Şarl de Qollun
“Koroğlu” sevgisi
Bir əsərin
tarixçəsi
İlk tamaşası Bakıda 1937-ci ilin 30 aprelində
göstərilən Üzeyir Hacıbəylinin “Koroğlu”
operasının o vaxtdan bu günümüzə kimi milyonlarla
tamaşaçısı olmuşdur. Premyeradan 7 il
sonra – bütün dünyanın faşizmlə mübarizə
apardığı illərdə isə ona Fransanın gələcək
prezidenti olacaq Şarl de Qoll baxmışdır. Özü də
Azərbaycanda! Bugünkü söhbətimiz də
elə həmin hadisənin bədiiləşdirildiyi rəngkarlıq
tablosu barədədir.
Müəllifi çoxlarına bəlli olmayan “Şarl
de Qoll və Üzeyir Hacıbəyli “Koroğlu”
tamaşasında. Bakı, 1944-cü il” adlı rəngkarlıq
əsəri haqqında söz açmaqda məqsədimiz həm
də əsl dostluğun nələrə qadir olduğunu
xatırlatmaqdır.
Zamanında
bu əsərin yaradılması təşəbbüsü ilə
Ü.Hacıbəylinin Bakıdakı ev-muzeyinin direktoru Ramazan Xəlilov
çıxış etmişdi. O, 1975-ci ildən fəaliyyət
göstərən muzeyin ekspozisiyasını dahi bəstəkarın
həyat və yaradıcılığının müxtəlif
səhifələrinə işıq sala biləcək təsviri
sənət əsərləri ilə zənginləşdirmək
istəyində idi. Yeni əsərlərin
yaradılması məqsədilə bir neçə rəssam
və heykəltəraşla razılıq da əldə
olunmuşdu. Onlardan biri də görkəmli
ziyalılarımızın həyatı ilə bağlı
maraqlı tablolar yaratmaqda zəngin təcrübəsi olan
Ənvər Əliyev (1944-2003) idi.
Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyində
nümayiş olunan bu tablonu rəssam 1991-1992-ci illərdə
işləyib.
Adından da göründüyü kimi,
ölçü baxımdan elə də böyük olmayan
tabloda azərbaycanlı rəssam fransalı qonağın dahi
bəstəkarla birlikdə onun əsərini seyr etməsinə
bədii görkəm vermişdir.
Amma təkcə elə əsərin adının suallar
doğurması danılmazdır. Söhbət
doğrudanmı məşhur Şarl de Qolldan (1890-1970) gedir?
Görəsən, İkinci Dünya müharibəsinin
ağır vaxtlarında onun Bakıda nə işi vardı?
Onu Azərbaycana bağlayan nə idi?
Sayının artırıla biləcəyi bu sualların isə
yalnız bir cavabı var: bəli, söhbət sonralar
Fransanın prezidenti olmuş Şarl de Qoldan gedir və onun Azərbaycana
gəlməsinin, Ü.Hacıbəyli ilə ünsiyyət
qurmasının da səbəbkarı vardır. Məsələyə
aydınlıq gətirmək üçün bir qədər
geriyə - ötən əsrin qırxıncı illərinə
qayıtmağa məcburuq...
Söhbətimizi səbəbkarla tanışlığa
yönəltsək, öncə, Şəkinin Oxud kəndində
yaşayan 21 yaşlı Əhmədiyə Cəbrayılovun
1941-ci ilin yayında cəbhəyə gedən
könüllülərin sırasında olduğunu deməliyik. Bir müddət
sonra Əhmədiyyə aviasiya məktəbində təhsil
almaqla düşmənlə mübarizəyə
qatılır. Bir çox uğurlu
döyüşlərdən sonra 1942-ci ildə Kursk ətrafında
təyyarəsi vurulur və o, əsir düşür.
Müxtəlif həbs düşərgələrində dəfələrlə
ölümlə göz-gözə qalan Əhmədiyyəni
tale Fransaya gətirib
çıxarır. 1943-cü ildə
oradakı həbsxana komendantının qulluqçusunun
köməyi ilə əsirlikdən xilas olur və Fransa
Müqavimət hərəkatına qoşulur. Qısa müddətdə müxtəlif əməliyyatlarda
göstərdiyi igidliklər onu məşhurlaşdırır
və almanlar hətta “Armed Mişel” kimi tanınan azərbaycanlı
partizanın başına 10 min alman markası mükafat təyin
edirlər.
