Regional idarənin müşavirəsi bayram tədbiri

 

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib.

İdarənin rəisi Mehman Şükürov bildirib ki, hesabat dövründə uğurlarla bərabər problemlər də olub. O, şəbəkəyə daxil olan mədəniyyət müəssisələrinin, xüsusilə musiqi məktəbləri, muzey və rəsm qalereyalarında ödənişli xidmətin tətbiqinin vacibliyini vurğulayıb, klub müəssisələrində də insanların maraqlarına cavab verən ödənişli kursların sayının artırılması, eyni zamanda folklor kollektivlərinin yaradılması, sənətkarlıq növlərinin təşviqi ilə əlaqədar tədbirlərin keçirilməsi barədə tapşırıqlar verib.

Vurğulanıb ki, mədəniyyət müəssisələrinə gənc kadrlar cəlb olunmalıdır. Yeni düşüncəyə, fikrə ehtiyacımız var, yeni təkliflər verilməli, layihələr həyata keçirilməlidir.

Müşavirədə idarə rəisinin müavini İlham Əhmədov musiqi məktəblərində tarifikasiya işlərinin aparılması, müəssisələrdə daxili nəzarətin nəticələri ilə bağlı məlumat verib.

Sonra müşavirə iştirakçıları Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər Diyarşünaslıq klubu tərəfindən Müstəqillik Günü münasibətilə təşkil olunan tədbirə qatılıblar.

Tədbirdə klubun rəsm kursunun şagirdlərinin sərgisi nümayiş olunub, gənc solistlərin ifasında mahnılar səslənib, “Sazqrupunun çıxışı, “Odlar yurdu” rəqs qrupunun ifasında rəqs nömrələri izlənilib. İstedadlı uşaqlar regional idarənin fəxri fərmanları ilə təltif olunublar.

 

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.3.