Maarif təşnəsi
İlk ali təhsilli
qadınlarımızdan Sona
Axundova-Qarayevanın 120 illik yubileyinə həsr
edilən kitabın təqdimatı keçirildi
Oktyabrın
16-da Qara Qarayevin ev-muzeyində Azərbaycanın ötən əsrdə
ilk ali təhsilli qadınlarından biri olmuş Sona
Axundova-Qarayevanın 120 illik yubileyinə həsr edilmiş
kitabın təqdimat mərasimi keçirildi.
Təqdimatda çıxış edən kitabın tərtibçisi Səlim Babullaoğlu bildirdi ki, 1974-cü ildə nəşr olunan “Azərbaycanın aşıq və şair qadınları” kitabında Sona Axundova-Qarayevanın “Vətən” adlı şeiri də verilib. Şeirdə çox təsirli misralar var:
Olmaram razı əgər cəhldə qalsa vətənim,
Vətənim qalsa əgər cəhldə yansın bu tənim...
Bu şeirlə ötən əsrdə Sona xanımın xalqımızın maariflənməsinə nə qədər böyük ürək yanğısı ilə yanaşdığının şahidi oluruq.
Qeyd olundu ki, Sona xanımın atası İsgəndər Mirzə Əbdülhüseyn bəy oğlu Axundov 1862-ci ildə Şamaxı şəhərində anadan olub. Molla yanında ibtidai təhsil alıb, sonra gimnaziyada oxuyub. Tanınmış vəkil, həm də “İttihad” partiyasının üzvü olub. Züleyxa xanım Bayraməlibəyova ilə ailə qurub. Aslan və Əjdər bəy adlı oğlanları, Sona, Ceyran və Leyla xanım adlı qızları dünyaya gəlib. İsgəndər bəy 1934-cü ildə vəfat edib.
Sona xanım 1898-ci ildə Bakı şəhərində anadan olub. On üç yaşında valideynləri onu Bakı Şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə qoyurlar. Bu məktəbi bitirib “Müqəddəs Nina” məktəbinin Bakı bölməsində təhsilini davam etdirir. O daha sonra fortepiano ifaçılığı üzrə musiqi təhsili də alır...
Təqdimatda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar vurğuladı ki, tədbirin Qara Qarayevin ev-muzeyində keçirilməsinin özü simvolik məna daşıyır: “Sona xanım bu evdə vətən üçün layiqli övladlar böyüdüb, şərəfli bir qadın ömrü yaşayıb. Dövrünün tanınmış müəllimlərindən olan Şəfiqə Əfəndiyevadan dərs alan Sona xanım sonradan müəlliminin əməllərinin davamçısı olaraq vətəni cəhalətdən qurtarmaq üçün mübarizə aparan xanımlardan biri kimi tanınıb. O, Azərbaycan elmi və mədəniyyətinin fəxri olan Mürsəl və Qara Qarayevləri yetişdirib”.
Daha sonra Anar Azərbaycan yazıçılarının Qara Qarayev haqqında məqalələrindən ibarət kitabı bəstəkarın ev-muzeyinə hədiyyə etdi.
Xalq artisti, kinorejissor Oqtay Mirqasımov xalası Sona xanımla bağlı xatirələrini bölüşdü: “Bu evdə uşaqlığımla bağlı saysız-hesabsız xatirələrim var. Sona xalam çox gözəl yeməklər bişirərdi. O qədər maraqlı və şirin yumorla bizi dindirərdi ki, onunla söhbətdən zövq alardıq. Onu həmişə kübar xanım kimi xatırlayıram. Bəzən bizə elə gəlir ki, ziyalı təbəqəmiz bu gün yetişir. Lakin ötən əsrdə bizim qüdrətli ziyalılarımız olub və onların bir-birinə münasibəti bu gün nümunədir”.
Təqdimatda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Sona xanımın yaşadığı evdə onun xatirəsini yad etməyə gələn hər kəsə təşəkkür etdi. Bildirdi ki, tədbirdə xaricdən də qonaqlar iştirak edir. Mədəniyyət insanları birləşdirir. Bu gün İsveçdən gələn nümayəndə heyətinin tərkibində Qara Qarayevin qardaşı oğlu Cahangirin tələbəsi də var. İnsanlar mədəniyyətin müxtəlif sahələri ilə ölkələrini təmsil edir, körpü yaradırlar.
Sona xanım haqqında xatirələrini bölüşən nazir dedi: “Nənə hər bir şəxsin həyatında əziz insandır. Sona xanım çox incə, təmkinli, heç vaxt öz emosiyalarını büruzə verməyən qadın idi. Onun evdə, ailədə böyük nüfuzu vardı. Heç kim onun sözündən çıxmazdı. Atam, anam, əmim həmişə onu dinləyərdilər. Sona xanım təhsilin, savadın dəstəkçisi idi. Ailədə dərs buraxan hər kəsin “cəza”sı var idi. Bu “cəza” dadlı yeməklərdən məhrum olmaqla nəticələnirdi. O, hər zaman uşaqların xoşbəxtliyi üçün çalışırdı. Kitabın tərtibçisi Səlim Babullaoğluna təşəkkür edirəm. Sona xanım haqqında çoxsaylı məqalələr yoxdur. Lakin yazılanları xatirə şəklində toplayıb təqdim etmək təşəbbüsü də böyük əhəmiyyət kəsb edir”.
Təqdimat mərasimi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin konsert proqramı ilə davam etdi.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan kitab M.F.Axundzadə adına Milli Kitabxananın iştirakı ilə ərsəyə gəlib. Tərtibçisi və redaktoru Səlim Babullaoğlu olan kitabda professor Şamil Qurbanov, Əməkdar jurnalist Flora Xəlilzadə, eləcə də Savalan Fərəcov və Aytən Qəhrəmanovanın məqalələri yer alıb. Nəşrdəki materiallar Azərbaycan, rus və ingilis dillərində verilib.
Kitabın üz qabığında Xalq rəssamı Arif Hüseynovun “Gənc Sona xanımın portreti” əsərindən istifadə olunub. Təqdimatda çıxış edən Arif Hüseynov portretin orijinal nüsxəsini Qara Qarayevin ev-muzeyinə hədiyyə etdi.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 17 oktyabr.-
S.2.