Fransa partizanları arasında artıq duyulası
nüfuz sahibi olan Əhmədiyyə Cəbrayılov
1944-cü ilin 22 avqustunda azad olunmuş Parisdə Fransa
Müqavimət hərəkatının rəhbəri general
Şarl de Qolla görüşür və bu
tanışlıq onların dostluğuna çevrilir. Həmin
vaxtlarda Əhmədiyyənin Şarl de Qollun iştirak etdiyi
bütün tədbirlərə qatılması da onların
münasibətinin hər ikisi üçün böyük
önəm kəsb etməsindən xəbər verir.
Zamanında Əhmədiyyə Cəbrayılov mətbuata
açıqlamasında bu tanışlığı belə
nəql etmişdi: “Mən bəstəboy, arıq bir oğlan
idim. Partizanlara qoşulandan sonra aylarla onlar məni
sınadılar. Saysız-hesabsız əməliyyat
tapşırıqlarına gedərək partizanların rəğbətini
qazanmağa nail oldum. Həmişə
başıma fransız kepkası qoyardım ki, sadə
fransızlardan seçilməyim. Bir
gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi
oldum. De Qoll hansısa bir ərəfədə qabağa
keçərkən ona dedim ki, sən keç arxaya və
özüm qabağa getdim. De Qoll dedi ki, niyə belə edirsən?
Cavab verdim ki, əgər səni vursalar, bütün
Fransa partizanları, müqavimət hərəkatı
başsız qalacaq, əgər məni vurası olsalar,
heç bir qorxusu yoxdur”.
Bu açıqlamaya onu əlavə edək ki, de Qoll
Əhmədiyyənin bu sədaqətindən, cəsarətindən
vəcdə gəlir və onların birgə əməliyyatları
həmin gün uğurla başa çatır. Onların əsl
dostluqlarının təməli də elə o gün qoyulur.
Sonralar saysız-hesabsız döyüş
tapşırıqlarını yerinə yetirən Əhmədiyyə
1945-ci ilin mayında birinci fransız ordusunun tərkibində
döyüşlərə qatılır. Müharibədən
sonra Fransada qalan partizan burada ailə həyatı qursa və
iki övlad atası olsa da, Dijonda adına dövlət
avtomobil zavodu fəaliyyət
göstərsə və de Qoll bundan əlavə ona mükafat və var-dövlət təklif
etsə də, o, vətənə - Şəkiyə
qayıtmaq qərarına gəlir. Heç kim,
hətta Şarl de Qoll da onu bu fikrindən daşındıra
bilmir. Ayrılıq məqamının yetişdiyinin
qaçılmaz olduğunu görən general dostunun şərəfinə
vida mərasimi təşkil edir və buradakı
çıxışında “Müqavimət hərəkatında
iştirak edən qafqazlılar faşizmə qarşı
döyüşlərdə həqiqi qəhrəmanlıq göstərmişlər”
sözlərini deyir...
Nəhayət, 1946-cı ilin 25 noyabrında “Armed
Mişel” ləqəbli Əhmədiyyə Cəbrayılov
SSRİ-yə qayıdır. Burada onu “vətən
xaini” kimi qəbul edirlər və mükafatlarının bir
hissəsini də əlindən alırlar. Tezliklə
sovet həyat tərzinə alışan Fransa qəhrəmanı
Gəncə Kənd Təsərrüfatı İnstitutunda
yarımçıq qalmış təhsilini tamamlayandan sonra
ömrünün sonuna qədər Şəkidə aqronom vəzifəsində
çalışmışdır...
Oxuduqlarınızdan sonra yazının əvvəlində
adını çəkdiyimiz tabloya və Şarl de Qollun
SSRİ-yə gəlişi ilə bağlı hadisələrə
qayıtmağa ehtiyac duyuruq. Fransa Müvəqqəti
hökumətinin rəhbəri Şarl de Qoll birinci dəfə
Bakıya 1944-cü ilin 27 noyabrında gəlib. İran ərazisindən keçməklə Moskvaya
İ.V.Stalinlə görüşə gedən general bir həftə
Bakıda – Qız qalasının
yaxınlığındakı məşhur “Hacınskinin
evi”ndə qalıb. O, şəhərlə tanış olandan sonra respublika rəhbərinə
“Koroğlu” operasına baxmaq istədiyini bildirir. Bundan sonra M.C.Bağırov Ü.Hacıbəylini
yanına çağırıb, ona fransalı generalın
arzusunu çatdırır. Bu zaman
Üzeyir bəy operanın hansı dildə səsləndiriləcəyini
soruşur. M.C.Bağırov isə “Bura Azərbaycandır
və təbii ki, opera da Azərbaycan dilində səsləndiriləcək”
deyir. Və məşhur “Koroğlu”
operasını de Qoll, Stalindən fərqli olaraq, Azərbaycan
dilində dinləyir.
