“Zaman içində”
layihəsinin təqdimatı
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Könül Rəfiyevanın “Zaman içində” kurator layihəsinin təqdimatı olub. Müsəlman Şərqində ilk dəfə qadınlara səsvermə hüququ vermiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə reallaşan layihə bütün zamanlarda ilham mənbəyi olan Azərbaycan qadınının parlaq obrazını təcəssüm etdirir.
Layihə çərçivəsində fotoqraf-rəssam Rüstəm Hüseynovun ölkənin mədəni və ədəbi irsində əhəmiyyətli izlər qoymuş Azərbaycan qadınlarının tarixi obrazlarını əks etdirən fotoportretləri təqdim olunub. “Zaman içində” klassik ədəbiyyatımızın nümayəndələri Xurşudbanu Natəvan, Heyran xanım, Qəmər bəyim Şeydanın iştirak etdikləri ənənəvi ədəbi məclislərin Məhsəti Gəncəvi, Raziyə Gəncəvi və digər söz ustalarının şeirlərinin səslənməsi ilə müasir zamana uyğun formada interpretasiyasıdır.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova qonaqları və tədbir iştirakçılarını salamlayıb. Sonra Könül Rəfiyeva poetik ifa tərzini milli geyimli qızların fotoportretləri ilə tamamlayan layihənin konsepsiyasından bəhs edib.
Gecənin musiqili hissəsində azərbaycanlı ifaçı, “The Voice” musiqi teleşousunun fransız versiyasının iştirakçısı Araz Hümbətli gitarada “Sarı gəlin” xalq mahnısını ifa edib.
Tədbirin aparıcısı, sənətşünas Rafael Gülməmmədov görkəmli şairələrin Azərbaycan ədəbiyyatı, incəsənəti və sosial həyatda rolundan, həmçinin onların mənəvi aləmi və poetik istedadından danışıb.
Əməkdar artist Elşən
Rüstəmov, şairələr Ülviyə Axundova və İrina Şipilova Azərbaycan, rus,
ingilis dillərində şeirlər
söyləyiblər.
Mədəniyyət.- 2018.- 12
oktyabr.- S.4.