“Yaratdığı obrazlara
öz nəfəsini verirdi...”
Xalq artisti İlham
Əsgərovun 60 illiyi
qeyd olundu
Sənət adamları var ki, sadəcə, özləri üçün
yaşayıb unudulurlar. Amma insanlar
da var ki,
həyatda çox yaşamırlar, ancaq dərin iz qoyur,
heç vaxt unudulmurlar. İlham Əsgərov belə
sənətkarlardan idi.
O, fikirləri, əməlləri,
əxlaqı ilə yaddaşlarda qalıb. O, təkcə teatrda və filmlərdə oynadığı rolları
ilə deyil, eyni zamanda öz
səsinin qüdrəti
ilə bədii qiraətçi kimi də tamaşaçıların
sevgisini qazanmışdı.
Bu fikirlər oktyabrın 11-də
Akademik Milli Dram Teatrında mərhum aktyor, Xalq artisti
İlham Əsgərovun
60 illiyinə həsr olunan tədbirə qatılanların hər birinin qəlbindən gələn səmimi sözlər idi. 35 il səhnəsində
ağlayıb-güldüyü, sevə-sevə obrazlar yaratdığı doğma
teatrı bu gün onun xatirəsinin
işığına qərq
olmuşdu.
Tədbir
Mədəniyyət Nazirliyi,
Azərbaycan Teatr Xadimləri İttifaqı
və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə ərsəyə gəlmişdi. İştirakçılar
əvvəlcə Cəfər
Cabbarlı adına
Azərbaycan Dövlət
Teatr Muzeyinin arxivindən sənətkarın
həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular. İlham Əsgərov ömrünün
ən yaddaqalan və xoşbəxt anları donmuşdu bu rəsmlərdə.
Bu arada teatrın
foyesini aktyorun gur, sevgi dolu
səsi ağuşuna
alır. Vaxtilə dövlət tədbirlərində
səsləndirdiyi vətən
haqqında şeir salona yayılır və tədbirə qatılanların hüzn və sevgi dolu
alqışları aktyorun
ünvanına səslənir.
Milli Dram Teatrının
bədii rəhbər-direktoru,
Xalq artisti Azərpaşa Nemətov unudulmaz sənətkarın
yaradıcılığından, ömür yolundan söz açdı. Bildirdi ki,
İlham Əsgərov
indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin Dram və
kino aktyoru fakültəsini bitirərək
1982-ci ildən Akademik
Milli Dram Teatrında aktyor kimi fəaliyyətə
başlayıb.
Xalq artisti Hacı İsmayılov sənətkarla
bağlı xatirələrini
bölüşdü: “İlhamın
işıqlı xatirəsi
daim bizimlədir. O, cəmi 57 il
ömür yaşasa da, sənətdə öz imzasını, dəst-xəttini qoyub getdi. Səhnədə çoxsaylı qəhrəmanlar
yaradan İlham bu obrazların hər birinə öz nəfəsini vermişdi”.
Xalq artistləri
Nurəddin Mehdixanlı,
Məleykə Əsədova,
Səidə Quliyeva və başqaları aktyorun Azərbaycan teatrının inkişafında
xidmətlərindən danışıb
xatirələrini dilə
gətirdilər. Aktyoru yaxşı dost, saf insan kimi xarakterizə
edən natiqlər onun həm də
Azərbaycan ədəbiyyatının
gözəl təbliğatçısı
olduğunu vurğuladılar.
Qeyd olundu ki, “Bulaq” verilişinin
28 ili İlham
Əsgərovun adı
ilə bağlıdır.
Hər çıxışdan
sonra aktyorun rol aldığı tamaşalardan fraqmentlər,
səsində bədii
qiraət nümunələri
təqdim olunurdu.
Sonda sənətkarın
həyat yoldaşı
Yeganə Əsgərova
aktyorun xatirəsinə
göstərilən diqqətə
görə Mədəniyyət
Nazirliyinə, Teatr Xadimləri İttifaqı
və Milli Dram Teatrına təşəkkürünü
bildirdi. Qeyd etdi ki, İlham
Əsgərov xatırlananda
ürəyim, gözlərim
gülür: “Səsi
ürəklərə yatan,
sevilən aktyor idi” kimi fikirləri
eşitdikcə onun daim yaşadığını
hiss edirik. Onun xatirəsini yaşadan
sənət dostlarına
və teatra ailəmiz adından minnətdarıq”.
* * *
Həzin, sevgi dolu xatirələrdən
sonra yazıçı-diplomat
Həsən Həsənovun
əsəri əsasında
hazırlanan “Qürbətdən
gələn məktublar”
tamaşası nümayiş
olundu. Çağımızla səsləşən tamaşada M.F.Axundzadənin
obrazını vaxtilə
Xalq artisti İlham Əsgərov canlandırmışdı. İkihissəli dramın rejissoru
Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Səhnə əsərinin quruluşçu
rəssamı Əməkdar
mədəniyyət işçisi
İlham Elxanoğlu, musiqi tərtibatçısı
Həmid Kazımzadədir.
Tamaşada rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əjdər Həmidov, əməkdar artistlər Kazım Abdullayev, Elşən Cəbrayılov,
Vəfa Zeynalova, aktyor Elçin Əfəndi ifa edirdi.
Qeyd edək ki, İlham Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. Ekran və səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. Bədii qiraətçi kimi də tanınan aktyor uzun illər Azərbaycan Radiosunun məşhur “Bulaq” verilişinin aparıcılarından biri kimi dinləyicilərin rəğbətini qazanıb. Sənətkar 6 sentyabr 2015-ci ildə vəfat edib.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2018.- 17
oktyabr.- S.5.