Fransalı
qonağın Bakıda keçirdiyi günlərdən
söz açan tədqiqatçılar onun “Koroğlu”
operasına baxış zamanı operanın müəllifi
Üzeyir bəylə tanış
olduğunu bildirirlər. Elə rəssam Ənvər
Əliyevin çəkdiyi tabloda da həmin məqam öz əksini
tapıb. Dahi bəstəkar operasının məzmununu
de Qolla izah etmək istərkən o, “Koroğlu” dastanı ilə
tanış olduğunu bildirir. Rəssam bu
tarixi görüşün təbiiliyinə nail olmaq
üçün generalla bəstəkarı lojada təsvir
etmiş və səhnənin də bir hissəsini kompozisiyaya
daxil etməklə hadisənin məkan konkretliyini əyaniləşdirmiş
olmuşdur. Rəng təzadları ilə məkandakı
işıqlandırmanın özünəməxsusluğunu
qabardan rəssam, bununla da teatrla bağlı
görüntünün reallığına nail olmuşdur...
Səmimi keçən görüşdə qonaq
tamaşadan məmnun olduğunu söyləyir. Həmçinin
de Qoll ötən əsrin əvvəllərində Fransa mətbuatında
tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin
təbliği ilə bağlı danılmaz fəaliyyət
göstərən Ceyhun bəy Hacıbəyli barədə
Üzeyir bəylə danışır. Onun sayəsində
1925-ci ildə bəstəkarın “Arşın mal alan” operettasının fransız dilinə
çevrilərək Parisdə tamaşaya qoyulması barədə
də bilgili olduğunu qeyd edir. Daha sonra onlar
birgə foto çəkdirirlər.
De Qoll Bakı ilə yaxından tanışlıqdan
sonra xüsusi qatarla Moskvaya yola düşmüşdür. Onun Bakı
barədə maraqları o qədər çox olur ki, yenidən
bura gəlmək barədə Stalinə müraciət edir və
növbəti gəlişində yenə də “Hacınskinin
evi”ndə yaşayır. Burada qısa
müddət qalandan sonra isə Türkiyəyə gedir.
Şarl de Qoll sonuncu dəfə 1958-ci il
iyunun 10-da Fransa neftçilərinin nümayəndə heyəti
ilə Azərbaycana səfər edib...
Şarl de Qoll - Əhmədiyyə Cəbrayılov
münasibətlərinin ən maraqlı səhifəsi isə
1966-cı ildə yaşanıb. Həmin ildə
Moskvaya rəsmi səfərə hazırlaşan Fransa
prezidenti aeroportda onu qarşılayanların sırasında SSRİ
vətəndaşı olan və Azərbaycanda yaşayan Armed
Mişelin də olmasını istədiyini bildirib. Moskvada və Bakıda “Armed Mişel”in kimliyindən
xəbərsiz olduqlarından onu tapmaq elə də asan olmur.
Nəhayət, gərgin axtarışlardan sonra
onu Şəkinin Oxud kəndində tapıb, Moskvaya dostunu
qarşılamağa göndərirlər. Şarl de Qoll Moskvada SSRİ rəhbərlərinin
iştirakı ilə keçən məclislərin birində
azərbaycanlıların şərəfinə badə
qaldırır. Sağlıq söyləyərkən
qeyd edir ki, partizanlıq etdikləri vaxt Əhmədiyyə ilə
barmaqlarını çərtərək qədim əyyamların
adət-ənənəsinə uyğun qanlarını birləşdirib
qan qardaşı olublar. Əhd-peyman
bağlayıblar ki, heç bir zaman bir-birini unutmayacaqlar.
General son cümləsində, sovet rəhbərlərini riqqətə
gətirəcək bir söz də deyir: “Mən bu Azərbaycan
oğluna görə SSRİ ilə Fransanın
yaxınlaşmasına qərar verdim”.
Əlavə edək ki, bütün bu baş verənlər Əhmədiyyə Cəbrayılovun həyatında duyulası dəyişikliklərin baş verməsini şərtləndirir. 1968-ci ildə “vətən xaini” adı onun üstündən götürülür və bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur.
Ona 1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strasburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir.
1976-cı ildə isə müharibədəki iştirakına görə o, “Oktyabr İnqilabı” ordeni ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.
1986-cı ildə Əhmədiyyə Cəbrayılov Fransanın “Müharibə xaçı”, “Hərbi şücaət xaçı”, “Fransa Müqavimət hərəkatı” və “İgidliyə görə” medallarına layiq görülür. 1990-cı ildə Şarl de Qollun 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət edilir. 1994-cü il 6 yanvarda “Front National”ın nümayəndəsi Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir. Elə həmin ildə məşhur partizan dünyasını dəyişmişdir...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi
Mədəniyyət.- 2018.- 17
oktyabr.- S.6.