Cənnət məkan Şuşada
yaşamağı seçmişdi...
Türk əsilli Qacarlar soyundan görkəmli tarixi şəxsiyyətlər və hərbçilər yetişib. Bu sülalənin nüfuzlu simaları arasında siyasi xadim, sərkərdə və tarixə dair təzkirələr müəllifi, taleyini Şuşa şəhərinə bağlayan Bəhmən Mirzə Qovanlı-Qacarın (1811-1884) adı hörmətlə çəkilir.
...İran-Rusiya müharibəsi başa çatdıqdan (1826-1828) sonra şahzadə Abbas Mirzə Yəzd və Kirman şəhərlərində baş qaldıran üsyanları yatırır. Daha sonra Fətəli şahın göstərişi ilə Herata doğru hərəkət edərək oranı mühasirəyə alır. Şəhərin alınmasına az qalmış Abbas Mirzə bərk xəstələnir. Məşhədə qayıtmaq məcburiyyətində qalır. Vəziyyətinin pisləşdiyini hiss edir və qaimməqamı (qəza rəisi) yanına çağırır. Vətən qarşısında öz vəzifəsini yerinə yetirə bilmədiyinə təəssüf edərək deyir:
“- İndiyə qədər mənə hər cür fədakarlıq göstərmisən. Əminəm ki, bundan sonra da xidmətini tamamlayıb Məhəmməd Mirzəni şahlığa çatdıracaqsan.
- Qaimməqam fikrə gedir və deyir:
- ... Məhəmməd Mirzə mənimlə düz gəlmir.
Abbas Mirzə oğlunu yanına çağırtdırıb
deyir:
- Yanımda hər ikiniz bir-birinizə xəyanət etməyəcəyinizə
and için!
Onlar hər ikisi bir-birlərinə sədaqətli olacaqlarına
and içirlər. Qaimməqama “artıq ölümdən
qorxmuram, rahat öləcəyəm!” - deyən Abbas Mirzə 46 yaşında
(1833) gözlərini əbədi
yumur.
Bir il sonra
(1834) Fətəli şah
da vəfat edir. Abbas Mirzənin oğlu
Məhəmməd Mirzə
şah taxtında oturur. Özündən
kiçik qardaşı Bəhmən
Mirzə Qacar isə Azərbaycanın hakimi, eyni zamanda
İran ordusunun baş komandanı olur. Ancaq işlər belə
çox davam etmir. Saray fitnə-fəsadları baş qaldırır.
Vəzir
Hacı Ağası xan Bayatın təhriki ilə qardaş qardaşa qarşı çıxır.
Hətta
onun gözünü çıxartdırmaq qərarına
gəlir. Vəziyyətin belə ciddi olduğunu görən Bəhmən Mirzə Qacar rus səfirliyinə
müraciət edib sığınacaq istəyir.
Gizlin dəniz yolu ilə Lənkərana gəlir. Oradan da Tiflisə
gedir. Rus hökuməti onu
şərəf və
dəbdəbə ilə
qarşılayır, şaha
layiq təqaüd kəsir. Çarlığın istənilən yerində
yaşamaq hüququ verir. O da
Azərbaycanın cənnət
guşəsi Şuşada
yaşamaq istədiyini
bildirir. 1851-ci ildə öz ailəsi və yaxın əhatəsi ilə birlikdə Şuşaya köçür.
Bəhmən Mirzə Rusiyanın
ən yaxşı imtiyazlı məktəblərində
oğlanlarına və
nəvələrinə təhsil
verir. Özü
isə siyasətdən
uzaqlaşır, tarixə
dair “Təzkireyi-Məhəmmədşahi”
və “Şükürnameyi-Şahənşahi”
adlı əsərlərini
yazır...
Bəhmən Mirzənin oğullarının
əksəriyyəti hərbçi
olub. I Dünya müharibəsi ərəfəsində
onların arasından
yüksək çinli
zabitlər çıxıb.
Əmir Kazım Mirzə Qacar (1853-1920) və Amanulla Mirzə Qacar (1862-1937)
general, Seyfulla Mirzə
Qacar (1864-1926) və Məhəmməd Mirzə
Qacar (1872-1920) polkovnik,
Port-Arturun müdafiəsi
zamanı ağır yaralanan Əliqulu Mirzə Qacar (1854-1905) rus ordusunun podpolkovniki
rütbələrini almışlar.
Böyük qızı
Dilşad xanım imperatriçənin saray xanımı adına
layiq görülüb...
Onu da qeyd edək
ki, Şamaxıda şair Xaqani Şirvanin əmisi Ömər Kafiyəddinin
(XII əsr) Marağada
məşhur astronom Nəsrəddin Tusinin (XIII
əsr), Təbrizdə
tanınmış alim
və dövlət xadimi Rəşidəddin Fəzlullahın (XIII-XIV əsrlər),
Ərdəbildə Şah
İsmayıl Xətainin
(XV-XVI əsrlər) kitabxanaları
zamanında necə məşhur idisə, Şuşada da XIX əsrin II yarısında
Bəhmən Mirzə
Qacarın kitabxanası
şöhrət qazanmışdı.
Bütün bunlar eyni zamanda Azərbaycanın kitab (sistemli əlyazma) mədəniyyətinin
qədim və zəngin olduğunun göstəricisidir.
Mənbələrdə o da bildirilir ki, Bəhmən Mirzə Qacar Şuşaya köçəndə özü ilə 95 dəvə yükü qiymətli əlyazma və kitab gətiribmiş. Bəhmən Mirzə Qacar kitabsevərlər arasında ən çox kitab nişanı (ekslibris) olan şəxsdir. Onun bizim dövrə 9 kitab nişanı gəlib çatıb.
Şuşada dünyasını dəyişən Bəhmən Mirzənin xatirəsi onun əsərlərində, Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstanın muzey və kitabxanalarında yer almış kitablarında, habelə zəngin kolleksiyasına məxsus tətbiqi sənət əşyalarında yaşamaqdadır.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2018.- 12
oktyabr.- S.6.