Frankfurtda beynəlxalq kitab yarmarkası başa çatıb

 

 

 

Ölkəmizin stendində təqdimat və görüşlər keçirilib

 

Almaniyanın Frankfurt şəhərində keçirilən (10-14 oktyabr) sayca 70-ci beynəlxalq kitab yarmarkası sona çatıb. İştirakçı və ziyarətçi sayına görə dünyada bu qəbildən  ən böyük tədbir sayılan Frankfurt kitab yarmarkasında ölkəmiz də hər il təmsil olunur. Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Xatırladaq ki, yarmarkanın ilk günü ölkəmizin stendində Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdi.

Sərginin ikinci günündə Azərbaycan stendində Mədəniyyət Nazirliyinin və ölkəmizin Almaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə alman publisist-tərcüməçi Hayke Maria Yohenninqin müəllifi olduğuArchitekturführer Baku” (“Bakının arxitektura bələdçisi”) kitabının təqdimatı keçirilib.

Kitab haqqında ətraflı məlumat verən Hayke Maria Yohenninq bildirib ki, “Bakının arxitektura bələdçisi”ndə şəhərin memarlığının qısa tarixçəsi və müxtəlif memarlıq üslublarından bəhs olunur, eləcə də 100-dən artıq bina və abidə haqqında məlumat verilir. Kitabda Bakının arxitekturası aşağıdakı dövrlər üzrə təsnif edilir: 1806-cı ilədək olan dövr, 1806-1917-ci illər, 1917-1950, 1950-1991 və 1991-ci ildən sonrakı dövr. Kitab Berlində, “DOM Publishers” nəşriyyatında çap olunub. Müəllif kitabın 1000 ədəd tirajla nəşr olunduğunuonun almandilli ölkələrdə böyük maraqla alındığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kitabın əhəmiyyətindən bəhs edib, xanım Hayke Maria Yohenninqə öz təşəkkürünü bildirib.

Hayke Maria Yohenninq həmçinin “Bakı şəhərinə səyahət” kitabının müəllifidir.  Bu kitabın da nəşri gözlənilir.

* * *

Frankfurt kitab yarmarkası kitab nəşri və təbliği, işgüzar əlaqələrin qurulması üçün mühüm bir fürsətdir. Azərbaycandan sərgiyə qatılan “Şərq-Qərb”, “Qələm”, “Radius”, “Bərəkət” və s. nəşriyyatların təmsilçiləri də tədbir çərçivəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Xarici iştirakçıların və ziyarətçilərin diqqətini cəlb edən Azərbaycan stendində sərginin üçüncü günündə Almaniyanın Höte Universitetinin Kampuservis Akademiyasının müəllim və tələbələri ilə görüş keçirilib.

Tədbirin əvvəlində Maynz-Azərbaycan Cəmiyyətinin sədr müavini Kayhan Kömür qonaqları salamlayıb, Azərbaycanın milli mədəni dəyərləri,  bu gün ölkədə bütün sahələr üzrə həyata keçirilən innovativ layihələr barədə geniş məlumat verib. O, “Fərqliliyimiz zənginliyimizdir” şüarını əsas gətirərək, Azərbaycanın nümunəsində fərqli mədəniyyətlərin və fərqli dinlərin sülh şəraitində yanaşı yaşamasının və inkişaf etməsinin vacibliyini vurğulayıb.

Tədbir boyunca qonaqların Azərbaycanla bağlı sualları cavablandırılıb.

Sonda qonaqlara Azərbaycan Tərcümə Mərkəzinin alman dilində nəşr etdirdiyiSirr” (Azərbaycan hekayələri) kitabı hədiyyə edilib. Azərbaycan Tərcümə Mərkəzindən verilən məlumata görə, 2018-ci ildə Berlində işıq üzü görmüş kitabda Azərbaycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla, Etimad Başkeçid, Orxan Fikrətoğlu kimi tanınmış simalarının hekayələri toplanıb. Hekayələri alman dilinə alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, ValtrautVolfram Şröderlər çevirib.

 

Mədəniyyət.- 2018.- 17 oktyabr.- S.4.