək bu mükafata layiq görülənlərin sayı 114 nəfərdir. Bu il isə İsveç Akademiyasının 18 üzvündən anacaq 10-u iş başındadır və mükafatçını müəyyənləşdirmək üçün jüridə, necə deyərlər, yetərsay (kvorum) yoxdur. Yazıçılar Klas Osterqren, ədəbiyyatşünas Çell Espmark, tarixçi Peter Enqlund, tarixçi-yazar Sara Stridsberq akademiya üzvlüyündən istefa veriblər.
Akademiyanın nizamnaməsinə əsasən, üzvləri ömürlük seçilir, yəni onlar akademiyadan ayrıldıqdan sonra da, dünyalarını dəyişənədək yerləri boş qalır. Yalnız onlar vəfat edəndən sonra boş qalan yerə namizəd elanı verilə bilər. Bunun üçünsə akademiyadan 12 səsin olması vacibdir.
Akademiklərin niyə istefa verməsi də maraqlıdır. Bu məşhur İsveç fotoqrafı və rejissor Jean-Claude Arnaud ətrafında baş verən qalmaqalla bağlıdır. Arnaudun həyat yoldaşı, şairə və dramaturq Katarina Frostenson akademiyanın üzvüdür. İndi isə məlum olur ki, onun bəzi layihələri Nobel Fondundan maliyyələşdirilib, yəni həyat yoldaşı tərəfindən təmin edilir. O həm də həyat yoldaşı ilə birgə akademiyadan subsidiyalar aldıqları mədəniyyət mərkəzinin ortağı olduğu üçün maliyyə məsələləri çoxlu suallar doğurur.
Aprel ayının əvvəlində Frostensonun akademiyada qalması ilə bağlı məsələ qaldırılanda əksəriyyət bunun əleyhinə səs verdi. Daha sonra Katarina Frostenson özü akademiyadan təqaüdə çıxdığını elan etdi, ardınca tərəfdarları da istefa verdilər.
Qeyd edək ki, İsveç Akademiyasının tənqid hədəfinə çevrilməsi heç də ilk hal deyil. Belə ki, əgər əvvəllər söhbət laureatların qeyri-obyektiv seçimi ilə bağlı idisə, bu dəfə də məsələ daha geniş miqyasda diqqət çəkib. Ədəbiyyat üzrə 2018-2019-cu illər üçün Nobel mükafatı laureatının adı isə, yəqin ki, gələn il məlum olacaq.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 12
oktyabr.- S.8.