Türkiyəli qonaq Qobustan qoruğunda olub
Ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyəti sayıştay (Hesablama Palatası) başqanı Seyit Ahmet Baş oktyabrın 12-də Qobustan Milli Tarixi-Bədii Qoruğunu ziyarət edib.
Qonağı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov müşayiət edib.
Qonaqlar əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıblar. Məlumat verilib ki, Qobustan qayaüstü rəsmləri açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidəki Daş dövründən Son Orta əsrlərə qədər həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.
Qeyd olunub
ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin
geniş təbliğinin xüsusi
əhəmiyyətini nəzərə alan
Prezident İlham
Əliyevin sərəncamı ilə qoruq
muzeyi üçün
yeni bina tikilib. Diqqətə çatdırılıb
ki, dünya əhəmiyyətli
tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə
UNESCO-nun Dünya İrs Siyahısına daxil
edilib.
Mədəniyyət.- 2018.- 17
oktyabr.- S.6.