Nizaminin “İsgəndərnamə”si
özbək dilində
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının birinci hissəsi olan “Şərəfnamə” Daşkənddəki “Zamin Nashr” nəşriyyatında özbək dilində çap edilib.Bundan əvvəl isə “İqbalnamə” ayrıca kitab halında çap olunmuşdu.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və layihəsi ilə çap olunan əsəri Özbəkistanın Xalq şairi Camal Kamal tərcümə edib.
Kitabın layihə rəhbəri AMM-in direktoru Samir Abbasov, məsul redaktor və ön sözün müəllifi professor Nurboy Jabborov, redaktoru dosent Gülbahar Aşurova, tərtibçisi filologiya elmləri namizədi Kərimulla Məmmədzadədir.
Camal Kamalın tərcüməsində Nizaminin “Sirlər xəzinəsi” və “Leyli və Məcnun” poemaları da özbək dilində çap olunub. O, həmçinin böyük şairin “Xosrov və Şirin” və “Yeddi gözəl” poemalarını özbək dilinə tərcümə edib və çapını gözləyir.
AMM-in çap etdirdiyi kitablar, o cümlədən “Xəmsə”yə daxil olan əsərlər Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilib və bu iş davam etdiriləcək.
Mədəniyyət.- 2018.- 17
oktyabr.- S.6.